Akif Nağı qardaşının vəfatı ilə bağlı xəbəri Türkiyədə aldı

Akif Nağı qardaşının vəfatı ilə bağlı xəbəri Türkiyədə aldı


Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti “Qarabağ təbliğat turu” çərçivəsində növbəti tədbirini Türkiyənin İzmit şəhərində keçirib. İzmit şəhərindəki Heydər Əliyev Mədəniyyət Evində baş tutan görüşdə QAT sədri Akif Nağı, QAT Türkiyə nümayəndəliyinin sədri Cəfər Dal, QAT İdarə Heyətinin üzvləri Rəhman Cəfərov, Hüseyn Hüseynov, “Yaddaş” sənədli filminin rejissoru Elxan Xanəlizadə tədbirdən əvvəl ictimaiyyət nümayəndələri ilə geniş diskussiya aparıblar.

Tədbiri giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündar Azərbaycanla Türkiyənin qardaşlıq bağlarından danışaraq, tədbir başlayan anda Bakıdan gələn bir xəbəri görüş iştirakçılarına çatdırıb, qardaşının vaxtsız vəfatı ilə bağlı A.Nağıya başsağlığı verib. Tədbirdə iştirak edən bütün ictimai xadimlərdən başsağlığı qəbul edən QAT sədri şəxsi həyatı ictimai həyatdan ayırmaq lazım olduğunu bildirib.

Daha sonra QAT sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, Azərbaycanın qardaş Türkiyədən daha çox gözləntisinin olduğunu çatdırıb. Bakının 1918-ci ildə daşnaklardan azad olunmasını xatırladan QAT sədri bu gün Azərbaycanda hamının Nuru paşanı, Qafqaz İslam Ordusunu rəhmətlə andığını vurğulayıb. Daha sonra “Yaddaş” sənədli filminə baxmağı təklif edən Akif Nağı müzakirələrin filmin nümayişindən sonra olmasını bildirib.

Tədbir iştirakçıları “Yaddaş” sənədli filminə baxıblar. Filmin nümayişindən sonra QAT Türkiyə nümayəndəliyinin sədri Cəfər Dal müzakirələrə başlayıb. Tədbirdə iştirak edən Kocaeli Şairlər və Yazarlar Birliyi başqanı Alptəkin Cevherli, Səlcuqlu Düşüncə Klubunun başqanı Süleyman Pekin, QAT Türkiyə nümayəndəliyi İdarə Heyətinin üzvü Naci Qara, Kocaeli Aydınlar Ocağı başqanı Ruhiddin Sönməz, Kocaeli sərhəd şəhərləri Qars, Ərdahan, İğdır Dərnəyi başqanı Necdət Qaradaş və digərləri çıxış edərək öz fikirlərini bildiriblər. Çıxış edənlər “Yaddaş” sənədli filminin dünyanın müxtəlif ölkələrində daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıblar.Türkiyə ictimaiyyət nümayəndələri müzakirələrdə Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrundakı haqlı mübarizəsinin dünyaya daha geniş miqyasda çatdırılması üçün QHT-lərin birgə fəaliyyətlərinin rolundan danışıblar.

Qeyd edək ki, Akif Nağının qardaşı Talıb Nağıyev 64 yaşında vəfat edib. T.Nağıyev ürəktutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...