Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkürəsi” mövzusunda konfrans keçirilmişdir. Rayon İcra Hakimiyyətindən "Gundeminfo.az"-a daxil olan məlumata görə, tədbirdə YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlamışdır.
YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası məhz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin sayəsində surətli inkişaf yolu tutmuşdur. Bu gün müxtəlif istiqamətlər üzrə əldə olunan bütün yüksək nəticələrin təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Millət vəkili vurğulamışdır ki, Ulu Öndər ölkəmizi və xalqımızı bütün dəhşətli ssenarilərdən, dövlət müstəqilliyimizin itirilməsindən xilas etmişdir.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da çıxışında qeyd etmişdir ki, tarix mövcud zamandan və şəraitdən düzgün istifadə etməyi bacaran, xalqını irəli, dövlətini ucaldan nadir şəxsiyyətlər yetişdirir. Onun sözlərinə görə, Azərbaycan xalqının da xoşbəxtliyi onda idi ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib idi.
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Vətən Müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova və Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu, Abşeron RİH yanında İctimai Şuranın üzvü Vəli Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, respublikamızın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və dövlət müstəqilliyini qorumaq, daha da inkişaf etdirmək və dünya dövlətləri sırasına ucaltmaq üçün müəyyənləşdirdiyi uğurlu siyasi kursdan danışmışlar.
Sonda çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bugünki güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarmışdır. Ulu Öndərin ən böyük arzusunun işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması olduğunu vurğulayan RİH başçsı qeyd etmişdir ki, bu arzu da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində döyüş meydanında düşmən üzərində şanlı qələbə qazanmaqla reallaşdırıldı.
Tədbirin sonunda Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədri Süleyman Cəfərov YAP sıralarına qatılması münasibəti ilə təbrik edilmiş və onlara partiyanın vəsiqələri təqdim olunmuşdur.
496 dəfə oxundu