Avropa Bankı Azərbaycanın iqtisadi göstəricilərini açıqladı...

Avropa Bankı Azərbaycanın iqtisadi göstəricilərini açıqladı...

“Qarabağ problemi bölgənin inkişaf perspektivinə təhlükə yaradır”

“Azərbaycan, Misir, Türkiyə və Ukraynada hələ də inflyasiya ikirəqəmli həddədir”. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün yenilədiyi proqnoz hesabatında bildirilir.

Qurumun hesabatında qeyd olunub ki, bu ilin ilk 10 ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb, ümumi daxili məhsul (ÜDM) istehsalında 0,6% geriləmə baş verib: “2017-ci ilin ilk 8 ayında isə ölkəyə investisiya qoyuluşu azalıb. Bu ilin I yarısında Azərbaycanla yanaşı, Belarus, Misir və Ukraynada kreditləşmənin həcmi 0,4% artıb, amma bu ölkələr real kreditlərin həcmini əhəmiyyətli dərəcədə azaldıblar”.

EBRD Azərbaycanda cari hesablarda da kəsir qeydə alındığını bəyan edib: “Azərbaycanın cari hesabları 2016-cı ildə ÜDM-nin 3,6%-i qədər kəsirdən sonra 2017-ci ilin I yarısında neft qiymətlərinin bərpası çərçivəsində cüzi artıb. Makroiqtisadi siyasət inflyasiyanın qarşısını almaq, xarici valyuta təzyiqlərini azaltmaq və likvidlik buferinin qorunması üçün nisbətən dar çərçivədə olub. Önəmli qaz infrastruktur layihələrinin tamamlanmasının 2018-ci ildən sonra böyüməyə stimul verəcəyi gözlənilir. Dağlıq Qarabağ problemi bölgədə böyümə perspektivinə təhlükə yaradır”.

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avropa Bankının açıqladığı rəqəmlər heç də bu qurumun öz hesablamaları əsasında formalaşmış rəqəmlər deyil: “Bu indikatorlar Statistika Komitəsi və Mərkəzi Bank tərəfindən açıqlanmış rəsmi rəqəmlərdir. Məhz bu mənbələrə istinadən qurum açıqlama yayıb. Burada real proseslərin qiymətləndirilməsi və inflyasiya səviyyəsinin real ölçülməsi, iqtisadiyyatın dinamikasındakı azalmanın real qiymətləndirilməsi çətin məsələdir. Bu baxımdan qurumun rəsmi statistikaya müraciət etməsi başadüşüləndir”.

Ekspertin sözlərinə görə, müşahidələr onu göstərir ki, xüsusilə də inflyasiya sahəsində vəziyyət bir qədər fərqlidir: “İnflyasiya 14 faiz göstərilsə də, bəzi məhsullar var ki, onların qiymətləri 2017-ci ildə 40 faizə qədər bahalaşıb. Orta inflyasiya səviyyəsi təxminən 20 faizin üzərində bir göstəricidir. Bunu hər kəs öz ailə büdcəsində, istehlak etdiyi məhsulların ümumi dəyərində hiss edir”.

2018-ci ildən sonra gəlirlərin artması məsələsinə gəlincə, R.Həsənov qeyd etdi ki, bu proqnozlaşdırıla bilən bir informasiyadır: “Azərbaycan iqtisadiyyatının növbəti illər üçün inkişaf proqnozlarında ortaya qoyulmuş sənəddir. İqtisadiyyat Nazirliyi bu cür açıqlamalarla çıxış edib və nazirliyin məlumatına görə, qaz gəlirlərinin artması 2019-cu ildə Azərbaycanın karbohidrogen gəlirlərinin 5 faiz yüksəlməsinə gətirib çıxaracaq. Bunun yaratdığı əlavə dəyər artacaqdır. Bütün bunlar mövcud olan və açıqlanmış göstəricilərdir. Beynəlxalq qaz layihələrinin, xüsusilə də TANAP-ın işə salınmasından sonra qazın ixrac həcminin artması, ”Şahdəniz"in ikinci frazasında istehsalın başlaması məsələsi də gəlirlərə təsir göstərəcək. Beləliklə də dövlət gəlirləri artacaq. Ümumilikdə, bu hesabatda fərqli bir informasiya verilmir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...