"Nardaranda mafiyaya çevrilmişdilər" - Azay Quliyev

"Nardaranda mafiyaya çevrilmişdilər" -


Nardaranda baş verənlər göstərdi ki, bu kənddə yaşamayan şəxslər, xüsusi ilə Taleh Bağırzadə və onun dostları mafiyaya çevrilmişdilər. Sputnik xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, bu şəxslər düşünürdü ki, Nardaranda insanların dinə bağlılığı onların hər hansı bir məsələdən sui-istifadələri üçün əsas olmamalıdır: "Təəssüf ki, bu hal proseslərdə müşahidə olundu. Amma bir daha hamı əmin oldu ki, Azərbaycan dövlətçiliyinə qarşı addımlar atmaq, dövlətin qanunlarını pozmaq olmaz. Onlar qanun qarşısında cavab verəcək və dövlətin sərt təpkisi ilə üzləşəcəklər. Təəssüflər olsun ki, orada ölənlər də oldu. Polislərimiz həlak oldu. Nardaranda belə insidentlər ilk dəfə baş vermir. Bu məsələni ciddi şəkildə və birdəfəlik həll etmək lazımdır".

Millət vəkili vurğulayıb ki, Nardaranın bundan sonra din pərdəsi altında toplaşan ekstremist qüvvələr və radikal qruplaşmaların mərkəzinə çevrilməsinə yol verilməməlidir. A.Quliyev qeyd edib ki, bu məsələ ciddi şəkildə hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılmalıdır: "Nardaranın əhalisi çox məqsədyönlü işlər görməlidir. Orada uşaqlar dini təsirlər, dini şüarlar altında küçələrə çıxarılır. Hesab edirəm ki, bu, Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükədir. Bu baxımdan qəsəbədə təhsil məsələsinə diqqət artırılmalıdır. İlk növbədə Nardaranda uşaqların təhsilə cəlb olunması istiqamətində işlər görülməlidir. Qəsəbədə idarəetmədə özünəməxsus yanaşma olmalıdır. Əminəm ki, Nardaranda ağıllı insanlar çoxdur. Onlar Azərbaycan dövlətinin qanunlarına hörmət edirlər. Bu insanlar Azərbaycan dövlətçiliyinə qarşı addım atmazlar. Sağlam qüvvələrin qəsəbədə rolu, məsuliyyəti artırılmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...