Göyçay Regional Ədliyyə Şöbəsi vətəndaşı aldadıb? - SƏNƏD

Göyçay Regional Ədliyyə Şöbəsi vətəndaşı aldadıb? -


Oktyabrın 27-də Qafqaznews.az saytında “Ədliyyə Nazirliyinin Kürdəmirdəki icraçıları nə işlə məşğuldur?” başlıqlı yazı dərc olunmuşdu. Bakı sakini Rafiq Atamxan oğlu Məmmədov Qafqaz Xəbər Agentliyinə bildirmişdi ki, Kürdəmir rayon Mollakənd kənd sakini Mirabdulla Mirələm oğlu Abdullayevdən 3530 manat tutulub ona verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi 9 aya yaxındır icra olunmur və Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra Şöbəsi bu istiqamətdə ciddi bir addım atmır.

Oktyabrın 31-də isə Rafiq Məmmədov məsələ ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova da (surəti Göyçay Regional Şöbəsinin rəisi Ruslan Osmanlıya da göndərilməklə) yazılı müraciət ünvanlayıb. Həmin müraciətdə R.Məmədov bildirmişdi ki, fevral ayından Kürdəmir İcra Şöbəsinin icraatına verilən qətnamə hələ də icra olunmur və bu istiqamətdə Kürdəmir İcra Şöbəsi tərəfindən hansı tədbirlər görüldüyündən xəbərsizdir.

Dekabrın 15-də LEGİON əməkdaşı sözügedən şikayətçi Rafiq Məmmədovla əlaqə saxlayaraq, onun müraciətlərinin nəticə verib-vermədiyini soruşdu. “İlk günlərdə süni “hərəkətlilik” hiss etdim... Yəni, Kürdəmir İcra Şöbəsinin rəisi Arif Yəhyazadə bildirdi ki, tədbirlər görülür, tezliklə Mirabdulla Abdullayevin özü tapılacaq və borcun qaytarılması prosesinə başlanılacaq. Lakin Mirabdullanın atası Mirələm Abdullayev noyabr ayında cəmi 100 manat göndərib və icra şöbəsinə bildirib ki, guya mənimlə ayda 100 manat ödənişə razılaşıb. Bu razılaşmanın doğru olmadığını da Arif Yəhyazadəyə bildirmişəm.

Bundan başqa, Göyçay Regional Şöbəsindən mənə göndərilmiş 29 noyabrın tarixli məktubda bildirilir ki, guya Mirabdulla Abdullayevin saxlanılması ilə bağlı Nərimanov RPİ-yə noyabrın 2-də təqdimat göndərilib. Bu günlərdə Nərimanov RPİ-yə getdim, amma öyrəndim ki, onlara nə Göyçay Regional Şöbəsindən, nə də Kürdəmir Regional Şöbəsindən heç bir məktub göndərilməyib. Nərimanov RPİ-nin dəftərxanasında Mirabdulla Abdullayevlə bağlı heç bir məlumata rast gəlinmədi. Kürdəmir İcra Şöbəsindən isə məsələ ilə bağlı heç bir məlumat ala bilmirəm. Xahiş edirəm, vəziyyətin nə yerdə olduğunu aydınlaşdırasınız”, - deyə R.Məmmədov LEGİON-a bildirdi.

Biz məsələyə aydınlıq gətirmək üçün, Kürdəmir İcra Şöbəsinin rəisi Arif Yəhyazadəyə zəng etdik, lakin A.Yəhyazadə zənglərimizə cavab vermədi. Göyçay Regional Ədliyyə Şöbəsinin rəis əvəzi Teymur Mustafayev isə LEGİON-a bildirdi ki, az sonra Rafiq Məmmədovun şikayətini araşdıran əməkdaş bizə zəng edəcək və ətraflı məlumat verəcək. Təxminən, yarım saat sonra LEGİON əməkdaşına zəng edən Mübariz Abdullayev adlı şəxs bildirdi ki, Göyçay Regional Ədliyyə Şöbəsinin məsləhətçisidir: “Məsələ ondadır ki, biz Kürdəmir Rayon İcra Şöbəsindən işin icraatı ilə bağlı hesabat tələb etdik. Bizə bildirildi ki, noyabrın 2-də Nərimanov RPİ-yə məktub göndərilib, lakin sonra məktubun göndərildiyini sübut edən arayış təqdim olunmadı. Həmçinin, Rafiq Məmmədova 500 manat ödənilməsini sübut edən qəbzlər də təqdim olunmayıb.

Bundan başqa, Mirabdulla Abdullayevlə bağlı bir sıra dövlət qurumlarına göndərilən sorğulara cavab gəlməyib və bunun üçün də xatırlatma məktubu göndərilməyib.

Bir sözlə, indiyə qədər sözügedən qətnamə ilə bağlı hərəkətsizlik müşahidə etmişik. Həmkarıq, biz də çalışdıq ki, bu istiqamətdə tədbirlər görülsün. Lakin tədbir görülmür. Ona görə də, noyabrın 29-da bütün nöqsanlarla bağlı məlumatları toplayıb, Ədliyyə Nazirliyi Baş İcra İdarəsinə məktub göndərmişik. Məhkəmə icraçıları Baş idarəyə tabedir, orda bu istiqamətdə araşdırma aparıb tədbir görəcəklər”. “Bəs borcun qaytarılması ilə bağlı kim tədbir görəcək?”, - deyə soruşduq. “Vətəndaş Rafiq Məmmədovun şikayəti tam haqlıdır və bu nöqsanlara görə, Kürdəmir İcra Şöbəsinin rəhbərliyi məsuliyyət daşıyır. Hər halda, Baş idarədə məsələ ilə bağlı araşdırmanı yekunlaşdıqdan sonra, yerli icraçılara müvafiq tapşırıqlar veriləcək. Vətəndaş yazılı şəkildə Baş İcra İdarəsinə yenidən müraciət edə bilər”, - deyə M.Abdullayev cavab verdi. Biz Ədliyyə Nazirliyi Baş İcra İdarəsinin rəis və rəis müavinlərinin justice.gov.az saytında göstərilən nömrələrinə zəng etsək də, cəhdlərimiz uğursuz oldu. Ümid edirik ki, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi tezliklə məsələ ilə bağlı tədbir görəcək və şikayətçi vətəndaşlar hər ay məktub yazmaq məcburiyyətində qalmayacaqlar.


Göyçay Regional Ədliyyə Şöbəsi vətəndaşı aldadıb? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...