“Gold Yapı Constuction Limited” işçilərin pulunu vermir

“Gold Yapı Constuction Limited” işçilərin pulunu vermir


Şirkət 6 nəfərin əmək hüquqlarını kobud şəkildə pozur

Şəki şəhər Baş Zəyzid kənd sakini Israil Abdurrahmanov “Azadlıq”a məktub göndərib. Israil Abdurrahmanov yazır ki, 2014-cü ilin 8 fevralında o və beş nəfər “Azərsun” şirkətinə məxsus olan “Gold Xəyal Adası”nda podratçı təşkilat kimi çalışan “Gold Yapı Constuction Limited” MMC ilə əmək müqaviləsi bağlayaraq tikinti işinə başlayıblar. 7 il müddətində işçilərin sayı artaraq gedib-gələnlərlə birgə 35-40 nəfərə çatıb.

Hər bir şəxslə ayrıca əmək müqaviləsi bağlanılaraq iş davam etdirilib. Şəki şəhərindən olan şəxslərdən təşkil olunan briqadaya Israil Abdurrahmanov rəhbərlik etdiyi üçün fəhlələrə verilən əməkhaqqı da onun adına qeyd olunub. Israil Abdurrahmanov daha sonra yazır: “Məndən başqa orada 7 briqadir fəaliyyət göstərirdi və onların da ayrıca olaraq əmək müqaviləsi və işçilərinə görə hesablaşma cədvəli olub.

2014-cü ilin mayın 3-də atamın vəfat etməsi səbəbindən mən Şəkiyə getməli oldum. Orada olduğum müddətdə mühasiblərdən Türkiyə vətəndaşı Tanrıverdi Adıgözəl və Azərbaycan vətəndaşı olan mühasib adımın qarşısına imzam olmadan yazılmış pullar qeyd ediblər. Həmin pulların mənim olduğunu deyiblər. Buna iradımı bildirəndə məsələnin araşdırılacağını söylədilər. Lakin 2014-cü il avqustun 22-də əmək haqqımızın 30 faizini verərək bizi işdən çıxardılar. Məsələ barədə şikayət edəcəyimi bildirəndə söz verdilər ki, sentyabrın 5-də pulumuzu verəcəklər. Deyilən vaxtda ofisə getsəm də, briqadamızın pulunu ala bilmədim.
03 oktyabr tarixində gecə saat 12-də şirkət 7 briqadirin hamısına maaşları versə də, bizim briqadaya heç nə vermədi. Bu məsələylə maraqlananda dedilər ki, hara istəyirsən şikayət et. Həmin vaxtdan sonra 16 əlaqədar təşkilata şikayət etmişəm, hamısında bizi haqsız çıxarıb süründürməçiliyə yol veriblər. Mən və briqadamın işçilərinin haqqı tapdanaraq insan və əmək hüququmuz kobud şəkildə pozulub. Əlaqədar orqanlar isə buna göz yumur.

30.03.2015-ci ildə yenidən MMC-nin ofisinə dəvət olundum. Orada almalı olduğum və öz imzaları ilə təsdiq etdikləri 15 min 150 manat pulun qarşılığında 5000 manat təklif etdilər. Lakin biz onlardan pulumuzun hamısını alacağımıza və bizi işsiz qoyduqları 9 ay müddətə görə əlavə 2000 manat kompensasiya verəcəklərinə ümid edirdik. Ancaq onlar almalı olduğumuz haqqımızı da kəsərək bunun 30 faizini təklif etdilər.

Mən utandığımdan rayona gedə bilmirəm, hamı zəng edib zəhmətinin haqqı olan pulunu istəyir. Ailəm də bu çətinliyimə görə sarsıntı içindədir.

Mənim işlədiyim şirkətlə əmək müqaviləm olub. Lakin işdən çıxarılandan sonra Dövlət Əmək Müfəttişliyinə müraciət edərək əmək hüquqlarımın pozulmasını bildirdim. Orada müfəttiş işləyən Niyazi Abdullayev bu işlə bağlı araşdırma apararaq 17 noyabrda pulumuzun verilməsi xəbərdarlığını verdi. Lakin 16 noyabrda şirkətin Nail adlı əməkdaşı idarəyə yalan sənədlər təqdim edərək bizim müəssisəylə əmək müqaviləmizin olmadığını söylədi. Bunu biləndən sonra 20 noyabr 2014-cü ildə Mehriban Əliyevaya, 25 noyabrda Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə, bu ilin 20 fevral və 02 iyul tarixlərində isə Ilham Əliyevə məktublar yazaraq şikayətimizi bildirdik. Lakin şirkət korrupsiya idarəsinə bizimlə müqaviləsinin olduğunu bildirib işə mülki qaydada baxılmalı olduğunu deyib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...