“Plazalar kralı” İqtisadiyyat Nazirliyini məhkəməyə verdi – Şirkətin 22 min vergi borcu var

“Plazalar kralı” İqtisadiyyat Nazirliyini məhkəməyə verdi –
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatına verilib.
Qaldırılan iddia vətəndaşlıq vəziyyəti aktları üzrə mübahisələrlə bağlıdır.
Onu da bildirək ki, nazirliyə qarşı iddia “AQA Şirkətlər Qrupu” QSC və Dəmirçi Qafar Aydın oğlu tərəfindən qaldırılıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2000 manat olan “AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Rəsmi sənədlərdə MMC-nin qanuni təmsilçisi Nəzərov Qurban Kamal oğlu göstərilir. Lakin şirkətin saytında Qurban Nəzərovun maliyyə müşaviri olduğu qeyd olunur (https://agagroup.az/about).
Onu da bildirək ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda “AQA Şirkətlər Qrupu”na bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri) sahələrində də fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldıran Qafar Dəmirçi isə “AQA Şirkətlər Qrupu”nun icraçı dirktorudur. Qafar Dəmirçi eyni zamanda şirkətin sahibi olan Aydın Dəmirçinin oğludur.
Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsində fəaliyyət göstərir. 2014-cü ildən etibarən “AGA Group” şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək “Yotube” sosial şəbəkəsində paylaşır.
Qafar Dəmirçi həmçinin triatlon idman növü ilə məşğul olur. O, gənc idmançılarla birgə “Baku Tri Klub”u yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.
Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda “AQA Şirkətlər Qrupu”nun dövlət büdcəsinə ödənilməmiş 22 min 116 manat 67 qəpik vergi borcunun olduğu göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...