“Cənab prezidentin dəmir əli o insanlar üzərində bir cəza vasitəsinə çevrilir” –
“Heç bir halda istəməzdim ki, biz bütövlükdə hər bir təhlükəsizlik sisteminə aid olan insanları son hadisələrin konteksində qiymətləndirək”
Zahid Oruc: “Lakin krimillaşma, dövlətin bütövlükdə vətəndaş mənafeylərinə qarşı çevrilməsi, dövlətin xalqdan uzaq düşməsi kimi, anlayışları qəti bir şəkildə qəbul etmirik”
Xəbər verdiyimiz kimi, prezident İlahm Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıxarılması günlərdir müzakirə olunur. MTN-lə bağlı keçirilən əməliyyat və həbslər göstərdi ki, Azərbaycanın bəzi dövlət qurumları ən üst səviyyədə kriminallaşıb. Hacı Məmmədovla bağlı işlə müqayisədə belə, MTN-də baş verənlər tükürpədicidir və bu dövlət adına bir ləkədir.Bəs dövlət qurumlarının bu şəkildə kriminala meyllənməsinin əsas siyasi, iqtisadi və sosial səbəbləri nədir və baş verənlər istər ölkə daxilində, istərsə də, beynəlxalq aləmdə Azərbaycanın dövlət qurumlarına olan etibarı sarsıtmır ki?
Bu suallarla PİA.AZ-ın əməkdaşı millət vəkili Zahid Oruca müraciət edib. Millət vəkili qeyd edib ki, biz peşəkarları, dövlət mənafeyi üçün çalışanları, azğın əməllərə düşənlərdən ayırmalı və onlar arasında dəqiq sərhədlər qoymalıyıq:
“Düşünmürəm ki, o fikir doğrudur, çünki ilk növbədə dövlətin fəaliyyətini həyata keçirən ölkə rəhbəri və onun siyasi komandası, hökümətin müxtəlif sosial-iqtisadi həyata bağlı olan strukturlarıdır və bunlar kifayət qədər çoxlu məmurlardan ibarətdir. Ötən dövr ərzində ölkəmizin inkişafında o insanların da rolu var. O cümlədən daxili işlər orqanları və təhlükəsizlik strukturlarında da peşəkarlar kifayət qədər çoxdur. Yəni bu da o anlama gəlir ki, ötən dövr ərzində təhlükəsizliyimiz, həm də bu insanların hesabına təmin olunubdur. Xatırlatdığınız hansısa hadisələr bütövlükdə ölkə həyatında əksər ictimai sabitliyin təmin olunması, xarici diversant qruplarının planlarının zərərsizləşdirilməsi, terror fəaliyyətlərinin buxovlanması, hər hansı casus şəbəkələrinin ifşa olunmasıda, qeyd etdiyimiz qüvvələrin əli ilə reallaşdırılmışdır. Əks halda bizim ölkəmizdə də, dünyada hər gün müşahidə etdiyimiz mənzərələr reallaşdırıla bilərdi. Ona görə də, heç bir halda istəməzdim ki, biz bütövlükdə hər bir təhlükəsizlik sisteminə aid olan insanları son hadisələrin konteksində qiymətləndirək. Onların gözə görünməz cəbhədə kifayət qədə dövlət sirli xarakter daşıyan və məxfi mahiyyətlərinə görə daim cəmiyyətə təqdim oluna bilməyən işləri haqqında belə bir bədgüman düşüncələrə dalaq. Bəli, artıq qeyd olunduğu kimi, burada konkret şəxslər real vətəndaş maraqlarını təhdid edən, ölkənin sosial-iqtisadi həyatına zərbə vuran əməllərlə məşğul olublar. Bunun isə qiymətləndirilməsində, ilk növbədə məhkəmə orqanları vasitəsiylə gercəkləşdirilməlidir.
