Zərdabın sabıq icra başçısı həbs edilə bilər - İDDİA

Zərdabın sabıq icra başçısı həbs edilə bilər -

Dəyişikliklərin növbəti mərhələsinə icra başçılarının əvəzlənməsi ilə start verilib. Ötən yazılarımızda bildirmişdik ki, bu mərhələdə məmurların yaş həddi ilə yananaşı onların fəaliyyəti də əsas rol oynayacaq və daha çox narazılıq yaradan kadrlar işdən çıxarılacaq.

Məsələn, Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev yaş həddinə görə könüllü olaraq istefa verdisə, Yevlaxın icra başçısı Qoca Səmədov fəaliyyətinə görə vəzifəsindən azad edildi.

Bu gün isə icra başçıları arasında ən neqativ reputasiyaya malik olan Zərdabın icra başçısı Lütvəli Babayev işdən çıxarılıb. Lütvəli Babayevin yaş həddinə görə işdən çıxarılmadığı şübhəsizdir. Onun 60 yaşı var, yəni, hələ təqaüd yaşına çatmayıb. Məlumatlara görə, adıçəkilən şəxs yarıtmaz fəaliyyətinə və bu üzdən daha çox narazılığa səbəb olduğuna görə işdən çıxarılıb.

Mediada onun fəaliyyəti barədə çoxsaylı neqativ materiallar yer alır. Lütvəli Babayevin adı hətta hinduşka oğurluğunda hallanır. Zərdabda bu əhvalat dillər əzbəridir. Lütvəli Babayevlə bağlı məşhur qalmaqallardan biri də keçmiş müavini Tofiq Abdullayev tərəfindən məhkəməyə verilməsidir. Bu hadisə 2013-cü ildə baş verib. Tofiq Abdullayevin vəkili o zaman mediaya açıqlamasında bildirmişdi ki, müdafiə etdiyi şəxsin Lütvəli Babayevi məhkəməyə verməsinin səbəbi qanunsuz olaraq işdən çıxarılmasıdır. Lütvəli Babayev onu 4 dəqiqə gecikdiyinə vəzifəsindən azad etmişdi. Tofiq Abdullayev isə işə gecikməsinin səbəbi kimi icra başçısının birinci müavininin tapşırığı ilə ”Qələbə Meydanı” ətrafında aparılan təmizlik işlərinə nəzarət etməsini göstərmişdi.

2018-ci ildə isə aprel döyüşlərində şəhid olan Zərdab sakini Nurlan Abdullayevin atası Rasim Abdullayev Lütvəli Babayevdən şikayətçi olmuşdu. O bildirmişdi ki, rayon rəhbərliyi şəhidin ailəsinə və adına hörmətsizlik edib. Şəhid atasının sözlərinə görə, rayonun hərbi komissarlığı tərəfindən ona verilən 500 manatı icra başçısı Lütvəli Babayev alıb ki, şəhidin məzarının üstü götürülməlidir. Bundan başqa, rayondakı dövlət müəssisələrinin rəhbərlərindən şəhidin məzarının üstünü götürmək adı ilə xeyli vəsait toplayıb. Rasim Abdullayevin sözlərinə görə, icra başçısı ona “oğlunun meyitini yarılmağa mən qoymadım ki, bunun üçün 3000 manat xərc lazım olacaqdı, daha nə istəyirsən məndən” deyə minnət qoyub.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, əvvəllər Mingəçevir Rİh başçısı postunu tutmuş və hazırda Mingəçevirdə böyük biznesə malik olan Lütvəli Babayevə qarşı cinayət işi də açıla bilər. Bu barədə danışan mənbə iddia edir:

"Lütvəli Babayevə qarşı konkret yeyinti ittihamları var. Bu vaxta qədər onu Allahşükür Paşazadə qoruyurdu. İndi isə Şeyxin özünün müdafiə olunmağa ehtiyacı var. Lütvəli Babayevin qardaşı Mingəçevirdə Şeyxin nümayəndəsi olaraq biabrçı nüfuza malikdir. Bu barədə yerli KİV-də dəfələrlə yazılıb. İndi isə bütün bu faktlar təkrarən hüquqi araşdırmaya götürülə bilər və proses də məhz qeyd etdiyimiz istiqamətdədir".

Xatırladaq ki, Prezident də çıxışında əyri yola düşən icra başçıları barədə sərt qərarların veriləcəyini kəskin və net şəkildə vurğuladı. Həm də sonuncu çxışında...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...