Sahibkar nazirə hansı sualları verdi - "O pullar kimin idi"

“İlham” MMC-nin təsisçisi, sahibkar İqbal Mikayılov İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevə açıq məktub yazaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən qarşılaşdığı haqsızlıqlarla bağlı məlumat verib. Müraciətin bir nüsxəsini də Savash.org-un elektron ünvanına göndərən sahibkarın məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Nazir. Əvvəla bəri başdan diqqətinizə çatdırıram ki, mən 2014-cü ilin aprel ayından təsis etdiyim “İlham” MMC kəndli fermer təsərrüfatını fəaliyyətə başlamağımdan çox peşiman. Bu işə başladığıma görə özümü bağışlaya bilmirəm. Düzdür, çox böyük həvəslə qısa müddətdə səhralıqda ən müasir səviyyədə təsərrüfat yaratdım. Amma bu gün çox peşmanam”.
Sahibkar başladığı işə görə peşmançılığının səbəblərini də yazıb: “Mən , zəhmətkeş sahibkarlara sizin tabeçiliyinizdə olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hansı ögey, aqressiv münasibət göstərildiyinin şahidi oldum. Çünki mən ötən ilin dekabr ayında 45 min manat güzəştli krediti Ölkə Başçımız Cənab İlham Əliyevə dəfələrlə şikayət edəndən sonra aldıqda sahibkarlığa edilən dırnaq arası köməyin hansı formada olmasının şahidi oldum. Mən əslində Sahibkarlığa Kömək Milli Fondundan 80 min manat güzəştli kredit almaq istəyirdim. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin sayəsində isə 45 min öna görə verildi ki, 50 min olsaydı kredit müddəti 5 illiyə düşəcəkdi. 45 min verdi ki, mən əziyyət çəkim və təsərrüfatımı normal şəkildə yarada bilməyim və 1 ilin tamamında əsas borcu qaytarmaqda əziyyət çəkim. Biləsiniz ki, Şirzad Abdullayevin bu arzusu gələn ilin yanvar ayında həyata keçəcək. Mən həmin vaxt sahibkar kimi mətbuatın iştirakı ilə “İLHAM” MMC kəndli fermer təsərrüfatının fəaliyyətini dayandırıb, əmlakımı satışa çıxaracam və bu yolla da bankın borcunu qaytaracam. Bunu Sizə deməkdə məqsədim odur ki, mənim bu ilin aprel ayından “Parabank”dan yenidən əlavə girov təqdim edərək güzəştli kredit götürməyimə əngəl olan elə Şirzad Abdullayev olub”.
Sahibkar daha sonra “Parabank”da başına gətirilənləri təfərrüatı ilə təsvir edir: “Mən Şirzad Abdullayevin qəbulundan çıxıb “Parabank”ın mərkəzi ofisinə getdim. “Parabank”ın idarə heyətinin sədri Vəli Quliyevlə görüşə bilməsəm də o mənə telefonda “əlavə girov təqdim et, güzəştli kredit üçün sənədini SKMF-ə göndərim” demişdi. Girovlarımı təqdim də etmişdim və sənədləşmə gedirdi. Mən bankın razılığı və sənədlərimin hazırlaması barədə Şirzad Abdullayevin “sağ əli” olan Mahir adlı işçisinə məlumat verəndən sonra hər şey alt üst oldu. Mahir banka zəng vuraraq mənim sənədlərimin onlara göndərilməməsi barədə tapşırıq verəndən sonra “Parabank”ın sədri Vəli Quliyev 180 dərəcə dəyişdi. Mən bununla bağlı Şirzad Abdullayevin qəbuluna gedib, ona iradımı dedim. Şirzad Abdullayev heç nədən xəbəri olmayıbmış kimi Mahiri yanına çağırıb, emosional şəkildə “sən banka zəng vurub nəsə demisən?” deyə soruşanda Mahir sizcə nə cavab verməli idi? Mahir mənim yanımdan banka zəngdə vurdu ki, mən Sizə sənədlərin göndərilməməsi barədə tapşırıq vermişəmmi? Sizcə, bankın işçisi Mahirin üzünə durub deyərdimi ki, bəli demisiz? Mən elə oradaca Şirzad Abrullayevin və Mahirin rola girdiyini aydın şəkildə şahidi oldum. Sadəcə mən 6 ay bankın yollarında giriftar qalandan sonra Vəli Quliyev barəsində mətbuatda şikayətlər etdim və mənə xəbər gəldi ki, sizin güzəştli kredit almanıza mane olan Sahibkarlıqa Kömək Milli Fondudur”.
