Mehdiabadda bu məktəbdə "8 mart yığımı" başlayıb

Bu iddia Mehdiabad qəsəbəsi 1 saylı tam orta məktəblə bağlı Yenixeber.org-a daxil olmuş məlumatda yer alır. Bundan əlavə məktəbdə rəqs, şirniyyat, fond pulu adı ilə də, pul yığılması bildirilir.
Aktuallığını nəzərə alıb, məlumatı olduğu kimi dərc edirik:
Mehdiabad qəsəbəsi 1 saylı tam orta məktəbdə "8 mart"-la bağlı pul yığımına start verilib. İbtidai siniflər 10, orta siniflər 25-30, yuxarı siniflər isə 50 manat pul yığır.
Valideyn Komitələri ilə sinif rəhbərləri bu məsələdə əlbirdirlər.
Məktəb direktoru Pənah Babayev məsələdən xəbərdar olsa da, özünü xəbərsiz kimi apararaq pul yığımına şərait yaradır.
Əsas kontingenti kasıb sakinlər olan valideynlər isə pul yığımına açıq etiraz etməkdən çəkinirlər.
Onlar övladlarının məktəbdə gözümçıxdıya salınmağına görə açıq etiraz edə bilmirlər.
Bundan əlavə məktəbdə rəqs, şirniyyat, fond pulu adı ilə də pul yığılır.
Direktor Pənah Babayev isə baş verənlərə müdaxilə etmir. Direktorun sinif rəhbərlərindən niyə çəkindiyi isə məlum deyil.
1 saylı məktəbdə bəzi sinif rəhbərləri, valideyn komitələri var ki, Pənah Babayev onların əlində aciz qalıb. Onlar nə deyirsə P. Babayev də razılaşır.
Abşeron-Xızı regional Təhsil İdarəsi isə edilən şikayətlərə heç bir əhəmiyyət vermir.
Biz Yenixeber.org olaraq məktəbin direktorunu da dinlədik. Bizimlə telefon danışığında Pənah müəllim qısaca olaraq səslənən iddiaları təkzib edib, yalan adlandırdı. (Yenixeber.org)
Pənah Babayev
59 dəfə oxundu