Azərbaycan Türkiyədən 3 milyard dollarlıq döyüş vertolyotları alır

Azərbaycan Türkiyədən 3 milyard dollarlıq döyüş vertolyotları alır


Azərbaycan milyardlarla dollarlıq daha bir silah sövdələşməsinə imza atıb

Virtualaz.org saytı airnewstimes.com-a istinadən xəbər verir ki, Türkiyənin TAİ şirkətindən 60 “T-129 ATAK” döyüş vertolyotunun alınmasına dair razılıq əldə edib. Sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır. “T-129 ATAK” döyüş vertolyotları İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunur. O, “A-129 Mangusta” döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə yerli şərtlərə uyğunlaşdırılmış versiyasının birgə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub. Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti-TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunmaqdadır. İlk sınaq uçuşlarını 2011-ci ildə keçirib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir.

“T-129 ATAK” vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan 76 “hava-yer” tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir. Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə silahlı qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.

“T-129 ATAK” vertolyotlarının Türkiyə silahlı qüvvələri tərəfindən istismara başlamasından sonra onun xarici müştəriləri də meydana çıxıb. “T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə Azərbaycandır.

2013-cü ildə əldə edilmiş anlaşmaya görə, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Lakin sövdələşmənin detalları, vertolyotların nə zaman təhvil veriləcəyi haqda məlumat yoxdur. Hərçənd ki, o vaxt TAİ-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan vertolyotların seriya istehsalına 2013-cü ildə başlayacağı açıqlanmışdı. Hələlik bu vertolyotların Azərbaycan ordusunun silahlanmasına daxil olması barədə məlumat yoxdur. Bildirilir ki, Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən bu vertolyotların alınmasına dair danışıqlar aparır.

Qeyd edək ki, Azərbaycanın silahlanmasında olan döyüş vertolyotları Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib. İndi Türkiyədən 60 “T-129 ATAK” vertolyotlarının alınmasına dair sövdələşmə şübhəsiz ki, Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyünü daha da möhkəmləndirməklə yanaşı onu regionun ən güclü hava qüvvələrinə malik ölkələrindən birinə çevirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...