Bakının mərkəzindəki 1 manatlıq cənnət: SOS siqnalı verir

Bakının mərkəzindəki 1 manatlıq cənnət:

Şəhərin isti, tozlu-dumanlı havasından qısa müddət də olsa xilas olub, təmiz havada vaxt keçirmək istəyənlər bəlkə elə paytaxt sakinlərinin sayı qədərdir. Şəhər sakinləri azacıq da olsa təmiz havada nəfəs almaq üçün müxtəlif məkanlara üz tutur. Bulvarda, Nizami küçəsində (“Tarqovi”), parklarda gün batımından sonra xeyli sayda insan görmək mümkündür. Ancaq Bakının çox sakininin bilmədiyi, adını eşidib özünü görmədiyi, əslində hər gün getməyə dəyər başqa bir məkanı da var. Bu məkan haqqında çox danışılıb, amma bəlkə də çoxumuz elə danışılanları dinləməklə kifayətlənib bir dəfə belə orada olmamışıq.

Cebhe.info sizə Badamdarda yerləşən, AMEA-nın Mərkəzi Nəbatat Bağından danışacaq. Deməli, həm də şəhərin ortasındakı balaca cənnətdən...

1 manata bol oksigen...

Bakının mərkəzindəki 1 manatlıq cənnət:


Nəbatat Bağı elə ilk girişdən adamı valeh edir. Yaşıllığın çoxluğu, su hovuzları və içərisində bəzəkli balıqlar bura xüsusi gözəllik verir. Ərazinin də bağın havası kimi təmiz olması insanda xoş əhval-ruhiyyə yaradır. Təbii ki, çatışmazlıqlar da var. Elə Nəbatat Bağına üz tutmağımızın bir səbəbi də ərazidə yerləşən yaşıllıqlara qulluq edilməməsi, daha doğrusu, suvarılmaması ilə bağlı eşitdiklərimiz idi. Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını elə yerində yoxlamaq qərarına gəlmişdik. Reportaj məqsədilə getsək də, bağın ərazisinə adi qaydada bilet alıb daxil olduq. Səbəb deyilənləri daha obyektiv müşahidə etmək imkanı qazanmaq idi. Biletin qiyməti cibə uyğundur. Adambaşına cəmi 1 manat ödəməklə bağın ərazisində axşam saat 20:00-a qədər istirahət edmək imkanı qazanırsınız.

Giriş qadağalarla başlayır

Bakının mərkəzindəki 1 manatlıq cənnət:
Bakının mərkəzindəki 1 manatlıq cənnət:


İlk diqqətimizi çəkən bağın girişində asılmış “QADAĞANDIR” tablosu oldu. Bağın qaydalarına görə, ərazidə top oynamaq, siqaret çəkmək, heyvan gəzdirmək, rolik və velosiped sürmək, balıq tutmaq, ov etmək, ocaq qalamaq, əraziyə yük maşını və ya avtobusla giriş qadağandır. Nəbatat Bağında piknik etmək də qadağan edilib. Şərtlərlə tanış olduqdan sonra kassaya 1 manat ödəməklə giriş üçün bilet aldıq.

“Əgər piknikə icazə verilsə...”

Bakının mərkəzindəki 1 manatlıq cənnət:
Bakının mərkəzindəki 1 manatlıq cənnət:


Ərazidə yerləşən ağacların düzülüşü, havanın təmizliyi və sərin meh insanda xoş hislər yaradır. İlk olaraq bağda insanların azlığı diqqətimizi çəkdi. Nəzərə alaq ki, səfərimiz həftəsonu səhər saatlarına təsadüf etmişdi. Belə təsəvvür yaranırdı ki, sanki insanlar buranı ya tanımır, ya da başqa səbəbləri var. Marağımızı istirahət üçün gələn şəxslərdən birilə bölüşdük. Söhbət əsnasında məlum oldu ki, həmin şəxs demək olar hər gün Nəbatat Bağına gəlir. “Xüsusilə səhər-səhər buranın havası əvəzedilməzdir. İşdən vaxt olduqca bura üz tuturam. Ancaq qadağalar çox olduğundan insanlar bura istirahət üçün gəlmək istəmirlər. Adicə piknikə icazə vermirlər. Əgər piknikə icazə verilsə, inandırım ki, burada insan əlindən tərpənmək olmaz”,-deyə həmsöhbətim bağa üz tutanların az olmasını belə izah etdi.

