Əli Həsənovla Vüqar Səfərlinin qurbanına çevrilmiş jurnalistdən Baş Prokurora MÜRACİƏT

Əli Həsənovla Vüqar Səfərlinin qurbanına çevrilmiş jurnalistdən Baş Prokurora
Jurnalist, “Yeniavropa.az” saytının baş redaktoru Səlim Balayev Baş prokuror Kamran Əliyevə müraciət edib.

Gundeminfo.az müraciətin mətnini təqdim edir:
“Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə

Hörmətli Kamran müəllim!

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən II “Jurnalistlər binası”nda mənzil alanlarla bağlı aparılan istintaqın nəticələrinə dair bu gün KİV-lərdə yayılan məlumat bir çox həmkarlarım kimi, məni də sevindirdi. Çünki mən də 2017-ci ildə Əli Həsənov-Vüqar Səfərli cütlüyünün ədalətsiz qərarlarının qurbanı olmuşam. Və ailəm bu ədalətsizliyə görə olmazın iztirablar çəkib.

1992-ci ildən mətbuat sahəsində çalışıram. 1992-1996-cı illərdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olmuşam. I Qarabağ müharibəsi veteranıyam. Dəfələrlə döyüş tapşırıqlarını yerinə yerirmək üçün cəbhəyə göndərilmişəm. Xarici jurnalistlərin döyüş bölgələrinə səfərlərinin təşkil olunması, Azərbaycanın informasiya blokadasının yarılmasında müəyyən xidmətlərim olub. 1993-cü ildə aprelin 2-də Kəlbəcəri ən son tərk edən biz - mən və Türk jurnalisti İrfan Sapmaz olmuşuq. Belə hesab edirəm ki, məhz bizim Kəlbəcərin Dağlıq Qarabağ ərazisindən deyil, Ermənistan ərazisindən işğal olunmasına dair hazırladığımız və Türkiyə üzərindən dünyaya yaydığımız operativ xəbərlərin BMT TŞ-da müvafiq qətnamənin qəbul olunmasında müəyyən payı olub. Ordudan təxris edildikdən sonra müxtəlif TV, agentlik və qəzetlərdə jurnalist fəaliyyətimi davam etdirmişəm.

2008-2017-ci illərdə “Yeni Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyətimi davam etdirmişəm. 2013-cü ildə I “Jurnalistlər binası”nda mənzillər bölünərkən ilk haqsızlığa uğradım. Siyahıdan kənarda qaldım. Saxta sənədlərlə mənim haqq etdiyim mənzilə sahibləndilər. Vəd edildim və ümid etdim ki, 2017-ci ildə növbəti binada nəhayət, mənzilə sahib ola biləcəyəm. Çünki artıq uşaqlarım böyümüşdü. Öğlanlarımın 27 və 23 yaşları var. Böyük oğlum universiteti bitirəndən sonra əsgər getmiş, qayıdandan sonra mağistraturanı da bitirmişdi. Artıq evləndirmək vaxtı çatmışdı. Biz isə 4 nəfərlik ailə 29 m2-lik bir mənzilə sığınmışıq. Düşünürdüm ki, heç olmasa, bunlar nəzərə alınacaq. Ən azından, rusdilli olduğuma görə, YAP sədrinin müavini, İcra katibi Əli Əhmədovun xarici qonaqlarla görüşlərini işıqlandırmalarım, ən çətin mövzuları, eləcə də Aprel döyüşçülərindən hazırladığım reportajlar, 2011-ci ildə Türkdilli Dövlət başçılarının Almatıda keçirilən I sammitində Prezident İlham Əliyevin iştirakından hazırladığım reportajlar, ən nəhayət Baş prokurorluqda qeydiyyatdan keçmiş bir jurnalist olaraq prokurorluq orqanlarının fəaliyyətindən mütəmadi olaraq yazdığım yazıların nəzərə alınacağını düşünürdüm və ümid edirdim. Haradan biləydim ki, Əli Həsənovla Vüqar Səfərlinin bu məsələdə niyyətləri başqadır və onların öz siyahıları var.

2017-ci ildə mənzil bölgüsü vaxtı redaksiyalarda keçirilən iclaslarda KİVDF-nin sədri Vüqar Səfərli şəxsən özü iştirak edirdi. İclasda, yuxarıda yazdıqlarımın hamısını üzünə söylədim. Dedim, indi bir əlinizi vicdanınıza qoyub deyin, mənə mənzil düşmürmü? Susdu! 25 illik jurnalist fəaliyyətim nəzərə alınmadı. Əvəzində isə kompüterdə hərflərin yerini belə tanımayan birisini “jurnalist” edib, adını siyahıya saldılar.

