Əli Abbasov yenidən hədəfə gələ bilər MÜHİM ARAŞDIRMA
Rabitə nazirliyinin keçmiş vəzifəli şəxslərinin həbs müddəti uzadılıb. Binəqədi Rayon Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş əməkdaşları "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
"Report”un məlumatına görə, təqdimat təmin olunub və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Bu şəxslər ötən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
"Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov və Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Bir neçə gün əvvəl isə Binəqədi Rayon Məhkəməsində "Bakı Telefon Rabitəsi” Istehsalat Birliyinin (BTRIB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yoxlamalar Eldar Mahmudovun MTN-dəki dəstəsi ifşa olunandan sonra başlayıb. Çünki bu dəstənin uzantıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gedib çıxır. Elə bu səbəbdəndir ki, Əli Abbasov tutduğu vəzifədən azad edilib, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov həbs olundu. Daha sonra nazirlikdə aparılan yoxlamalar nəticəsində "Bakı Telefon Rabitəsi” Istehsalat Birliyinin rəisi Beytulla Hüseynov, "Aztelekom”un rəhbəri Məhəmməd Məmmədov və yuxarıda adı qeyd olunan vəzifəli şəxslər həbs olundu.
Bəzi iddialara görə, adıçəkilən şəxslərin həbs müddətinin artırılması Eldar Mahmudovdan fərqli olaraq yumşaq şəkildə cəzalandırılan keçmiş nazir Əli Abbasovu yenidən hədəfə gətirə bilər.
262 dəfə oxundu