Rauf Nağıyev səhiyyəni irəli aparmaq istəyir, yoxsa özünü?

Rauf Nağıyev səhiyyəni irəli aparmaq istəyir, yoxsa özünü?


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin fəaliyyəti çoxlarını narazı salır Əslində məsuliyyət hissi insanda hər zaman narahatlıq yaradır. Amma bəzi adamlar var ki, məsuliyyət hissinə əhəmiyyət vermədən, ona etibar edilən postdan sui-istifadə edir. Bu reallığı ilə qəlbimizi yandıran və illərlə dərdinə dərman tapa bilmədiyimiz daha bir sahə-səhiyyəmiz bizi daim acı nəticələri ilə təqib edir.

Amma daha dəhşətlisi, səhiyyəmizi bu günə qoyanların özlərini bu acı nəticədən xəbərsiz kimi aparmalarıdır. Səhiyyəmizə biganə münasibət sərgiləyənlərdən biri də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevdir. Onunla bağlı dəfələrlə redaksiyamıza şikayətlər gəlib və biz bu problemləri həll etmək məqsədilə işıqlandırmışıq. Lakin bütün bu qanunsuzluqları sanki görmürlər. Ölkənin əhəmiyyətli səhiyyə ocaqlarından birinə rəbərlik edən şəxs görəsən, nə böyüklükdə məsuliyyət daşıdığını bilirmi? Uzun sözün qısası, baş həkim üzərinə düşən işi lazımınca yerinə yetirə bilmir. Ölünün də qıdığı gəlirmiş Yaşadığımız evlə adıçəkilən xəstəxananın arasında çox yaxın məsafə var. İki gün öncə qonşunun azyaşlı uşağının yüksək hərarətini endirmək mümkün olmadı deyə, təcili tibbi yardım çağırdılar.

10 dəqiqəlik yolu yarım saata gələn həkimlər o qədər laqeyd, o qədər əhəmiyyətsiz yanaşdılar ki, sanki qızdırma içində yanan uşaq deyil, pişik balasıdır. Bakıda yaşayanlar bilir ki, ağır vəziyyətdə olan xəstənin üstünə yardıma çağırılan təcili yardım həkimləri əksər hallarda molladan sonra gəlirlər. Yəni artıq, xəstə canını tapşırır və ya yarımcan olur. Müharibə şəraitində olan ölkənin təcili yardım sisteminin bərbad halda olması çox təhlükəli situasiyadır. Çalış xəstələnmə! Ən dəhşətlisi odur ki, bütün dövlət xəstəxanalarında vətəndaşların pulsuz müalicə olunmaq hüququ haqqında xəbərdarlıq vurulsa da, əksər xəstəxanalar bunun tam əksini edir. Vətəndaş qapıdan girəndən necə deyərlər, soyulur ta ki, çıxana qədər. Eyni zamanda xəstə üstünə çağırılan həkimlər də necə deyərlər ev yiyəsinin əlini güdür. Rauf Nağıyevin niyə görə bu qədər yetərsiz rəhbərlik etməsi isə çox qəribə və düşündürücüdür. Bunun isə kökü lap uzaqlara gedib çıxır. Bu adam qəflətən, heç kəsin gözləmədiyi halda bu qədər yüksək posta gətirildi. Dövlət büdcəsindən hər il səhiyyə sahəsinə çox böyük vəsaitlər ayrılır. Xüsusilə, səhiyyə sahəsinə ayrılan milyonlar bax beləcə, ayrı-ayrı adamların büdcəsinə axıb gedir. Elə bu faktların nəticəsidir, ki, əhalinin kasıb kütləsi müalicə üçün Gürcüstana, İrana, daha imkanlı təbəqə isə Avropa ölkələrinə üz tutur. Hər il məhz səhiyyə sistemindəki bəzi yarıtmaz məmurların ucbatından milyonlarla manatımız xarici ölkələrin büdcəsini doldurur. Təkcə ötən il Azərbaycandan İrana gedən həmyerlilərimiz qonşu ölkədə 3 milyondan çox pul xərcləyiblər. Bu yaxınlarda Norveçdə yaşayan soydaşımız Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında gördüklərindən dəhşətə gəlmişdi. Onu sadəcə olaraq “həkim”in həddindən artıq savadsızlığı mat qoymuşdu.