SOS: Ağaclar quruyur

Bakının mərkəzindəki 1 manatlıq cənnət:
Bakının mərkəzindəki 1 manatlıq cənnət:


Qısa söhbətdən sonra ərazini gəzməyə qaldığımız yerdən davam etdik. İddiaları doğrulayacaq mənzərə də diqqətimizdən yayınmadı. Doğrusu, ağacların olduğu ərazilərdə torpaq quru idi. Hətta o qədər quru ki, sanki heç su üzü görməyib. Ağacların əksəriyyəti həmişəyaşıl növdən olduğundan bu mənzərə uzaqdan elə də hiss olunmur. Ancaq təqdim etdiyimiz fotolardan da göründüyü kimi, bəzi ağaclar, bitkilər artıq quruyur. Ərazidə su xətlərinin olmasına baxmayaraq, belə bir mənzərə bizi çox təəssüfləndirdi.

Şəhər və kənd həyatı bir məkanda



Ancaq bağın ərazisini gəzdikdə xoşagəlməz mənzərə və narahatlığı qıza zaman da olsa unutduran bir çox halın şahidi olurduq. Su hovuzlarında rəngbərəng balıqlar, meşəlik ərazidən gələn quş səsləri insana mənəvi qida verirdi. Sanki bura Bakının mərkəzi deyil, hansı bölgədir, o bölgə ki, orda nə tikinti bosları var, nə oliqarx iddiası... Doğrusu, bağın iki hissəyə bölünməsi daha çox marağımızı çəkdi. Sanki şəhər və kənd ab-havası yaratmaq məqsədilə ərazini iki hissəyə bölüblər. Birinci hissədə daha çox şəhər görkəmi var və insanların yeriməsi üçün nəzərdə tutulan yollar asfalt örtüklüdür. Səhər-səhər elə də hiss olunmasa da, günorta saatlarında asfaltın özünəməxsus istiliyi insanı vurur və narahatlıq yaradır. Ancaq bağ yetkililəri deyəsən, bunu da düşünüblər. Bağın digər hissəsi insana kənd həyatını xatırladır. Yürüş cığırları, daha sərin hava, sıx yaşıllıq insanı şəhər mühitindən bir anlıq uzaqlaşdırır. Bağın ikinci hissəsini gəzdikcə insan daha fərqli hislər keçirir.

Qadağalar həm də onu pozmaq üçündür

Bakının mərkəzindəki 1 manatlıq cənnət:


Ancaq nə təəssüf ki, bu sevinc də uzun çəkmədi. Şəhər ab-havasından yenicə uzaqlaşmışdıq ki, böyük lövhədə, “gülüş smayliki” bizi böyük hərflərlə yazılmış “KƏNAR İNSANLARIN GİRİŞİ QADAĞANDIR” sözləri ilə salamladı. Düzü, reportaj məqsədilə getdiyimiz üçün “QADAĞANDIR” işarəsinin şərtini bir az pozduq. İşarənin üzərində vurulan “gülüş smayliki” həm də “qadağanı pozmaq olar” sətiraltısı yaratdığı üçün hesab etdik ki, bizi buna görə bağışlayarlar. Ancaq qadağanı pozduğumuz üçün heç kim bizə irad bildirmədi.

Nəbatat Bağında gördüklərimiz, bütün çatışmamazlıqlara baxmayaraq, bizdə xoş hislər yaratdı. Qısa zaman olsa da, bizi şəhərin tozlu-dumanlı abu-havasından təmiz, saf təbiət mühitinə apardı. İş-gücdən zamanı olmayanlar, rayonlara və ya digər istirahət mərkəzlərinə getmək üçün cibi imkan verməyənlər üçün də paytaxtın düz mərkəzində Nəbatat Bağı var. Sadəcə getmək və görmək lazımdır. Əminik ki, gördükləriniz sizdə xoş hislər yaradacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...