Bakıda mənzillər ucuzlaşıb, alıcılar gözləyir

Bakıda mənzillər ucuzlaşıb, alıcılar gözləyir


“Son il yarımda daşınmaz əmlak bazarında dollarla olan qiymətlərin ancaq birtərəfli qaydada enişi müşahidə edilir”

Bu haqda Modern.az saytına daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev məlumat verib.

O qeyd edib ki, 1 ay əvvəl də bildirdiyimiz kimi qiymətlər artıq orta hesabla 2 dəfəyə kimi düşüb:
“Ancaq bu rəqəmi çox ehtiyatla dilə gətiririk.

Çünki seqmentlər üzrə (ilkin bazar, torpaq bazarı, kommersiya obyektləri bazarı və s.) qiymət enməsi qeyri-bərabər olub. Əgər qiymətləri manat ifadəsində nəzərdən keçirsək bu halda biz fevral və dekabr devalvasiyalarının təsirinə görə fərqli mənzərə görəcəyik.

Manatla qiymət enməsinin 1-ci dalğasını biz 2014-cü ilin payızından fevral devalvasiyasına kimi müşahidə edirdik. Həmin vaxt qiymətlər həm manat, həm də dollar ifadəsində enirdi. 33 faiz fevral devalvasiyasından sonra manatla olan qiymətlər 1 ay ərzində əhəmiyyətli dərəcədə artdı.

Həmin an dollarla qiymətlər məntiqi olaraq azalma nümayiş etdirdi. Ancaq mart ayının sonu, aprel ayının əvvəlindən qiymətlər hər iki valyutada manat və dollar ifadəsində enməyə davam etdi və bununla manat qiymətlərinin enməsinin 2-ci dalğası başladı. Dekabr devalvasiyasından öncə fevral devalvasiyasından bir qədər fərqli vəziyyət yaranmışdı. Bazarda satılan əmlakların əksər hissəsinin qiyməti manatla, az hissəsininki isə dollarla (elanlarda məzənnəyə uyğun manatla göstərilirdi) göstərilirdi. Bundan əlavə dekabr devalvasiyasından sonra əlavə olaraq manat cüzi dəyərsizləşməyə (1,55-dən 1,6-ya kimi) məruz qalmışdı”.

R.Əliyev qeyd edib ki, hadisələr normal olaraq seqmentlər üzrə, təklif qiymətlərinin valyutasından asılı olaraq fərqli cərəyan edir:

“Qiymətləri dollarla müəyyən edilən manat ifadəsində göstərilən əmlakların (elanlarda məzənnəyə uyğun manatla göstərilirdi) qiymətlərinin bir hissəsi dollarla aşağı salındı, bir hissəsi isə eyni qaldı. Məsələn, araşdırma zamanı elə elanlara rast gəlmişik ki, dekabr devalvasiyasından əvvəl yerləşdirilib. Satıcı ilə əlaqə yaradanda məlum olur ki, qiymət tam fərqlidir. Çünki həmin elanda qiymət manatla göstərilsə də müştəri onu müəyyənləşdirəndə dolların məzənnəsinə istinad edib. İndi əlaqə yaradanda isə qiyməti ya yeni məzənnə ilə, yaxud da elə dollarla deyir. Etiraf edək ki, bu cür hallar o qədərdə çox deyil.

Bu daha çox kommersiya obyektləri bazarına xasdır. Qiymətləri manatla müəyyənləşdirən satıcılar üzrə isə fərq azdır. Bəziləri əvvəlki qiymətləri saxlayıb, bir hissəsi isə qaldırıb”. Ekspert bildirib ki, ilkin bazarda da mənzərə eynidir, bəzi tikinti şirkətləri xüsusən də ucuz ev tikənlər qiymətləri artırıb: “Buna görə də ümumilikdə bazarı nəzərdən keçirdikdə, sözsüz ki, dekabr devalvasiyasının təsiri altında qiymətlər qismən artıb. Ancaq adamları ən çox maraqlandıran gələcəkdə hadisələrin necə cərəyan edəcəyidir.

Bazarda dollarla olan qiymətlərlə bağlı biz əvvəldə demişdik ki, hər şey makroiqtisadi şəraitdən asılı olacaq. Bu şərait isə neftin uzunmüddətli qiymətlərindən asılıdır. Daşınmaz əmlak bazarına təsir bizə bir qədər gec çatır. Yenə də hesab edirik ki, bazarda mövcud olan qiymətlər hələ də makroiqtisadi şəraitə adekvat deyil.

Bu isə deməkdir ki, mövcud şəraitin reallıqları qiymətlərdə hələ də tam olaraq əks olunmayıb. Makroiqtisadi şərait dedikdə bir çoxları bunu ancaq əhalinin alıcılıq qabiliyyəti ilə bağlayır.

Doğrudur, ancaq tam olaraq vəziyyəti bununla əlaqələndirmək yanlışdır. Alıcıların gözləmə mövqeyində olması da doğrudur, ancaq baxır söhbət hansı alıcılardan gedir. İnvestor alıcılar isə daşınmaz əmlaka kapital yerləşdirilməsi nöqteyi-nəzərindən baxırlar. Onların bir hissəsi alış üçün qiymətlərin daha da enməsini, digər bir hissəsi isə iqtisadi şəraitin yaxşılaşması siqnallarını gözləyirlər. İkincilər daha doğru strategiya seçiblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...