Bundan sonra bəxtini digər banklarda sınamaq qərarına gələn sahibkar bunun da fayda vermədiyini bildirir: “Bundan sonra başqa banklara müraciət etdim. Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil banklarının əksəriyyəti bildirdilər ki, “Şirzad Abdullayev özü zəng vurub bizə deməsə ki, filan sahibkarın sənədini mənə göndərin biz öz başımızdan bunu edə bilmərik”. Ona görə Şirzad Abdullayevin razılıqı olmalıdır. Şirzad Abdullayev özü və eləcə də Siz bu iddianı təbii ki qəti şəkildə qəbul etmirsiniz. Amma reallıq budur, cənab Şahin Mustafayev”.
Sonda nazir Şahin Mustafayevə sual ünvanlayan sahibkar arxasında iri məmurların dayanmadığı sahibkarlara iri həcmli kreditlərin verilmədiyini söyləyir: “Mənim Sizə bir vətəndaş və sahibkar kimi sualım var: Siz hansı sadə, əli qabarlı, arxasında iri ranqlı məmur olmayan sahibkara dövlətimizin ayırdığı güzəştli kreditdən 100 min, 200 min, 300 min, 400 min, 500 min güzəştli kredit vermisiniz? Vermisinizsə, adını açıqlayın ictimaiyyətə gedək, yerində həmin sahibkarlarla görüşək və həmin krediti necə, hansı şərtlərlə götürdüyünü öyrənək. Dövlətimizin Başçısı Cənab İlham Əliyevin hər il sahibkarlığın inkişafına ayırdığı vəsait bəlkə kiminsə şəxsi puludur? Bəlkə həmin pul kimnsə ata-babasından miras qalıb? Açıqlayın, bizdə Sizi bir daha narahat etməyək. Bu gün dünyada neftin qimətinin aşağı düşməsi Cənab Prezidentimiz İlham Əliyevi ciddi narahat edir və ölkədə sahibkarlığın inkişafına dəstək olmasını bildirir. Sahibkarlara mane olan, onları incidənlərin son aylardakı aqibətini özünüz də gördünüz. Nə üçün bir dəfə də olsun maraqlanmırsınız ki, Şirzad Abdullayev nə üçün şəxsən mənim kimi əli qabarlı, zəhmətkeş, dövlətinə sədaqətli gənc sahibkarı çıxılmaz duruma salıb? Nəyə görə araşdırmırsınız ki, mən həqiqətən təsərrüfat yaratmışam, bəlkə mən pulu aparıb Avropa ölkələrində kef məclislərinə xərcləyəcəm. Mən dələduz deyiləm ki, bəziləri kimi başqasının təsərrüfatını göstərim və yalandan deyim mənimdir tez mənə kredit verin".
Müraciə bu cümlələrlə yekunlaşır: “Cənab Şahin Mustafayev. Nə vaxta qədər ölkə rəhbərliyini, xalqımızı aldadıb saxta rəqəmləri ictimaiyyətə açıqlayacaqsınız? İnanın mənfur niyyətli məmurlar Cənab Prezidentimiz İlham Əliyevin də dediyi kimi kimliyindən aslı olmayaraq layiqli cəzalarını alacaqlar”.
462 dəfə oxundu