Bir müddət sonra Əli Həsənovun xanımı Sona Vəliyevanın qəbuluna getdim. Əvvəllər orada çalışmışdım, tanıyırdı məni. Dedim, kömək edin. Mənə nə desə yaxşıdır? “İndi hamının vəziyyəti çətindir. Mənim də vəziyyətin səninki kimidir. Bizim bir dar mətbəximiz var. Qaynanamla bir-birimizə sürtünə-sürtünə mətbəxdən keçirik!”, - deyə başından etdi.

Vədə yetişdi. 2017-ci il iyulun 21-də Əli Həsənovun köməkçisi Vüqar Əliyev axşam mənə zəng etdi. Dedi ki, sabah saat 12-00-da gələrsən Prezident Administrasiyasına Əli Həsənov səni qəbul edəcək. Səbəbi də o idi ki, həmin gün “Facebook”da “Vəsiyyətnamə” adlı bir status yazmışdım. Dostlardan xahiş edirdim ki, öləndə məni “Jurnalistlər binası”nın həyətindəki çuxurlardan birində basdırsınlar. Təbii bu, bir zarafat idi.Amma kreslosunun qorxusundan Əli Həsənov ciddi qəbul etmişdi.

Vüqar Əliyevin zənginin ardından daha kimlər mobil nömrəmə zəng etmədi?! BŞDYP Vaqif Əsədovdan tutmuş BŞBPİ-nin mətbuat katibi Qalib Rəhimova, ayrı-ayrı qəzet redaktorlarınadək. Sadəcə hal-əhval tuturdular. Məqsəd də o idi ki, məni telefon siqnalı ilə yaxalamaq. Bakıda ən ağır cinayətkarı belə izləmirlər. Təbii, Əli Həsənov buyurmuşdu, kim etiraz edə bilərdi ki?! Zəngdən 10 dəqiqə sonra Nəsimi rayon 20-ci polis idarəsinin əməkdaşları töküldülər evə. Ailəm qorxuya düşdü. Dedilər ki, “Biz səni qorumaq üçün burdayıq, eşitmişik, intihar edəcəksən”. Nə içəri, nə də ki çölə heç kimi buraxmadılar. Özləri də girib səhərədək bir otağı zəbt etdilər. Ailəm həmin gecəni mətbəxdə ayaq üstə keçirdi, qorxudan yata bilmədilər. Səhəri gün-iyulun 22-də, saat 9-00-da məni polis maşınına mindirib Nəsimi Rayon Polis İdarəsinə apardılar. Müxtəlif izahatlar yazdırırdılar. Sən demə, vaxtı uzadırmışlar ki, Əli Həsənov “Altun Saray”dakı təntənəli mərasimini bitirsin. Birdən “Yeni Azərbaycan”ın əməkdaşı haqsızlığa etiraz olaraq özünü öldürər, yaxud ora gələr, onun kreslosu laxlayar. Düz saat 14-dək orada saxladılar. Sonra da dedilər ki, azadsan, evə gedə bilərsən! Eyni anda Əli Həsənovun göstərişi ilə bütün saytlarda mənim şantajçı olmağım barədə xəbərlər dərc edildi. Heç kim mənim də mövqeyimi işıqlandırmağa cəsarət etmədi. Vüqar Əliyevə zəng etdim ki, məsələni anladım. O gündən sonra düz 5 ildir Vüqar Əliyev hələ də mənim zənglərimə cavab vermir. Hadisədən sonra isə Əli Həsənovun göştərişi ilə sıxışdırılaraq işdən getməyimə nail oldular.

Bir müddət işsiz qaldım. İş üçün getdiyim bütün redaksiyalar Əli Həsənovun qorxusundan qapıları üzümə bağladılar. Sonda məcbur qalıb, kiçik bir mətbu orqanı yaradası oldum.

Hörmətli Kamran müəllim!

Mənim kimi yüzlərlə belə jurnalistlər var və onların da başına eyni oyunlar gətirilib. Əli Həsənov-Vüqar Səfərli cütlüyünün oyunlarının qurbanına çevriliblər. Haqq etdikləri halda, illərdir kirayədə yaşamağa məhkum ediliblər. Bəziləri çəkinərək, ya da qorxaraq susmağa üstünlük veriblər.

Prezident İlham Əliyevin Əli Həsənovu vəzifədən azad etməsi, bu günlərdə isə Vüqar Səfərlinin həbs edilməsi biz kasıb jurnalistlərə yenidən bir ümid verdi. İnanırıq ki, Sizin rəhbərliyinizlə təkrar yoxlamalar keçiriləcək, haqqı çatmadan II “Jurnalistlər binası”nda mənzil sahibi olanların əmlakları müsadilə edilərək digər jurnalistlər arasında ölüşdürüləcək.

Hörmətlə, Səlim Balayev
“Yeniavropa.az”ın baş redaktoru
Tel: 050 214 52 26



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...