Bu hesabatda İrəvan Bakını niyə qabaqladı? - TƏHLİL

Bu hesabatda İrəvan Bakını niyə qabaqladı? -

“Qlobal Sülh İndeksi-2019” və bu kimi digər beynəlxalq hesabatlar cəmiyyətdə hər zaman birmənalı qarşılanmır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə “Qlobal Sülh İndeksi-2019” hesabatında Azərbaycanın (130) Ermənistan (118) və Gürcüstandan (99) geridə olması ilə bağlı danışarkən deyib. O, belə hesabatların siyasi sifariş xarakteri daşıması ilə bağlı təsəvvür yaratdığını bildirib:

“Təbii ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Azərbaycanda sülh riski var və bu da mövqeyimizə təsir edir. Lakin eyni risklər Ermənistan və Gürcüstan (Abxaziya və Cənubi Osetiya faktına görə) üçün də var. Ümumilikdə götürdükdə Azərbaycanda stabillik müəyyən olunmuş normalar çərçivəsindədir. Yəni ölkəmizdə hansısa bir fövqəl-vəziyyətin baş verməsindən, insanların təhlükəsizliyinə xələl gətirə biləcək proseslərdən, risklər törədə biləcək hadisələrdən söhbət gedə bilməz.

Son illərdə bəzi dinc və inkişaf etmiş ölkələrdə daha çox terror aktivliyi müşahidə edilir. Azərbaycanda isə son onillər ərazində heç bir terror aktı baş verməyib. Ona görə də bu hesabatda qonşu Gürcüstan və Ermənistanın bizdən irəlidə olması Azərbaycan cəmiyyətində haqlı suallar doğurur.

Ermənistanda son illər qeyri-sabit ictimai-siyasi ab-hava, qarşıdurmalar yaşanır və bu vəziyyət müəyyən fəsadlara gətirib çıxarır. Ermənistanda vəziyyət indi də gərgin olaraq qalır və qarşıdurma ehtimalı hələ də mövcuddur. Bu baxımdan Ermənistanın “Qlobal Sülh İndeksi-2019” hesabatında daha qabaqcıl sıralarda olması anlaşılan deyil”.

Politoloqun sözlərinə görə, sülh indeksini tərtib edənlərin obyektivliyi müəyyən qədər şübhə yaradır:

“Adətən bu sorğuları aparan idarələr özləri üçün müəyyən kriteriyalar seçirlər. Məsələn, onların fikrincə, Gürcüstanda və yaxud da Ermənistandakı vəziyyət daha demokratik təsəvvür yaradır. Qonşu ölkələrdə vəziyyətin gərgin olmasına baxmayaraq, siyasi qarışıqlığın yaratdığı “demokratiya” görüntüsü bu tipli hesabatların aparılması zamanı müəyyən dominantlıq rolunu oynayır və proqnozların nəticələrinə təsir edir. Halbuki “sülh indeksi”nin kriteriyaları da fərqlidir və ya fərqli olmalıdır”.

Qeyd edək ki, Avstraliyanın İqtisadiyyat və Sülh İnstitutu “Qlobal Sülh İndeksi-2019” hesabatını yayımlayıb. Siyahıda ilk yeri İslandiya, sonuncu yeri isə Əfqanıstan (163) tutub.

Azərbaycan hesabatda 130-cu, Ermənistan 118-ci, Gürcüstan isə 99-cu yerdə qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...