Nazir müavini teatr direktorunu sərt tənqid etdi
Akademik Milli Dram Teatrında baş verən qalmaqal artıq televiziyaların efirində müzakirəyə çıxarılıb.
Sentyabrın 9-da “Xəzər” televiziyasının təqdim etdiyi süjetində teatrın direktoru İsrafil İsrafilovun belə bir çıxışı olub: “Mədəniyyət və Turizm Nazirliyi mənim işimdən razıdır. Direktor kimi müqaviləmin də vaxtı uzadılıb”.
Amma Mədəniyyət və Turizm Nazirliyinin sentyabrın 8-də keçirdiyi kollegiya iclasında müzakirə olunan məsələlər vəziyyətin bir qədər başqa cür olduğunu göstərir. AzNews.az-a daxil olan məlumata görə, sözü gedən iclas Səməd Vurğun adına Rus-Dram Teatrında baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn iclasda respublikanın bütün regionlarının teatr direktorları, baş rejissorlar iştirak edib. İştirakçılar arasında ən çox tənqid olunan isə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov olub.
Mədəniyyət və Turizm nazirinin birinci müavini Ədalət Vəliyev çıxışı zamanı İ.İsrafilovun əleyhinə kəskin ifadələr səsləndirib: “Gör teatrı nə günə qoymusan ki, orada Xalq artistləri bir-birinə hücum çəkir və bu da respublika ilə bir olur. Biz səni 3 ay əvvəl çıxartmaq istədik, amma vaxt verdik ki, bəlkə düzələsən. Sən işi bacarmırsan”.
Məlumata görə bildirək ki, kollegiya iclasında “Azdrama”nın direktorunun fəaliyyətinin qəbuledilməz olduğu deyilib.
1299 dəfə oxundu