Çünki o, Azərbaycanda bəzi baş həkimlərin kadr siyasətindəki oyunlarından xəbərsiz idi. Daha bir şikayətçi isə xəstələrə dərmanların məhdud sayda olduğunu bildirərək az sayda dərman preparatı verilməsindən şikayət etdi: “Burada elə bir laqeydlik var ki, çox zaman məsuliyyətsizlik nümayiş etdirərək dərman preparatlarını vaxtlı-vaxtında ünvanlarına çatdırmırlar. Çox zaman dərmanlar anbarlarda qalaraq yararlılıq müddəti başa çatandan sonra heç nəyə yaramır. Axı bu dərmanlara o qədər ehtiyacı olan insanlar var”. Bizdə digər sahələrlə yanaşı səhiyyə sistemində də rəhbər postlarda oturan bəzi məmurlar özbaşınalıq edir, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz maraqlarını güdür, biznesini inkişaf etdirirlər. Əllərinə düşən fürsətdən yararlanmağa çalışırlar ki, bizneslərini inkişaf etdirsinlər. Bu cür məmurlar ölkənin səhiyyə sistemini bataqlığa salır. Təəssüf ki, bu cür məmurların özbaşına əməllərinə son qoyan yoxdur. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin fəaliyyəti də çoxlarını narazı salır. Bu şəxs fəaliyyətində elə ciddi nöqsanlara yol açır ki, bu da sonda hansısa insanın ömürlük şikəst olmasına, ya da bir ailənin səadətini məhv etməsinə gətirib çıxarır. Araşdırma zamanı diqqətimizi daha maraqlı bir fakt çəkdi. Axı Rauf Nağıyevin bu qədər özbaşınalığını niyə görə araşdırmırlar? Niyə ona layiq olduğu cəzanı vermirlər? Söz yox, ki, o, ətrafına öz adamlarını yığmaqla möhkəm sipər qura bilib. Çünki bu adamın ancaq öz qanunları var. Bir çox ekspertlər isə haqlı olaraq bu təyinatdan problemlərin həllini yox, əksinə onların bir qədər də dərinləşəcəyini gözləyirdilər. Budur, artıq deyilənlər öz təsdiqini tapmaq üzrədir. Belə ki, həqiqi olmayan diploma sahib olan şəxslər Rauf Nağıyevin təyinatından sonra hansısa yollarla Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işə düzəlməyə müvəffəq olublar.

