Ağsuda əlilin haqqı yeyilir – VİDEO

Ağsuda əlilin haqqı yeyilir –


Məlumdur ki, Ağsu rayonunda məmur özbaşnalığı, bürokratik əngəllər üzündən insanlar az müddət öncə etiraza da qalxdılar. Burada ölkənin hazırki durumu məmurları rüşvət və sair çirkin əməllərindən çəkindirməyə sövq edə bilmir. Onu da bildirək ki, cumhuriyyət. az olaraq son vaxtlar Ağsu rayonunda cərayan edən proseslərə işıq salmağa çalışırıq. Rayondakı problemlərin və narazılıqların isə əsas məsuliyyəti heç şübhəsiz icra başçısı Ənvər Seyidəliyev və onun məmur komandasıdır. Ənvər Seyidəliyev meydanda tək fiqur deyil.

Bacısı oğlu, əhalinin sosial inkişafı naziri Səlim Müslümov ona möhkəm dayaqdır. Eyni zamanda rayonda həyata keçirilən bütün layihələrə dayı-bacıoğlu şərikdirlər. Bəli, nazir Səlim Müslümov, icra başçısı Ənvər Seyidəliyevin doğmaca bacısı oğludur. Buna görə Ağsuda sosial problemlər üzündən insanlar boğulur, söz deməyə ünvan tapmırlar. Kimlər ki, etiraz edirlər, azacıq səslərini çıxarmağa macal tapırlar, şah həmin şəxsləri hüquq-mühafizə orqanlarının əli ilə əzdirir və bununla da digərlərinə dərs olsun kimi davranır.

Ağsunun Hacıqədirli kəndində anadangəlmə lal-kar xəstə 1955-ci il təvəllüdlü Hacalıyev Ədalət Əliağa oğlunun həyat dramını bacısı Nərminə Hacalıyeva cumhuriyyət. az üçün nəql edir. Həmin müsahibəni yazılı və video müraciət şəklində dəyərli oxucularımıza təqdim edirik. İnanmırıq ki, bu insanın fəryadına səs verən tapılsın. Çünki bir ölkənin ki, sosial inkişaf naziri qollarını çırmalayıb yetim malını yağmalamaqla məşğuldur, o ölkədə heç bir sosial inkişafdan danışmağa dəyməz. Bəli, belə naziri olduğu ölkədə yetimin qarnı doymaz, könlü şad olmaz. Çünki onun bütün şadlığı da xöşbəxtliyi də əlindən alınıb. Çünki adıçəkilən nazir məhz onun kimi yetimlərin bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurub. Başqalarının bədbəxtliyi üzərində qurulmuş xoşbəxtliyin isə nə zaman tarımar olacağını yalnız ulu yaradan bilir. Şikayətçinin cumhuriyyet.az-a dedikləri: “Mən Hacalıyeva Nərminə Əliağa qızı Ağsu rayonunun Hacıqədirli kənd sakiniyəm. Qardaşım Hacalıyev Ədalət 1955-ci il təvəllüdlüdür. Qardaşım anadangəlmə əlildir. O, lal-kardır.

Dövlətimiz ona ayda əlli (50) manat müavinət verir. Aldığı məvacib onun heç yeməyinə, içməyinə çatmır. Əlli manat nədir ki, görün bunun nə qədər problemi var? Hökumət heç olmasa ona 100-120 manat pul versə axır geyimini də birtəhər təşkil etmək olar. Mənim özüm 1959-cu il təvəllüdlüyəm. Heç harda işləmirəm. Mənim işim ancaq xəstə qardaşıma baxmaqdır. Bu adamı bir dəqiqə nəzarətsiz qoymaq olmaz. Ona görə də bütün sutkanı ona nəzarət edirəm, qulluğunda dururam. Mənə hökumət xəstəyə qulluq etdiyimə görə aylıq müavinət verməlidir, ancaq vermir. Qardaşımı hər il komissiyaya çağırırlar. Rayonda rəhbərlik daxil olmaqla hər bir kəs vəziyyətimizi bilir. Çox təəssüf ki, bizimlə maraqlanan yoxdur. Anam qoca qadındır. İnfarkt keçirib, ona görə yataq xəstəsidir. Mən özümdə qardaşıma aylıq verilən əlli manatın ümidinə qalmışam. Anamın aldığı pensiya heç dərmanlarına çatmır. Evimiz uçulub dağılır. Atamın dövründə tikilmiş evdir, hazırda çox şəraitsizdir. Mən dövlət başçısından yardım istəyirəm. İstəyirəm ki, prezident bu çəkilişə baxsın və bizə kömək etsin. Mən əhalinin sosial inkişafı naziri Səlim Müslümova müraciət edirəm, ondan yardım etməsini xahiş edirəm. Səlim müəllim adamlarını göndərsin gəlib bizim şəraitimizə baxsınlar, ondan sonra özləri qərar verəcəklər. Axı indiki zamanda aylıq əlli manatla yaşamaq olar?”





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...