“Bir ay sonra yenə müayinədən keçməliyəm”

“Bir ay sonra yenə müayinədən keçməliyəm”

Sabiq daxili işlər naziri İsgəndər Həmidov dekabrın 10-da Novator.az-ın suallarını cavablandırıb. İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində doğulub. İqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. Uzun illər daxili işlər orqanlarında xidmət edib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ildən parlamentin üzvü olub. 1992-1993-cü illərdə Azərbaycanın daxili işlər naziri postunu tutub. 1995-2003-cü illərdə həbsdə yatıb.

2018-ci il dekabrın 4-də ürəyində yaranan problemə görə İsgəndər Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, dekabrın 5-də isə evə buraxılıb.

– İsgəndər bəy, səhhətiniz necədir?

– Yaxşıyam. Ev şəraitində müalicə alıram. Dərmanlar qəbul edirəm, sistem köçürürlər. Yaşım artdığı üçün bir az çətindir. Amma əziyyətə qatlaşmaq, havaya çıxmaq lazımdır. Əsas havadır. Çalışıram havada çox olam.

– Həkimlər hansısa məhdudiyyətlər tətbiq edibmi, nələri məsləhət görürlər?

– Siqaret çəkmək qəti olmaz. Yağlı yeməkdən, qızardılmış ətdən, kababdan uzaq durmaq, pəhriz saxlamaq gərəkdir. Bir də böyrəyimi sistem köçürməklə yumaq lazım gəlir. Ürək dərmanları da yazıblar. İkisi ömürlükdür, qalanı bir aylıq. Bir ay sonra yenə həkim müayinəsindən keçməliyəm.

– Koronaroqrafiya müayinəsindən – “anju” əməliyyatından keçiriləcəyiniz bildirilirdi…

– Böyrəyimdə bir az problem olduğuna görə bu əməliyyatı saxladıq. Əgər tromblar açılsa, onda “anju” əməliyyatına ehtiyac olmayacaq. Amma ehtiyac olarsa, sözsüz ki, bir ay sonra elətdirəcəm.

– Başqa bir ölkədə müalicəyə ehtiyac ola bilərmi?

– Əslində buna ciddi zərurət var. Amma mənim o qədər vəsaitim, imkanım yoxdur ki, gedib Türkiyə, Almaniya və ya başqa bir ölkədə müalicə alam. Doğrusu, bir az da patriotluqdan düşünürəm ki, elə öz həkimlərimiz olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...