Sakinlərin evlərini zorla sökən “Orbita“ MTK-nın arxasında Ramin Əhmədov dayanır? - İDDİA

Xəbər verdiyimiz kimi, Bakı şəhərində evlərin qanunsuz, sakinlərin razılığı olmadan söküldüyü ərazilərdən biri də Nizami rayonunun Kamil Balakişiyev küçəsidir. Bu ünvanda yaşayan sakinlərin bəziləri iddia edirlər ki, metronun Qara Qarayev stansiyasının yaxınlığında olan binalarını “Orbita” MTK şirkəti tərəfindən onların razılığı olmadan söküntüsü aparılır.
Sakinlər iddia edir ki, yaşadıqları evin bir kvadrat metrinə şirkət tərəfindən 1200 manat təklif edilir və bu da indiki şərtlərdə çox az olduğu üçün sakinlər bununla razılaşmırlar. Hazırda isə “Orbita” MTK hələ də sakinlərin yaşadığı mənzillərin sanitar qovşaqlarını məhv etməklə məşğuldurlar. Sözügedən ərazidə “Orbita” MTK 7 ədəd çoxmərtəbəli yaşayış binası tikməyi nəzərdə tutub.
Çox təəssüf hissi ilə qeyd edirik ki, Bakı şəhərində tikinti şirkətləri uzun illərdir reyder fəaliyyəti ilə məşğul olsalar da, dövlət qurumları tərəfindən bu məsələ diqqətə alınmır...
Poliqon sakinləri narazı salan “Orbita” MTK şirkəti barədə maraqlı məlumat əldə edib.
Əldə etdiyimiz məlumata görə “Orbita” MTK heç də sıradan bir şirkət deyil. Bu şirkət uzun illərdir ki, Nizami rayonunun ən perspektivli yerində Qara Qarayev metrosunun yaxınlığında hündür mərtəbəli yaşayış binaları inşa edir.
Şirkətin rəhbəri rəsmi sənədlərdə Famil Bağıyev, icraçı direktoru oğlu Amil Bağıyevdir. Amil Bağıyev eyni zamanda ötən ay keçirilən bələdiyyə seçkilərində Nizami rayon bələdiyyəsinə üzv seçilib. Lakin şirkətin əsas pay sahibinin Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov olduğu bildirilir. Qeyd edək ki, Ramin Əhmədov Arif Qasımov Nizami rayonun icra başçısı olduğu zaman bu rayonda biznesin idarəsi, torpaqların satışı və yaşıllıqların məhv edilməsi ilə məşğul olub.
Arif Qasımov başçı vəzifəsindən azad olunduqdan sonra Ramin Əhmədov mərhum deputat Fəttah Heydərovun köməkçisi olub və iki dəfə deputatlığa namizəd olub. Ramin Əhmədəov eyni zamanda Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi olaraq təqdim edilir. Ümumiyyətlə isə Ramin Əhmədov özünü jurnalist, idmançı, biznesmen, ədəbiyyatçı, siyasətçi və s. epitetlərlə təqdim edir.
Hazırda isə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov əsasən bizneslə məşğul olur və onun biznes şəriklərindən birinin də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynovun qardaşı Ramal Hüseynovun olduğu bildirilir.
Qeyd edək ki, “Orbita” MTK-nın icraçı direktoru Amil Bağıyevin iki ay əvvəl keçirilən bələdiyyə seçkilərində Nizami rayonunun bələdiyyəsinə üzv seçilməsində də Ramin Əhmədovun ciddi dəstək verdiyi vurğulanır. Həmçinin, qalmaqallı reyder fəaliyyəti ilə tanınan “Orbita” MTK şirkətinin qeyri rəsmi olaraq əsas pay sahibinin Ramin Əhmədovun olduğu iddia edilir..
Xatırladaq ki, “Orbita” MTK paytaxtda ən çox şükayət edilən tikinti şirkətlərindən biridir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov mətbuata verdiyi açıqlamada PA-ya daxil olan şikayətlərin bir qismində vətəndaşların inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayət etdiklərini bildirirdi.
PA rəsmisinin açıqladığı narazılıq yaradan şirkətlərin siyahısının ilk sıralarında “Orbita” MTK şirkətinin də adı çəkilirdi.
79 dəfə oxundu