"Dövlət rəhbəri son attdığı addımlarla bir daha sübut etdi ki, heç kəs onun iradəsi önündə dayana bilməz"
Qardaş Türkiyə həyatında da, paralel YAP, ikinci hakimiyyət orqanları, dövlətin fəaliyyətinə nəzarət edən kənar mexanizmlər və s. məsələləri həmişə gündəmdə olubdur. Orada da qalmaqallı həbslər reallaşdırılıbdır. Bu o deməkdir ki, istənilən ölkə belə hadisələrdən xali deyil. Biz keçmişdə Qərb ölkələrinin təcrübəsində də bu çür hadisələrin şahidi olmuşuq. Hətta ABŞ-da Con Kennedi dövründə və ondan sonraki illərdə də, xüsusən də 70–ci illərdə Niksonun dövründə təhlükəsizlik orqanları ilə dövlət içərisində və siyasi dairələrdə ciddi qalmaqallar yaşanmaqdaydı. Ona görə də, mən istəyirəm ki, biz peşəkarları, dövlət mənafeyi üçün çalışanları, azğın əməllərə düşənlərdən ayıraq və onlar arasında dəqiq sərhədlər qoyaq. Eyni zamanda düşünürəm ki, bütün bu məsələlərin qiymətləndirilməsi, məxfi informasiyalar bütün kütləsinə ilə, ölkə başçısına məlumdur. Biz ümumi müşahidələrdən, cəmiyyətdə baş verənləri müxtəlif vətəndaşlardan eşitməyimizə rəğmən dediyiniz fikirlər, son instansiya kimi qəbul olunmamalıdır. Çünki biz hakim deyilik, amma açıq bir şəkildə ifşa olunan şəxslərin əməllərini də, qəti şəkildə pisləmişik və ilk reaksiyalarımızı da bildirənlərdən olmuşuq. Hesab edirəm ki, bu məsələdə daha məsuliyyətli şəxslərin danışması arzu olunandır. Çünki bu məsələ bir səhiyyə problemi, hansısa bir ictimai xarakterli sosial problem deyil. Təhlükəsizlik məsələlərindən danışarkən, onun rəqib cinahdan, düşmən tərəfdən, casus şəbəkələrindən, xarici dairələrdən istifadə edənlərin də olduğunu göz altına almalıyıq. Yəni bu məsələnin ictimai müzakirə predmetinə çevrilməsi zamanı, biz bir tərəfin haqqında danışarkən özümüz də həyatımız, gələcək təhlükəsizliyimiz və mənafeylərimiz haqqında danışdığımızı da bilməliyik.
Ona görə də, bu gün müxtəlif görəv sahiblərinin bu məsələyə münasibət bildirməsini istəyərkən, onların süküt mövqeyi göstərməsini müəyyən mənada anlayışla qarşılamaq lazımdır. Yəni onlar bundan çəkinmək, qorxmaq və hansısa vahimə hissini yaşamaq deyil də, dediyimiz amilləri nəzərə alırlar. Lakin krimillaşma, dövlətin bütövlükdə vətəndaş mənafeylərinə qarşı çevrilməsi, dövlətin xalqdan uzaq düşməsi kimi, anlayışları qəti bir şəkildə qəbul etmirik. O cümlədən bu cinayət əməllərini bütövlüdə dövlətin xarakteri kimi, yozmaq və yazmaq istəyənlərə də cavabımız ondan ibarətdir ki, axı bu məsələləri ciddi bir şəkildə ifşa edən də yenə dövlətin ən ali rəhbərliyidir. Odur ki, əgər dünənə qədər kimlərinsə əməllərini mənfi sayıb, bu gün onları müdafiə etdiyi ehkamları düzəltmək, sanki reablitasiyaya vermək, onlara arxasınca danışmaq, qılınclamaq kimi bir məntiqsiz yanaşmanı tətbiq etmək, hardasa onları müdafiə etməyə bənzəyir və bunun özü təhlükəlidir. Ona görə də, hazırki dövrdə kim cinayətkarın yanındadır sualına cavab vermək daha asandır”.
