Şamaxıdan nazirə şok müraciət RAMİN QULUZADƏ TƏDBİR GÖRMƏSƏ...

Müşfiq Mənəfov: “Tağı Həsənovu o vaxt Vidadi Zeynalov, indi isə yəqin ki, aparat rəhbəriniz Əli Abdullayev himayə edir”
Şamaxı rayon sakinin Müşfiq Mənəfov Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə açıq məktub ünvanlayıb. JAM.AZ xəbər verir ki, Mənəfov müraciətində yazır ki, 05 may 2016-cı ildə Şamaxıda onun qəbulunda olarkən, Şamaxı Poçt Filialının rəisi Tağı Həsənov onu "kirli əllərini mənə vurma" ifadəsi ilə təhqir edib. “Onun mənim poçta daxil olmağıma qadağa qoyması, poçt rəisi kimi ona etibar olunan sənədin- yəni şəxsiyyət vəsiqəmin surətinin 3-cü şəxsə təqdim etməsi və bir çox digər qanunsuz hərəkətləri barədə məlumat verdim.
Şikayətimdə onu da çatdırdım ki, T.Həsənov rayonun Məlikçobanlı kəndində dəyəri 10 min manatı keçməyən poçt binasının tikintisinə 60 min manata yaxın pul xərcləmiş, Poçt Filialı Rəisinə nəzərdə tutulmayan xidməti lyuks avtomobilinin alınmasına 20 min manat nağd pul ödəmiş, işlədiyi vaxt ərzində məhkəmə çəkişmələrinə poçtun10 min manata yaxın pul vəsaitini ödəmişdir. Siz qəbulda məni səmimiyyətlə dinlədiz, 4 vərəqdə olan ərizəmi və əlavə olunan arayışları şəxsən özünüz məndən götürdünüz, şikayətlərimin ciddi şəkildə araşdırılacağına, Şamaxı RPF-yə RYTN-nin Audit briqadasını göndərməyinizə və nəticə barədə mənə əlavə məlumat veriləcəyinə söz verdiniz”.
Şamaxı sakini qeyd edir ki, həmin vaxtdan 23 gün keçir. “Mənə isə ötən müddət ərzində Nazirlikdən 11.05.2016 tarixli, Azərpoçtdan 25.05.2016 tarixli məktublar göndərilmişdir. Hər iki məktubda mənim qeyd etdiyim faktların tam əsassız olduğu bildirilir və sairə. Cənab Nazir, mən ərizədə göstərdiyim faktların hər birini təsdiq edən arayışları axı Sizə təqdim etmişdim. Təqdim etdiyim hər bir arayış dövlət idarələri tərəfindən möhürlə təsdiqlənmişdir. Bəs, necə olur ki, mənim yazdıqlarım əsassız olur? Cənab Nazir, Tağı Həsənovun qanunsuz əməlləri Əli Abbasov nazir olduğu vaxtlarda da beləcə ört-basdır olunurdu. Tağı Həsənovu o vaxt Vidadi Zeynalov, indi isə yəqin ki, aparat rəhbəriniz Əli Abdullayev himayə edir, bunu mən də yaxşı dərk edirəm. Qəbul zamanı bu çox açıq-aşkar hiss olunurdu”.
Müşfiq Mənəfov vurğulayır ki, nazir ona bəzi vədlər də verib. “Cənab Nazir, o da yaxşı yadımdadır ki qəbulda mənə dediniz ki, nə ehtiyac vardı bu şikayətlərlə 2 dəfə (11 fevralda və 14 apreldə) Prezidentin köməkçisi Əli Həsənovun qəbulunda olmağa, bizə yazardın, özümüz araşdırardıq. Bu da araşdırmanızın nəticəsi”.
JAM.AZ vasitəsiylə Ramin Quluzadəyə mürciət edən rayon sakini nazirdən xahiş edir ki, onu 10 iyunda Xaçmaz şəhərində təkrarən qəbul etsin. “İstərdim ki, tək bir sualıma cavab tapam: tabeliyinizdə çalışan Tağı Həsənovun bir dövlət məmuru kimi sadə vətəndaşı təhqir etməsi, onun hüquqlarını pozması, əksər işçilərinin məvacibi 150 manat təşkil edən Poçt müəssisəsinin pulunu necə gəldi xərcləməsi dövlətimizin və cənab Prezidentimizin yürütdüyü siyasi və iqtisadi prinsiplərə nə dərəcədə uyğundur?”
383 dəfə oxundu