Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?
"Bir vaxtlar qadınlarımızın qucağında körpə uşaq görərdiksə, bu gün it, pişik, hətta meymun görürük. Hətta bəzi qadınlar iri marketlərdə alış-verişdə səbətlərində uşaq əvəzinə it aparırlar. Bütün bunlar Qərbin Strateji Beyin Mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayının 7735 olması ilə bağlı statistikadan danışarkən deyib.
O bildirib ki, əgər ailə institutu dağılırsa, onu qoruyan subyektlər, yəni ər-arvad, eləcə də ailənin digər üzvlər onun dağılmasından narahat olmurlar:
"Biz o vaxt qorxarıq ki, bu bizim üçün müqəddəs olsun. Əgər ailə institutunun müqəddəsliyi bizim gözümüzdən salınıbsa, onun dağılmasına biganə qalırıq. Ona görə də Azərbaycanın son 10-20 ildə ailə institutu tədricən məhvə doğru gedir. Nəticədə Azərbaycanda əhalinin artım tempi azalıb".
Asif Bayramov bunun üçün demoqrafik bir üsulun olduğunu əlavə edib:
"Əgər doğum səviyyəsi 3 uşağın altındadırsa, həmin millətin yaşlı əhalisi artır, 3-ə bərabərdirsə, əhali sabit qalır, 3-dən yüksəkdirsə, demoqrafik artım müşahidə olunur. Bu gün Azərbaycan cəmiyyətində ailə artımı 3 rəqəminin altında olduğuna görə azalma prosesi gedir. Həmin beynəlxalq mərkəzlərin hesablamalarına görə, 2050-ci ildə Azərbaycan xalqının sayı 3 milyon civarında qalacaq".
Asif Bayramovun sözlərinə görə, bu gün Azərbaycanda boşanmalar kəskin forma almış problemlərdəndir:
"Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları ciddi şəkildə məşğul olmalıdırlar. Bu gün müvafiq sahənin ekspertləri, mütəxəssisləri ciddi həyəcan siqnalı verməlidirlər. Çünkü bizə bəlli olan statistika üzərimizdə aparılan oyunun və Azərbaycan cəmiyyəti ilə bağlı qlobal mərkəzlərin qurduğu senarinin nəticəsidir. Biz həmin mərkəzlərin sosial eksperiment obyektinə çevrilmişik. Bunun hamısının kökündə dayanan ilk səbəblərdən biri odur ki, Azərbaycan cəmiyyətini əsrlərin sınaqlarından bu günə gətirib çıxardan ən fundamental dəyər bizim ailə institutudur. Hətta dövlətçiliyin böhran keçirdiyi tarixi dövrlərdə belə Azərbaycan xalqının ailə institutu onu bu böhrandan sağ-salamat çıxardaraq bu günə çatdırıb. Azərbaycan cəmiyyətinin ayaq üstə qalmasının ailə institutu olduğunu bilən beynəlxalq beyin mərkəzləri bilavasitə Azərbaycanın ailə institutunu hədəfə alıb".
Sosioloq hesab edir ki, ailə institunun gözdən salınması, dağıdılması üçün internet platformaları üzərindən Azərbaycan cəmiyyətinin şüuruna yeni davranış modelləri ötülülür:
"Bunlar bir başa ailə institutunun dağıdılmasına gətirib çıxardır. Bütün problemlərin əsas səbəbi ailə institutunun tarixən formalaşmış dəyərlərinə xələl gəlməsidir".
Qeyd edək ki, Azərbaycanda boşanma ilə bağlı statistika açıqlanıb. Orada göstərilir ki, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayı 7735 olub.
72 dəfə oxundu