“Qaçqınkom”dan milyonluq köçürülmələr: “166 Global Logistics”lə 6 ayda 3 milyonluq anlaşma
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom”) növbəti tenderini yekunlaşıdırıb.
Yeni müsabiqəyə əsasən keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi həyata keçiriləcək.
Məlumatda vurğulanır ki, tenderin qalibi "166 GLOBAL LOGİSTİCS” MMC olub. Şirkətlə 1 milyon 348 min 704 manat dəyərində müqavilə imzalanıb.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, "Qaçqınkom”la "166 GLOBAL LOGİSTİCS” arasında bu ilk anlaşma deyil. Son 6 ayda tərəflər daha iki belə tenderdə anlaşıblar.
Belə ki, bu ilin aprelində Ağdamın Xıdırlı kəndinə 719 və Ağdam şəhərinə 1268 məcburi köçkün ailələrinin köçürülməsi prosesi həyata keçirilib. Tərəflər 2000-ə yaxın insanın köçürülməsində 1 milyon 630 min 223 manata razılaşıblar.
Digər tenderdə isə Laçın şəhərinə 40, Qubadlı rayonunun Zilanlı kəndinə 193, Qubadlı rayonunun Mahruzlu kəndinə 190, Ağdərə rayonunun Həsənriz kəndinə 98, Tərtər rayonunun Umudlu kəndinə 116 və Xocavənd rayonunun Xocaoba kəndlərinə köçkünləri daşımaq nəzərədə tutulub. Bu zaman isə 638 min 875 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, "166 GLOBAL LOGİSTİCS” MMC 2012-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi isə İrina Səmədova Olegovnadır.
54 dəfə oxundu