Samir Şərifov sabiq kəşfiyyatçı Şvetsi məhkəməyə verərsə...

Samir Şərifov sabiq kəşfiyyatçı Şvetsi məhkəməyə verərsə...


ABŞ-da yaşayan casus Azərbaycanın gündəmini yerindən oynadan müsahibəsinə görə hansı cəzaya çatdırıla bilər; yerli ekspertlərin bu haqda fikirləri haçalanır; Müzəffər Baxış: “Bizim Cinayət Məcəlləsi Amerikada işləmir...”

ABŞ-da maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifovu üç ölkənin agenti adlandırması ictimaiyyətdə və mətbuatda geniş rezonansa səbəb oldu. Müxtəlif ekspertlər Şvetsin bu açıqlamasını şərh edərək, onun bu fikirlərinin arxasında nəyin dayandığını söylədilər.

Ekspert Mehman Əliyev isə “Yeni Müsavat”a müsahibəsində bu vəziyyətdə Samir Şərifovun nə etməli olduğunu söyləyib. O bildirib ki, hazırkı vəziyyətdən çıxış yolu kimi Samir Şərifov Şvetsi məhkəməyə verməlidir:

“Şərifov barəsindəki iddialarla ”vuruldu". Burada yeganə çıxış yolu onun məhkəməyə müraciət etməsidir. Şərifov Şvetsi məhkəməyə verməlidir. O zaman biz də məhkəmənin hansı qərarı çıxaracağını gözləyək. Məlumatların doğru olub-olmaması da o zaman üzə çıxacaq. Əgər Şərifov məhkəməyə müraciət etməsə, istefaya getməlidir. Başqa çıxış yolu da yoxdur".

Mehman Əliyevin bu fikirləri ilə razılaşdığını deyən politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, Samir Şərifov baş verənlərə aydınlıq gətirməlidir:

“Mehman Əliyevin fikirləri ilə tamamilə razıyam. Çünki bu xəbər iki cür anlaşıla bilər. Ya burada həqiqət payı var, ya da bu, Samir Şərifova qarşı kimlərinsə quraşdırdığı xüsuai provokasiyadır. Açığı bu, provokasiyaya daha çox oxşayır. Çünki Amerikada qərar tutmuş bir şəxs ancaq Azərbaycanda tanınan bir nazir haqqında fikirlər söyləyir. Halbuki, bu naziri bizdən başqa digər ölkələrdə tanımırlar. Lakin Şvetsin müsahibəsi elə Samir Şərifovun ətrafındadır. Hətta provokasiya olsa belə, Samir Şərifov bu məsələyə aydınlıq gətirməlidir. Maliyyə Nazirliyinin mətbuat katibinin məsələ ilə bağlı fikirlərini oxudum. Bu, açıqlama deyil, vətəndaşlarımızı ələ salmaqdır.

Samir Şərifov özü Amerikada səfərdə olsa da, dərhal təkzib açıqlaması verib bunu mətbuat xidməti vasitəsi ilə yaya bilərdi. Bəli, Samir Şərifovun üzərində həm Azərbaycanda, həm də xaricdə müəyyən şübhələr yaranıb. Hətta hesab edirəm ki, hakimiyyət səviyyəsində də bu məqaləni oxuyanlarda müəyyən şübhələr meydana çıxıb. Bu şübhələri aradan qaldırmağın yeganə yolu, Samir Şərifov tərəfindən həmin şəxsin Amerikada yaşasa belə, məhkəməyə verilməsidir. Bununla Samir Şərifov adı ətrafında yayılan şayiələrə son qoya bilər. Bunu etməyincə, yaxud da özü şəxsən mətbuata geniş açıqlama verməyincə, şübhələr ortadan qalxmayacaq”.

Məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Müzəffər Baxış isə bildirib ki, məhkəməyə verməklə Samir Şərifov Şvetsə nə isə edə bilməz:

“Şvetsin hazırda vətəndaşı olduğu ABŞ demokratik bir dövlətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ABŞ-da təsdiq olunmayıb. Şvets isə fikirlərini ABŞ-da səsləndirib. Bu baxımdan baş verən hadisənin cinayət adlandırılması üçün bu, həm ABŞ-da, həm də Azərbaycanda cinayət hesab olunmalıdır. Yəni Samir Şərifov burada məhkəməyə müraciət edərsə ki, Şvets onun haqqında böhtan xarakterli fikirlər səsləndirib, bu, Azərbaycanda Cinayət Məcəlləsinin 274-cü maddəsinə uyğun olaraq cinayət hesab olunur. Orada isə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu isə ictimai təhlükəsizlik dərəcəsinə görə, xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Müəyyən olunmalıdır ki, ABŞ-da böhtanla bağlı maddə var, yoxsa yoxdur. İkincisi, lap Samir Şərifov burada məhkəməyə müraciət etsin və bizim hakimlər də deyək ki, Şvets barəsində CM-nin 147.2-ci maddəsi ilə deyək ki, qiyabi hökm çıxarsınlar. Bunun nəticəsi nə olacaq? Azərbaycanın hökmünü göndərəcəklər Amerikaya, orada məgər Şvetsi cinayət məsuliyyətinə cəlb edəcəklər? Bu baxımdan hesab edirəm ki, Samir Şərifovun Şvetsi məhkəməyə verərək nəyəsə nail olması mümkün olan məsələ deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...