Dövlət qurumlarının qəzetləri ləğv edilir?

Dövlət qurumlarının qəzetləri ləğv edilir?
Azərbaycanda çap mediasında ciddi dəyişikliklər aparılır. Xəbər verdiyimiz kimi, ötən ay Prezident İlham Əliyevin fərmanı ilə çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib.

Gundeminfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ölkə başçısının müvafiq fərmanından sonra sözügedən siyahıda yer almayan dövlət qurumlarının təsisçisi olduğu çap mediası subyektlərinin taleyi məsələsi gündəmə gəlib. Belə ki, fərmanda yalnız 10 dövlət qurumunun adı əks edilib:

1. Prezidentinin İşlər İdarəsi, 2. Elm və Təhsil Nazirliyi, 3. Ədliyyə Nazirliyi, 4. Müdafiə Nazirliyi, 5. Daxili İşlər Nazirliyi, 6. Mədəniyyət Nazirliyi, 7. Dövlət Sərhəd Xidməti, 8. Dövlət Neft Şirkəti, 9. Milli Elmlər Akademiyası, 10. Dövlət İmtahan Mərkəzi.

Bəs digər çap subyektlərinin aqibəti nə olacaq? Onlar bağlanacaqmı?

Bu qərarın mahiyyətini saytımıza şərh edən media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, fərmanın məqsədi əslində bu il qüvvəyə minmiş “Media haqqında” qanunun 59-cu maddəsinin tələbləri çərçivəsindədir, onu təmin etmək məqsədi daşıyır: “Qanunun 59-cu maddəsində qeyd olunur ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər. Məhz bu qurumların siyahısı Prezident İlham Əliyevin 17 sentyabr tarixində imzaladığı fərmanda yer alıb”.

Ekspert qeyd edib ki, bu fərman onu göstərir ki, bu günə qədər rayon İcra Hakimiyyətlərinin təsis etdiyi və ya “saxladığı” bir çox media qurumlarının legitimliyi qalmır.

MEDİA Agentliyin Kommunikasiya Şöbəsinin müdiri Səidə Şəfiyeva vurğulayıb ki, qeyd edilən siyahıda adları göstərilməyən mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bu günədək təsis edilmiş qəzetlərin redaksiyaları öz qərarları əsasında təsisçi dəyişikliyi həyata keçirməklə fəaliyyətlərini davam etdirə bilərlər: ““Media haqqında” Qanunun tələblərindən biri kimi çap mediası subyekti təsis edə bilən dövlət orqanlarının sayının məhdudlaşdırılması özəl media subyektlərinin rəqabət qabiliyyətinin artırılması və onların biznes strukturu kimi formalaşdırılması istiqamətində dövlətin atdığı növbəti addımdır”.
O, bildirib ki, məhdud sayda dövlət orqan və qurumunun çap mediası subyekti təsis etmək hüququna malik olması dövlətin mediaya təsir imkanlarını minimuma endirərək media subyektlərinin azad bazar iqtisadiyyatı şəraitində bərabərhüquqlu tərəflər kimi fəaliyyət göstərməsinə imkan yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...