Zahid Oruc: “Bu ifşa etmə aksiyasını dövlətin ayağına günah kimi, yazılmasını çox qüsurlu bir yanaşma hesab edirəm”
Hesab edirəm ki, ölkənin həyatını tənzimləyən, hər gün müxtəlif xarakterli dövlət proqramlarının icrasına məsuliyyətli olan, bu müddət ərzində böyük işlərin görülməsinə çalışan və gündəlik həyatımızda hiss etdiyimiz addımları atan qurumlar, bu gün də Azərbaycan üçün o mötəbərliklərini saxlayırlar. O cümlədən bizim təhlükəsizliyimiz təksə bir qurumla vasitəsilə və konkret şəxslər deyil, dediyiniz kimi, sayı bəlli olmayan bu barədə açıqlanması da məqbul sayılmayan çoxlu qurumlar və şəxslər vasitəsilə gercəkləşir. Ona görə də, düşünürəm ki, bu Azərbaycana olan etibarı azaltmır, əksinə hesab edirəm ki, dövlət hər zaman hakimiyyət işini xarakterinə görə, məxfi informasiyaları onunla işləyən insanları ayrı cür uzaqgedən xəyallara salır, bəzən bu infarmasiya kütəsi sərhədlərini aşaraq digər mənafeylərə görə istifadə olunmalı olur nöqteyi nəzərdən yanaşıb da, bunu kiçicik hallar kimi dəyərləndirməliyik. Çünki dövlətimiz ötən dövrlər ərzində, güclənməsi ilə paralel onun ilk işlərində mərkəzinə çevrilməyə çalışan hakimiyyət üzərində nüfuz əldə etmək və bu vasitə ilə özlərinin önəmliyini, əhəmiyyətliliyini, müstəsnalığını bərqərra etməyə çalışan şəxslər və qüvvələr hər zaman olacaq.
Bir daha söyləyirəm ki, bu ayrıca götürülmüş bir şərq ölkəsində, yalnız Azərbaycanda baş verən hadisə deyil. Ona görə də, bunun nəticəsində indi də, bu ifşa etmə aksiyasını dövlətin ayağına günah kimi, yazılmasını çox qüsurlu bir yanaşma hesab edirəm. Sual oluna bilər ki, bəs nə etməli? O suala da cavab birdir. Azərbaycan dövlət rəhbəri son attdığı addımlarla bir daha sübut etdi ki, heç kəs onun iradəsi önündə dayana bilməz. Yetər ki, oarada xalq mənafeyləri nəzərə alınaraq hərəkət olunsun və cənab prezident siyasi qərarların verərkən komandalıq prinsiplərin gözləməsinə rəğmən bunun paralelində oradakı dövlət mənafeylərinə zərbə vurur, ölkə rəhbəri ən sərt mövqeyini göstərir. Belə demək mümkündürsə, cənab prezidentin dəmir əli o insanlar üzərində bir cəza vasitəsinə çevrilir. Mən hesab edirəm ki, dövlət bu hadisələrdən güclənmiş çıxır. Cəmiyyətdə də müəyyən mənad bir qalxınma var, yəni ki daha canlı nəfəs alma var. Gələcək işlərə də inam var. Biz bunu seçki prosesində hər gün insanlarla görüşərkən şahidi oluruq. Bu təbliğat epiteti deyil. Mən bunu gercək olaraq adamların dilindən eşidirəm. Gerçəkdən də, Azərbaycanın iqtisadi imkanları genişlənib azad nəfəs alması, o cümlədən iqtisadi xarakterli qərarlar ölkəmizin daxili həyatını, onun güçünü dəyişəcəkdir. O cümlədən ölkə həyatına bağlı təhlükəsizlik misiyasını reallaşdıran insanlar da daha da qətiyyətlə həmin, o nöqsanlardan, konkret şəxslərin cinayətlərindən də nəticə çıxardıb, daha ciddi, daha hüquqi tələblər və dövlət sirrinin xarakterində fəaliyyətlərini davam etdirəcəklər”.
1132 dəfə oxundu