Müsavatın boykot qərarının arxasında duran səbəblər TƏHLİL

Müsavatın boykot qərarının arxasında duran səbəblər


Siyasətin fəlsəfəsi budur: uduza biləcəyini qəbul edib qələbə uğrunda mübarizə aparacaqsan. Məğlub olanda bunu təbii qarşılayacaqsan. Qalibi təbrik edib növbəti qələbəyə hazırlaşacaqsan. Ardıcıl məğlub olacaqsansa, siyasətdən gedəcəksən. Buna cəsarətin çatacaq. Azərbaycan siyasətində Müsavat və AXCP qədər özünü təkzib edən, ziddiyyətli qərarlar verən üçüncü partiya yoxdur. Məhz elə bu qərarların nəticəsidir ki, vaxtilə Müsavat və AXCP-nin ən fəal üzvləri bu gün bu partiyalarla yollarını ayırıb, ictimai müzakirələrdə boşuna itirdiyi illərdən dərin təəssüf hissi keçirdiklərini etiraf edirlər. Müsavat Partiyası aylardır qatılacağını bəyan etdiyi, təbliğat kampaniyası başlandığı gündən bu yana hər gün kampaniya apardığı parlament seçkilərini boykot etdi. Özü də seçkilərə cəmi bir neçə gün qalmış.

Müsavat Partiyasının parçalandığı, “əsas qaymaqlar”ın isə partiyadan qovulduğu və istefa verdiyi, yeni rəhbərin müstəqil siyasət yürütmək imkanında olmadığı bir şəraitdə bu partiya seçkilərdə ciddi uğur qazanmayacaqdı. Çünki Müsavat cəmiyyətdə bütün sosial dayaqlarını itirib və bu partiyanın bircə dairədə belə seçkini udmaq şansı yoxdur. Maraqlı məqam Müsavatın seçkilərə bir neçə gün qalmış bu qərarı verməsi ilə bağlıdır. Heç şübhəsiz, burada iki fakta xüsusi diqqət çəkmək lazımdır.

Birincisi, seçkiöncəsi müxtəlif beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti və digər qurumlar ölkəmizlə bağlı müxtəlif bəyanat və hesabatlar yayır, qətnamələr qəbul edir, Azərbaycan hökumətindən üzdə “demokratik seçkilər”, əslində isə “siyasi asılılıq” tələb edirlər. Müsavat Partiyasının da Qərbə bağlı təsisatlara işlədiyini, onların qrantları və maliyyəsi ilə ayaqda qaldığını düşünsək, burada əsas amil Qərbdən gələn sifarişlərin icra olunması ilə bağlıdır. Müsavat da AXCP və digər ənənəvi müxalifət partiya və birlikləri kimi, “öz ağaları”nın sifarişini icra edir və bununla da aldığı pulların əvəzini qaytarır.

İkincisi, Müsavat Partiyasının seçkilərə qatılmış bütün namizədləri, o cümlədən partiyanın faktiki və rəsmi rəhbərləri İsa Qəmbər və Arif Hacılı qatıldığı seçki dairələrində məğlub olacaqlarını anlayırlar. Seçkilərdə çox aşağı nəticə göstərəcəklərini bildiklərinə görə belə bir qərar verib AXCP-nin “fakta söykənməyən qaralama” siyasətinin ortağına çevrilirlər. Bütün hallarda bu qərar Müsavat Partiyasının cəmiyyətdə ləkələnmiş imicinə yeni çalarlar qatacaq və bu partiyanı daha dərin uçuruma doğru aparacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...