Əflatun Amaşov: «Mətbuat Şurasının sədri kimi qalacam»
Noyabrın 1-də Azərbaycanda keçirilən Milli Məclisə seçkilərdə ilk dəfə deputat seçilənlərdən biri də Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. "Azadlıq" radiosuna müsahibəsində Şura sədri deputat kimi atacağı addımları açıqlayıb.
- Mətbuat Şurasının sədri kimi mətbuatın problemləri mənim üçün həmişə prioritet olub. Kütləvi İnformasiya Vasitələrinin maddi bazasının möhkəmləndirilməsi və digər məsələləri Milli Məclisin üzvü kimi, əlbəttə ki, irəli sürəcəyəm. Amma bu qayğılara indi yeniləri də əlavə olunub. Əgər mən regiondan seçilmişəmsə, seçicilərimi də narahat edən məsələlər da qarşımda duran məsələlərdən olacaqdır.
- Mətbuat Şurasının sədri kimi də fəaliyyətinizi davam etdirəcəksiniz?
- Hələ ki ortada başqa bir fikir yoxdur. Jurnalistlər tərəfindən Mətbuat Şurasının sədri seçilmişəm və yəqin ki, növbəti qurultaya kimi bu belə qalacaq.
- Seçkilərlə bağlı dəyərləndirməniz necədir? Mediada, sosial şəbəkələrdə seçki pozuntularını əks etdirən videolarla tanışsızmı?
- Mətbuat Şurasının üzvləri də jurnalistlərin fəaliyyəti ilə bağlı seçkidə monitorinq keçirib. Bizə yalnız bir müraciət daxil oldu, o da müəyyən anlaşılmazlığın yaranmasının nəticəsi idi. Birmənalı şəkildə deyirəm ki, KİV nümayəndələrinin informasiya əldə etməsində əvvəlki illərə nisbətən az qanun pozuntusu olub. Hətta deyə bilərəm ki, bir istisna olmaqla, belə bir şikayət Mətbuat Şurasına daxil olmayıb.
- Bəs, seçki pozuntuları ilə bağlı fikriniz nədir? «Karusel», topa bülletenlərin seçki qutusuna atılması və digər bu kimi video-, fotofaktlara münasibətiniz necədir?
- Düşünürəm ki, nəsə olubsa da, ümumilikdə bu, seçkinin nəticəsinə təsir etməyən hallardır. Bizim dairədə istər seçkilərin keçirilməsi, istərsə də seçicilərin səsverməsində hər hansı qanun pozuntusu vəkillərimiz, müşahidəçilərimiz tərəfindən qeydə alınmayım.
- Əksər beynəlxalq qurumlar Azərbaycanı söz və mətbuat azadlığının olmamasına görə tənqid edir və bu tənqidlərdə KİV-lə bağlı qanunların da payı var. Milli Məclisə gəlişinizlə bu yöndə müsbətə doğru dəyişikliyə cəhd edəcəksinizmi?
- Bilirsiniz, müxtəlif baxışlar ola bilər. Beynəlxalq qurumların hesabatlarını nəzərdən keçirdikdə, araşdırdıqda görürsən ki, Azərbaycanın adı hansısa Afrika ölkəsindən də geridə çəkilir. Hətta elə ölkələrdən ki, orada bir neçə adam heç bir yerə toplaşa da bilmir. Azərbaycana qarşı belə ikili standartlar mövcuddur. Təbii ki, bu o demək deyil ki, Azərbaycanda media sahəsində problemlər yoxdur. Problemlər var. İstər mətbuatın maddi baxımdan özünü tənzimləməsi, istərsə də digər məsələlər ilə bağlı problemlər var. Son vaxtlar Azərbaycanda diffamasiya ilə bağlı heç bir jurnalist ittiham olunmayıb, amma bu o demək deyil ki, diffamasiya haqqında qanun olmamalıdır. Mətbuat Şurası çoxdan belə bir sənəd hazırlayıb ki, söz və mətbuat azadlığı ilə bağlı məsələlər cinayət müstəvisində deyil, mülki müstəvidə həll olunsun. Bu kimi məsələlər mənim platformamda əsas yerlərdən birini tutacaq ("Azadlıq" radiosu).
1097 dəfə oxundu