MSK mübahisəli dairələrlə bağlı qərar verdi - Yeniləndi
MSK 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 noyabr 2015-ci il tarixli 116 saylı müraciətə baxılması barədə qərar verib.
Axar.az xəbər verir ki, qərarda deyilir: 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 53 saylı Quba-Qusar seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Şəfiyev Tərlan Böyük Ağa oğlu 2 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsinin 1, 7, 8 və 10 saylı seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib və həmin pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilib və Mərkəzi Seçki Komissiyasının iclasında baxılıb.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.12-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci hissələrinə və 8.6-cı bəndinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 53 saylı Quba-Qusar seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Şəfiyev Tərlan Böyük Ağa oğlunun 2 noyabr 2015-ci il tarixli 116 saylı müraciəti aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
23:34
Qeyd edək ki, MSK tərəfindən 32 saylı Suraxanı, 11 saylı Qaradağ, 8 saylı Binəqədi seçki dairələrində bəzi məntəqələrlə bağlı olan şikayətlərin araşdırılması barədə də müvafiq qərarlar verilib.
1073 dəfə oxundu