Azərbaycanda peşə təhsili 3 pilləli olacaq

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq

Təhsil Nazirliyi ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir.

APA-nın məlumatına görə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Milli Məclisin Elm və təhsil komitəsində bu gün keçirilən iclasında "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı yüksək texniki peşə təhsilinin tətbiq olunmasını da təklif edib: “Biz fikirləşdik və təklif edirik ki, peşə təhsili 3 pilləli olsun: ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. Amma burada yüksək peşə təhsili ali təhsil deyil. Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə, yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Peşə təhsilində isə bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir.

İnsan texniki peşə alıb, əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər. Bu, bizim əvvəlki kolleclər səviyyəsidir. Amma bu təhsil humanitar deyil, sırf texniki sahəyə aid olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli olunması vacib addımdır”, -deyə nazirlik rəsmisi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...