Şəkidə insanların məmur dərdi bitib-tükənmir ki... ŞİKAYƏT

Əslində oxucuların diqqətini növbəti dəfə Şəkinin səhiyyə sistemində ciddi problemlərin olmasına dair məlumatlara cəlb etmək istəyirdik. Növbəti dəfə ona görə deyirəm ki, bu mövzunu müzakirə etməyimiz birinci dəfə deyil. Məsələn, ötən ilin sonlarında dərc etdiyimiz bir materialda da Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış bir sıra ciddi qanun pozuntularından bəhs edən açıqlamalar verilmişdi. Baş həkimi Məcid Əliyevin isə, bir çox özbaşınalıqlara yol verdiyi qeyd olunmuşdu. Üstündən iki ay keçmiş, bu məqalədə yazılan ittihamlara təkrar qayıdanda, bizə irad tuturlar ki, təkrarçılığa yol verilir. Amma əslində bu təkrarçılıq deyil, eynilikdir.
Yəni KİV vasitəsilə, aşkar formada ötürülən bütün siqnallara baxmayaraq, Şəki mərkəzi xəstəxanasında da, ümumilikdə Şəki səhiyyəsində də vəziyyət eynilə olduğu kimi qalmaqda davam edir. Əlbəttə bu zaman zəruri cüzi korreksiyalara yol verilir. Məsələn, əgər iki-üç ay əvvəl açıqlamalarda rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən birinin tibb müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlər olduğu göstərilirdisə, bu halın indi də olduğu kimi qaldığı bildirilir. Bununla belə, qeyd olunur ki, vərəm və şəkərli diabet xəstələrinə verilən nisbətən ucuz və təbii ki, az effektli dərmanların çeşidi bir neçə adla genişləndirilib. Lakin eyni zamanda da yeni məlumatlarda qeyd olunur ki, Şəki RMX-da bu gün Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar daha intensiv və daha kobud şəkildə pozulur.
Amma bütün bunlara paralel olaraq, istər göhnə, istərsə də yeni məlumatlarda Şəkinin təkcə səhiyyəsinin deyil, həmçinin mədəniyyət və təhsil kimi sahələrinin də eyni bərbad vəziyyətdə olduğu və buna görə şəhərin icra başçısının müavini, Şəki ŞİH-nin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadovanın məsuliyyət daşıdığı vurğulanır. Bildirilir ki, Zərinə Cavadovanın kurasiyasına daxil olan Şəkinin əksər tibb müəssisələrində, mədəniyyət və turizm, eləcədə təhsil və məktəbəqədər təhsil müəssisələrində davamlı olaraq müxtəlif pul yığımları, ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda maxinasiyalar və digər korrupsiya halları həyata keçirilir.
Zaman keçir, məlumatlar təkrar-təkrar təqdim olunur, vəziyyətdə, konkret müəssisələrin fəaliyyətində bir dəyişiklik olurmu? Yox! Bəs onda yazılarda yeni nə axtarırıq? Nə qədər də olmasa, serial ssenarisi yazmırıq. Bəzi məmurların da arzusu budur ki, varlıqları belə unudulsun və onlar da rahat öz əməllərinə davam etsinlər. Məgər belə olmalıdır? Əgər rayondan vətəndaşlar müraciət edərək bildirirlərsə ki, Şəki şəhər Mədəniyyət və Turizm Şobəsinin yarıtmaz işi bu qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına səbəb olur və bu zaman adlarının açıqlanmasını arzulamırlarsa, bu elə qəbul olunmalıdır ki, ittihamlar əsassızdır? Qətiyyən yox! Biz atrıq əfələrlə müxtəlif rayonlarda yüksək vəzifəli məmurlar tərəfindən şikayətçi vətəndaşlara qarşı necə kəskin təpgi verildiyinin şahidi olmuşuq.
Məgər ortaya qoyulan iddiaların mütəmadi olaraq təkrarlanan konkret faktlarla təsdiq olunduğu göz önündə deyil? Həm də daha çox yerli ictimaiyyətin gözü önündə. Di gəl ki, hər nə cür proseslər getsə də, tapşırıqlar verilsə, vəzifələr qarşıya qoyulsa da dönüş yaranmır. Və çətin ki, əsaslı kadr islahatları aparılmadan bu dönüş yaransın.
Eynilə Şəki səhiyyəsinin də problemlərdən yaxa qurtarmaq ehtimalının yalnız kadr islahatlarına bağlılığını qeyd etmək olar. İstər Zərinə Cavadova olsun, istər Məcid Əliyev, istərsə də hər hansı digər bir məmur tutduqları vəzifədə qaldıqca, məhdud və primitiv alqoritmlərlə proqramlaşdırılmış iş metodlarını da olduğu kimi tətbiq etməyə davam edəcəklər. Sadəcə olaraq başqa seçim variantı yoxdur...
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
332 dəfə oxundu