Bütün ölkə bü qəhrəman fəhlədən danışır - FOTO

Bütün ölkə bü qəhrəman fəhlədən danışır -

Sosial şəbəkələrdə onun şəkilləri paylaşılır, barəsində yazılır. O bu günün qəhrəmanıdır. Azərbaycan oğlunun ən gözəl keyfiyyətini üzə çıxaran bu gənc 21 yaşlı Kamrandır.

Tikintidə fəhlə işləyən Kamran Babayev Ağsu sakinidir. Bakıya qazanc dalınca gələndə bir gün qəhrəman olacağını heç ağlına belə gətirməzdi.

Yanan binaya daxil olub bir neçə sakinini xilas edən Kamran ANS PRESS-lə söhbətində, sadəcə insanlıq borcunu yerinə yetirdiyini söylədi: "O qışqırtıları eşidəndə dayana bilmədim". Sakinləri xilas edərkən özünün də ayaqları və əlləri yanan Kamran həmin o dəhşətli günü belə xatırladı: "İşə gedirdim, gördüm ki, camaat yığışıb. Yaxınlaşanda binanın yandığını gördüm. 2-ci mərtəbədən qışqırıq səsləri gəlirdi. Düşünmədən qaçıb binaya girdim. Gördüm 1-ci mərtəbə yanır. Yerdə nərdivan var idi. Götürüb liftin şüşəsini qırıb düşdüm şaxtaya. Gödəkcəmlə ağzımı bağladım. Trosdan yapışıb 2-ci mərtəbəyə qalxdım. Gördüm 2 uşaq ölüb. Onların meyitini liftin şaxtası ilə çıxartdım. Təzədən qayıdıb girdim binaya. 9-cu mərtəbəyə kimi qalxdım və 4 ailəni xilas etdim. 6-cı mərtəbədə qalmış bacı-qardaşı aşağı düşürdüm. Yanmış ayaqqabılarımı çıxarıb yenidən yuxarı dırmaşdım. Ayaqlarım elə onda yandı. Çox şükür ki, pis yanmayıb. Məni Allah qorudu. Gəzə bilirəm. Mənzillərdən qışqırıq səsləri gəlirdi, dözə bilməyib yenə 9-cu mərtəbəyə qalxdım. Bir evin qapısı bağlı idi. Təpiklə qırdım, girdim evə. Bir azyaşlı pəncərənin qabağında dayanmışdı. Arxadan tutub onu aşağı düşürmək istəyirdim. Amma mən çatana kimi uşaq özünü pəncərədən atdı. Dəhşətə gəldim...

Dayanmayıb 10-cu mərtəbəyə də qalxmaq istədim, amma alov o dərəcədə güclü idi ki, bacarmadım. Şaxta ilə aşağı düşdüm. Yanğınsöndürənlər artıq gəlib çıxmışdılar. Məni ərazidən onlar uzaqlaşdırdılar”.

Kamranın təvazökarlığı bizi çox təəccübləndirdi. Bu qədər böyük şücaət və qəhrəmanlıq göstərən gəncimiz yaralarının sağalması üçün belə həkimə müraciət etməmişdi. Bir gün sonra xəstəxanaya gedib yaralarını sarıtdırıb. Lazımi dərman və məlhəmləri alıb, sarğını atasının köməyilə dəyişdiyini deyir.

Ayaqları və əlləri yandığından fəhləlik edə bilmədiyindən atası bu gün onu Ağsuya, evə aparacaq. Yaraları sağalana qədər qazancı olmayacaq. Amma Kamran bütün Azərbaycanın sevgisini, xilas etdiyi insanların dualarını qazandı.

Zənnimizcə, belə şücaətli, mərd oğulun dövlət təşkilatlarında çalışmasına böyük ehtiyac var. Əmini ki, o da ən azından FHN-nin digər xilasediciləri kimi bu dəstəyə qoşulmaqla, digər önəmli qurumlarda fəaliyyət göstərməklə daha böyük qəhrəmanlığa imza ata bilər. Kamranı onun sosial şəbəkələrdə məşhur olan fotolarını çəkən Ehtiram Cəbi vasitəsilə tapa bildik. Əslində, 19 yaşlı fotoqraf olmasaydı, Kamranın qəhrəmanlığında heç kim xəbər tutmayacaqdı. Məncə, ən azı Kamran qədər ona minnətdar olmalıyıq.

Ehtiram Cəbidən Kamranı necə kəşf etdiyini soruşdum. O belə cavab verdi: “Hadisənin sabahı günü, yəni ayın 20-də hadisə yerinə getdim. Hadisə vaxtı da orada idim, çəkiliş edirdim. Ayın 20-də ora gedəndə bina sakinlərinin əşyalarını daşıdığını gördüm və çəkiliş etdim. Sonra oradan uzaqlaşıb evə qayıtmaq istədikdə Kamranı gördüm, ətrafında da bir neçə nəfər var idi. Yaxınlaşıb söhbətə qulaq asanda, məsələnin nə yerdə olduğunu öyrəndim. Sonradan ondan icazə alaraq, şəkillərini çəkdim və təşəkkür edərək əlaqə nömrəsini aldım.”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...