Prezident fərmanı: ali məktəblərdə nələr dəyişəcək?

Prezident fərmanı:

Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin ali təhsil müəssisələrinə rektorların 5 il müddətinə təyin edilməsi barədə olan fərmanını şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu fərman 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunmasının qarşısını alacaq:

“İlk növbədə qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında“ qanun “çərçivə qanun” olduğundan, burada bir çox məsələlər, o cümlədən ali təhsil müəssisələrində rektorlar, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər öz əksini tapmayıb. Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın olmadığının şahidi oluruq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 il Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 19 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor kimi çalışıblar. Hazırda da bu vəzifəni uzun müddət tutanlar var. Belə ki, Siyavuş Kərimi 18 ildir Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhad Bədəlbəyli 28 ildir Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 ildir Azərbaycan Memarlıq və İnşaat Universitetinə rəhbər edir. Əlbəttə ki, elmi-tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu müddətlər elmdə kiçik vaxt hesab oluna bilər. Amma rektorlar elmi-tədqiqat işləri ilə məşğul olmurlar. Onlar ali təhsil müəssisəsini idarə edirlər.

Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bunun əsas səbəbi onların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Ötən gün ali təhsil müəssisəsinə rektorların 5 il müddətinə təyin edilməsi barədə Prezident fərmanından sonra universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq”.

K.Əsədov rektorların vəzifəyə gətirilməsində də dəyişiklik etməyə ehtiyac olduğunu bildirib:

“Təklif edirəm ki, bundan sonra rektorların vəzifəyə gətirilməsi də dəyişsin. Bunun üçün 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsulu var. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Bu metodların da üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...