Bütün bunlar onu göstərir ki, bu şəxs qanunlara məhəl qoymur. Lakin praktikada da göstərilib ki, ölkə qanunlarını saymayanların çoxu elə qısa zaman içərisində qanun qarşısında da cavab verməli olurlar. Bundan başqa, bayaq da dediyimiz kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları vaxtlı-vaxtında çağırılan ünvana yetişmirlər. Bu da ölkə vətəndaşlarının haqlı narazılığına əsas yaradır. Bundan başqa, təcili yardım stansiyasının həkimləri xəstəyə səhv diaqnoz qoyurlar. Səhv diaqnoz isə bir çox hallarda xəstənin vəziyyətinin ağırlaşmasına, xəstəliyin daha da fəsadlaşmasına səbəb olur. Qeyd edək ki, 20 aprel 2011-ci ildə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini vəzifəsində çalışan Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu işdən azad edilib. R. Nağıyev Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsinə təyinat aldı. Lakin onun qəfil sıçrayışla gəlib indiki mövqeyində dayanmasına səbəb əlbəttə ki bacarığı deyil, arxasında kiminsə olmasıdır. Amma indiyə qədər bu sahədə digər bir məqam diqqəti çəkməkdədir. Belə ki, R.Nağıyev “Bakı təcili tibbi yardım xidmətində helikopterdən istifadəyə ehtiyac yoxdur” deməsi ilə də diqqət çəkdi. Çünki əslində bu sahədən başı çıxanlar bilir ki, müasir dövrdə bütün ölkələrdə təcili tibbi yardım üçün helikopterlərdən yararlanırlar. Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin rəhbəri Rauf Nağıyev isə çıxışlarında bildirir ki, akı şəhərinin ərazisi böyük olmadığından helikopterdən istifadəyə zərurət yoxdur: “Bakı böyük yaşayış sahəsi olsaydı, yəni onun bir tərəfindən digər tərəfinə olan məsafə saatlarla vaxt tələb etsəydi, təcili yardım sistemində helikopterlərdən istifadə etmək olardı. Bakının ən ucqar yaşayış məntəqələri olan Novxanı, Səngəçaldan mərkəzə təcili yardım maşınları ilə xəstələrin daşınmasına 20-25 dəqiqə vaxt sərf olunur. Helikopterin işə salınması, lazımi ünvana getməsi, enişi, xəstənin yerləşdirilməsi və aidiyyəti xəstəxanaya çatdırılmasına da bu qədər vaxt sərf olunacaq. Bakı şəhərində təcili yardımın 40 obyekti var, həmin obyektlər yaşayış məntəqələrinə yaxın ərazilərdədir və hər biri yüksək sürətli sanitar avtomobillərlə təmin olunub. Amma təcili yardım avtomobillərinin lazımi ünvanlara vaxtında çatmasında problem yaranırsa bu da sürücülərin günahıdır. Çünki sürücülər çox vaxt təcili yardım maşınlarına yol vermir. Bakının küçələri bu qədər avtomobil üçün hesablanmamışdı. Əvvəllər paytaxt küçələrində avtomobillərin sayı az olduğundan elə ciddi problemlər yaranmırdı. İndi dar küçələrdə xidmətimizin maşınları üçün problemlər yaranır. Yaxşı olardı ki, sürücülər təcili yardım maşınlarına yol verəydi. Sanitar maşınların şəhərdə artıq hərəkətinə icazə verilmir, onların hərəkətinə nəzarət olunur”. Nağıyev gün ərzində əhaliyə heyətlə birgə 141 təcili yardım maşınının xidmət göstərdiyini deyib. Az qala bu sahədə Amerikanı da vurub keçdiyini iddia edən rəis deyəsən unudur ki, ümumiyyətlə, heç bir vaxt təcili tibbi yardım stansiyası fövqəladə hallara hazır olmayıb. Xidmətdə 900-dən artıq səyyar həkimin, bir o qədər səyyar feldşerin çalışdığını deyən rəis unudr ki, Azadlıq metrosunun qarşısında baş verən yanğın zamanı da məhz onun başçılıq etdiyi sahə insanları daha çox əsəbləşdirdi. Çünki yanğın zamanı həyatını itirənlərin çoxu tüstüdən boğuldu. Hətta xəstəxanaya çatdırılan xəstələrə normal qulluq edilmədiyindən böyük problemlər yaşandı. Adi günlərdə Bakı şəhərində respirator müraciətlər 150-200 çağırış arası olursa, o günü bu çağırış artıq komanda şəklində xidmətlə əvəzlənmişdi. Lakin səriştəsizlik, həkimlərin işə götürülərkən bacarıqlarının yoxlanmaması da insan itkisinə səbəb oldu. Keçi can hayında, qəssab piy axtarır Bax bu məsəl çox yerinə düşür. Çünki bu gün təcili tibbi yardımın yaratdığı problemləri aradan qaldırmaq əvəzinə Rauf Nağıyev vəzifə arzusundadır. Rauf Nağıyev təkcə özünə deyil, yaxın qohumlarına da vəzifə tutmaq üçün çalışır. O, ilk fürsətdəcə bacısı İradə Musayevanı 1 saylı Respublika Uşaq Psixonevroloji Mərkəzinin baş həkimi vəzifəsində saxlada bilib. Hazırda paytaxtın ayrı-ayrı səhiyyə ocaqlarında Rauf Nağıyevin himayə etdiyi imtiyazlı kadrlar ordusunun fəaliyyət göstərdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, bu cür kadrlar üçün heç bir qanun, göstəriş mövcud deyil: “Onlar yalnız Rauf Nağıyevin əmrlərinə tabedirlər. Deyilənlərə görə, vəzifə pillələrində sürətlə irəliləyən Rauf Nağıyevin ambisiyaları hələ də bitmək bilmir. Belə ki, daha yüksək postları hədəfləyən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi nazirlikdə yüksək postlardan birini manşırladığını deyib. Qeyd edək ki, bir müddət öncə 103 xidməti məhz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası adı ilə mərkəzləşdirildi. Hər zaman olduğu kimi vətəndaşlar bu dəyişikliyin də xidmətin keyfiyyətinə müəyyən müsbət təsirinin olacağını gözləyirdilər. Lakin bu gözlənti özünü doğrultmadı. Çünki hazırda bu sahəyə Rauf Nağıyev nəzarət edir.

P.S. Qarşı tərəfin münasibətini dərc edə bilərik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...