Yeni nazir İsmayıllıda "meşə mafiyası" ilə bacara biləcəkmi?

Yeni nazir İsmayıllıda "meşə mafiyası" ilə bacara biləcəkmi?

Azərbaycanda meşələrin qanunsuz məhv edilməsi, agacların kəsilməsi istiqamətində uzun zamandır ki, mübarizə tədbirləri həyata keçirilir. Ölkənin oksigen bankının məhv edilməsi meşələrin dağıdılması istiqamətində mühim işlər görülür. Gundeminfo.az-ın apardığı araşdırmalar zamanı bəlli olub ki, onlayn mediada daha çox şikayət və narazılıq edilən rayonlardan biri də İsmayıllıdır. Araşdırmalar göstərir ki, meşələrin məhv edilməsinə dair xəbərlər daha çox İsmayıllı rayonundandır. Bu rayonun Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunun fəaliyyətindən və fəaliyyətsizliyindən ciddi narazılıqlar var. Faktiki olaraq görüntülər də sübut edir ki, meşələr "İsmayıllı kömürü" hazırlayanlar üçün, turizm obyektləri inşa edənlər üçün əsl kəsim, dağıntı yerinə çevrilib.

Sabiq nazir Hüseynqulu Bağırovun dönəmində də bu rayonla bağlı şikayətlər kifayət qədər çox idi. Lakin nədənsə bu şikayətlərə adekvat olaraq cavablar verilmirdi.

Əməkdaşlarımızın apardıqları araşdırmalar göstərir ki, rayon ərazisində meşə massivlərinin qırılması tendensiyasına rəsmən müdaxilə lazımdır. Yerli əhali isə son illər nadir və qiymətli ağac növlərinin sürətlə məhv edilməsində İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovu günahkar bilirlər. Gələn şikayətlərə görə, İsmayıllıda son illər meşələr məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara çoxsaylı müraciətlər ediblər, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir.

GUNDEMİNFO.AZ Xeber.info-ya istinadən yazır ki, İlqar Qəribov rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinə müdir vəzifəsinə keçəndən sonra bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə İsmayıllı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. İsmayıllı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin iştirakı ilə bu ağaclardan mebel sənayesində istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonlarda fəaliyyət göstərən sexlərdən ibarətdir.

Sayt iddia edir ki, İlqar Qəribovun uzun müddət həmin idarədə rəhbər vəzifədə qalması və meşələri talan etməsi bilavasitə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovla bağlıdır. Çünki, nazirliyin xəbəri olmasaydı və Şakir İsmayılov İlqar Qəribova qəyyumluq etməsəydi İsmayıllı rayonunda uzun illər yaşıllığın məhvinə kimsə şərait yarada bilməzdi. Hazırda İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri tərəfindən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər qiymətli ağaclar kəsilərək İsmayıllı, Göyçay, Ağdaş, Ağsu, Kürdəmir rayonlarında mövcud olan mebel, parket və yeşik sexlərinə aparılır. Hətta qoruq ərazilərində də qiymətli ağaclar qırılaraq satılmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi də məlumatlıdır.

Bu ilin aprel ayının 23-də Muxtar Babayev dövlət başçısının sərəncamına əsasən ekologiya və təbii sərvətlər naziri təyin olunub. Bu təyinatdan sonra isə nazirliyin fəaliyyətində mühim canlanma və operativlik müşahidə edilməkdədir. Gundeminfo.az-a müraciət edən yerli sakinlər İsmayıllı rayonunda meşələrin mühafizəsi üçün yeni nazirin xüsusi diqqət ayırmasını istəyirlər. Müraciət edənlər iddia edirlər ki, meşələrin və yaşıllıqların məhv edilməsinə dair Rayon İcra Hakimiyyətinin nümayəndələrinə, rəhbərliyinə müraciət etsələr də nəticə yoxdur. Nəticə sadəcə olaraq ondan ibarətdir ki, icra nümayəndələri bu şilərə birbaşa Ekologiya Nazirliyindən müdaxilə olunmasının zəruriliyini qeyd edirlər.

Məlumat üçün onu da deyək ki, rəsmi statıstikaya əsasən meşə yanğınlarının daha intensiv xarakter aldığı rayonlardan biri də İsmayıllıdır. Bu isə bir daha rayonlarda meşələrin mühafizəsinin normal təşkil edilmədiyinin nümunəsidir.

Yerli sakinlər iddia edir ki, rayon ərazisində meşə zolaqlarının turizm obyektləri üçün satışında Ucra Hakimiyyətinin də rolu var. Çayların, şəlalərin ətrafları rəsmən satılıb. Bələdiyyələrə verilən göstərişlərlə İH-nin rəhbərliyi meşələri satışa çıxarıb. Sakinlər redaksiyamıza müraciət edərək yeni nazirin mövcud vəziyyətə müdaxilə etmələrini rica edirlər. Bütün tərəfləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...