Gəncə Psixonevroloji Dispanserinin “müştəriləri” araşdırma gözləyirlər

Yaşar Əliyevin pul aldığı bu insanlar, müvafiq qurumlardan hələ də məsələyə reaksiya verilməməsini heç cür qəbul etmək istəmirlər
Qəzetimizin ötən saylarında Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində yol verdiyi vəzifədən sui-istifadə halları, rüşvətxorluq və digər ciddi qanun pozuntularından bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Həmin yazılarda qeyd edilmişdi ki, Gəncə Psixonevroloji Dispanserində maxinasiyaların tətbiq olunduğu daha bir istiqamət də xüsusi arayışların verilməsi ilə bağlıdır. Belə ki, Yaşar Əliyevlə razılığa gələn sağlam şəxslər bu dispanserdən hətta “dəlilik kağızı” da ala bilirlər. Həmçinin, biz göstərmişdik ki, Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin işində müşahidə olunan bu qanun pozuntusu, bir çox digər mənbələr tərəfindən də təsdiq olunur və bu kimi maxinasiyalarda Yaşar Əliyevin bu yaxınlara qədər Gəncə şəhər 25 saylı TSEK-ə rəhbərlik edən həyat yoldaşı, Elmira Səlimovanın da yaxından iştirakı vurğulanır. Belə ki, bu yaxınlarda bizimdovr.az-a daxil olmuş növbəti müraciətə, əlillik dərəcəsi almaq məqsədilə Yaşar Əliyevə pul verdiklərini iddia edən 65 (altımış beş!) nəfər öz imzalarını atmışlar. Qeyd olunduğu kimi, baş həkimə verildiyi iddia olunan məbləğlər, 1055 manatdan 8000 manata qədər intervalda əks olunur. Vətəndaş Bəylər Bağırov isə, redaksiyamıza təqdim etdiyi ərizədə özünün başına gələnləri belə təsvir etmişdir: “Yazıb sizə məlum edirəm ki, mənim oğlum Bağırov Nurlan Bəylər oğlu 1995-ci ildə anadan olub və anadangəlmə döş qəfəsi xəstəsidir. Mən onu müayinə etdirdim, mənə dedilər ki, oğluma əlillik dərəcəsi düşür. Bundan sonra məndən Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyev 2500 manat pul aldı ki, oğlunu mən təqaüdə çıxardacağam. Yaşarın həyat yoldaşı Elmira həkim də Gəncə TSEK-nin baş həkim vəzifəsində işləyirdi. Yaşar mənə dedi ki, uşağın sənədlərini ver, mən həll edəcəyəm. Mən də 2015-ci ilin yanvar ayında sənədləri və pulu verdim. O gündən, bu günə hələ də iş düzəlməyib və mənim pulum da geri qaytarılmayıb. Xahiş edirəm bu işdə mənə kömək edəsiniz...”
Sözü gedən materiallardan növbəti birinin dərcindən sonra isə, redaksiyamıza artıq Bəylər Bağırovun ərizəsini öz imzaları ilə təsdiqləmiş digər vətəndaşlardan da müraciətlər daxil olmağa başladı. Bu müraciətlərdə vətəndaşlar onların adlarını və Yaşar Əliyevə verdikləri pulun məbləğini göstərməyimizi xahiş edirdilər. Bu səbəbdən də, dərc etdiyimiz son materialda biz həmin siyahıdan on nəfərin adlarını açıqlamışdıq. Lakin Bəylər Bağırovun ərizəsini imzalamış digər vətəndaşlar bu seçimi də məqbul hesab etmir və öz adlarının da qəzetimizdə dərc olunmasını xahiş edirlər. Buna görə də həmin siyahıdan növbəti adları da dərc etmək qərarına gəldik. Təkrarən qeyd edirik ki, ərizədə bütün bu pulların Yaşar Əliyevə xəstəlik kağızı almaq üçün təqdim olunduğu iddia olunur:
Ağayev Çərkəz Zülfüqar oğlu – 3000 manat;
Musayev Eyvaz Cahangir oğlu – 2500 manat;
Atakişiyeva Zəhra Mikayıl qızı – 1400 manat;
İmanquliyev Arzu Yusif oğlu – 5500 manat;
Məmmədov Maqsud Gülmalı oğlu – 2000 manat;
Ələkbərov Tapdıq Hüseynqulu oğlu – 1000 manat;
Mehdiyev İsmayıl Alim oğlu – 3000 manat;
Məmmədova Esmira Arif qızı – 3900 manat;
Həsənova Bəsti Heydər qızı – 2900 manat;
Bayramova Rəna Həsənqulu qızı – 3040 manat.
Həmçinin belə bir məqamı da xüsusi olaraq vurğulamaq istərdik ki, bütün bu imza sahibləri ərizədə şəxsi telefon nömrələrini də qeyd etməklə, ən yaxın vaxtlarda müvafiq orqanlar tərəfindən araşdırma aparmaq məqsədilə onlarla da əlaqə yaradılacağını gözləyirlər.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
591 dəfə oxundu