Dörd universitetin rektoru dəyişəcək: Onların yerinə kimlər təyin olunacaq?

Dörd universitetin rektoru dəyişəcək:

Etibar Əliyev: “Yeni rektorlar universitet kollektivinin seçdiyi namizədlər arasından təyin olunsa, daha yaxşı olar”

Deputat mandatını rektor vəzifəsindən üstün tutaraq, yenidən seçkilərdə qalib gələn 4 univeristetin rektoru yaxın günlərdə dəyişəcək. Onların yerinə yeni təyinatların olması gözlənilir.

Belə ki, deputatlığa namizədliyini irəli sürən 4 rektorun - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin(Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) adları artıq seçilmiş deputatların sırasındadır.

Aqiyə Naxçıvanlı 117 saylı Oğuz–Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad–Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Bu ilin sentyabr ayında verilən qərara əsasən, “Yeni Azərbaycan” Partiyasından namizədliyi irəli sürülmüş rektorlar deputat seçiləcəkləri təqdirdə, vəzifədən getməlidirlər.

Yeni rektorlar təyin olunana qədər isə hələlik əvvəlki rəhbərlər iş başındandır. Konstitusiya Məhkəməsinin verəcəyi qərarla onlar öz vəzifələrini itirmiş olacaqlar. Bundan sonra yeni təyinatların olacağı gözlənilir.

Qeyd edək ki, bəzi rektor-deputatlar arasında universitet rəhbəri kimi qalmağı üstün tutanlar da olub. Bunlar Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovadır.


Hazırda mətbuatda ən çox dolaşan sual deputat seçilən rektorların yerinə kimlərin gələcəyidir. Bu barədə ən çox səslənən fikirlər isə universitetlərdə fəaliyyət göstərən prorektorlardan birinin rektor təyin olunacağı ilə bağlıdır.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov "Report"a açıqlamasında bildirib ki, o, rektor kürsüsünü tərk etmək üçün parlament seçkilərinin nəticələrinin təsdiqlənməsini gözləyir: "Hələlik heç nə deyə bilmərəm. Çünki Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləməlidir. Konstitusiya Məhkəməsi deputatların mandatını təsdiqlədikdən sonra rektorluqla bağlı qərarımı verəcəm. Məhkəmənin qərarından sonra bu məsələ haqda geniş danışmaq olar".

Mətbuatda dolaşan başqa bir xəbərə görə, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov artıq kabinetini tərk etməyə hazırlaşıb. İddialara görə, onun yerinə universitetin tədris işləri üzrə prorektoru Sabir Əliyev təyin ediləcək.

Ali məktəblərə rektorların seçilməsinə gəlincə, ekspertlər bunun seçim yolu ilə təyin edilməsini məsləhət görür.

Sabiq təhsil naziri Firudin Cəlilov musavat.com-a açıqlamasında bildirib ki, universitet kollektivi rektor vəzifəsinə təyin olunacaq şəxslərin namizədliyini irəli sürərsə, bu, daha məqsədəuyğun olar: “O zaman biz “Təhsil haqqında” Qanunu hazırlayarkən, universitet rektorlarının təyin edilməsini yox, ali təhsil müəssisəsinin kollektivi tərəfindən seçilməsini nəzərdə tutumuşduq. Universitet kollektivi bir neçə nəfərin namizədliyini irəli sürürdü, həmin şəxslərdən biri təyin edilirdi. Ancaq təəssüf ki, bizdə o seçki sistemi reallaşmadı. İndi rektor ölkə başçısı tərəfindən təyin olunur. Yaxşı olardı ki, gənclərin, xaricdə təhsil almış kadrların vəzifəyə gətirilməsinə üstünlük verilsin”.

Vəzifədən gedən rektorların 10 ildən artıq ali məktəblərə rəhbərlik etdiklərini bildirən “XXI əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev də açıqlamasında yeni təyinatların daha uğurlu olacağına inandığını bildirib:“Biz seçki yolu ilə rektorların təyinatı məsələsində gecikmişik. Kollektiv bir neçə namizədi seçib, ölkə başçısına təqdim edə bilər. Ölkə başçısı isə onlardan birini həmin ali məktəbə təyin edə bilər. Praktikada belə hal mövcuddur. Lakin mən başqa bir məsələni qeyd etmək istəyirəm ki, ümumiyyətlə, seçkidən əvvəl də rektor təyin olunmuş şəxsləri düzgün təyinat hesab edirəm. Sumqayıt Universitetində, Neft və Sənaye Universitetində, İqtisad Universitetində yeni rektor təyinatları olub. Yeni rektorlar kifayət qədər savadlı və qabiliyyətli kadrlardır. Bunlar çox mütərəqqi təyinatlardır.

Deputat mandatını rektorluqdan üstün tutan rektorların yerinə gəncə və orta yaşlı nəslin nümayəndələri təyin olunmalıdır. Çünki rektorluqdan gedən şəxslərin bir neçəsi 10-15 ildən artıqdır ki, həmin ali məktəblərə rəhbərlik edirlər. Mənə elə gəlir ki, onları əvəz edən kadrlar seçkidən əvvəkli kadr təyinatı prinsipinə uyğun olaraq, təyin olunacaqlar”.

Ekspert qeyd edib ki, hazırda ali məktəblərin qarşısında daha böyük tələblər durur və yeni rektorlar da buna uyğun olaraq, təyin edilməlidir: “Ölkəmizdə ali təhsil sistemi geridədir. Mütləq dünya ali təhsil sistemini bilən, elmi potensialı olan şəxslər ali məktəblərə təyin olunmalıdırlar ki, təhsilin səviyyəsi artsın. Yaxşı olar ki, yeni rektorlar həmin ali məktəbin profilinə uyğun şəxslər olsunlar. Məsələn, mən Azərbaycan Tibb Universitetinə xarici ölkələrdə tibb təhsili almış, tibb sahəsində müəyyən müddət çalışmış və uğurlu fəaliyyətləri olan bir şəxsin təyin olunmasının tərəfdarıyam. İdman Akademiyasına orta yaşlı, idman sahəsində uğurları olan bir şəxsin təyin olunmasının tərəfdarıyam.

Kifayət qədər uğurlu kadrlar var, lakin seçim dəqiq olmalıdır. Bizim ali təhsil sistemi geridə qalır və yeni rektorlar ali təhsilin inkişafına öz tövhələrini verməlidirlər. Bu, siyasi qərar olaraq həyata keçirilir, yəni cənab prezident təyin edir”.

E.Əliyevin fikrincə, universitet rəhbərliyinə gətiriləcək şəxslər mövcud kollektivdən deyil, kənardan seçilsə, daha məqsədəuyğun olar: “Yeni rektorlar həm kollektivdən seçilə, həm də kənar şəxslər rəhbərliyə gətirilə bilər. Lakin mənim fikrimcə, universitet kollektivindənsə, kənar şəxslərin rektor təyin olunması daha yaxşı olar. Çünki daxildə artıq sınanmış bir metod var, insanlar bir-biri ilə əlaqəlidirlər. Onların içindən bir şəxsin təyin olunması heç nəyi dəyişməyəcək. Kənardan təhsil sisteminə yenilik gətirəcək bir şəxs təyin olunmalıdır. Yeni rektorların kim olacağını təxmin etmək bir qədər çətindir. Çünki adıçəkilən univeritetlər spesifik sahələrə aid universitetlərdir. Burada Təhsil Nazirliyinin təqdimatı önəmlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1002 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...