"İynəni artıq vurdular, şoka düşüb öldü" - Yanan azyaşlının atası

"İynəni artıq vurdular, şoka düşüb öldü" -


Polis Tovuzun Hunanlar kəndində yanıq xəsarətləri alaraq dünyasını dəyişən 3 yaşlı uşağın ölümünün səbəblərini araşdırır. GUNDEMİNFO.AZ-ın Region.TV-yə istinadən məlumatına görə, hadisə zamanı 3 yaşlı uşaq masa üstünə qoyulan isti xörəyi üzərinə aşırması nəticəsində qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan qızcığaza bədəninin 15 faizinin termiki yanığı diaqnozu qoyulub.

Uşağın atası Namiq Bağırov övladının ölümündə həkimləri günahlandırır: "Dedim ki, həkim, uşağımı Bakıya aparmaq lazımdırsa, aparım. Dedi ki, ay bala, bunda nə var ki, bundan da ağır xəstələr gəlir bura, üzdən yanıqdır, narahat olma. Dünən gecə gəldim, gördüm ki, tibb bacıları bir-birlərindən soruşurlar ki, buna iynəni nə qədər vuraq, 2 qram, yoxsa 1 qram? Dedim ki, bibi, qadan alım, zəng eləyin həkimə, o nə qədər desə, o qədər də vurun. İynəni artıq - 2 qram vurdular, uşaq şoka düşdü, sonra da öldü".

Hadisənin necə olduğunu danışan uşağın anasının dediklərinə görə, yeməyi qoyduğu stolun ayağının altı boş idi, ona görə altına daş qoyubmuş ki, dayansın: “Uşaq o daşı ordan götürəndə isti yemək üstünə aşdı. Uşağın əynini soyundurdum, yaralarını soydum, həkimə gətirdim".

3 bacının sonbeşiyi olan uşağın vəziyyəti pisləşdiyindən səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Valideynləri övladının həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

Xəstəxananın travmatoloqu Kamaləddin Abbasov isə deyilənlərlə razılaşmır: "Xəstə şokdan çıxarılandan sonra valideynlərinə dedik ki, xəstə ağırdır. Uşaqlarda 15 faizlik yanığın nəticəsi ağır olur. Bu iynənin bizdə daha əvvəl fəsadları olmayıb".
Qeyd edək ki, dünyasını dəyişən azyaşlının meyidi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinə gətirilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanıb.

***

Tovuzda yanıq xəsarəti alan azyaşlı ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, aprelin 30-da üzərinə qaynar yemək tökülən rayonun Hunanlar kənd sakini, 2013-cü il təvəllüdlü Bağırzadə Aysu Namiq qızı Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı orada keçinib.

Məlumata görə, Aysu Bağırzadə yaşadığı evdə stolun üzərinə qoyulan isti yeməyi üzərinə aşırıb və qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Bədənin 15 faizinin termiki yanığı xəsarəti alan 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...