“Azərbaycana hərc-mərclik, xaos gətirmək istəyirlər”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycana və buradakı seçkilərə yanaşması absurd və heç bir məntiqə sığmayan münasibətdir.
Bu barədə Milli Məclisin üzvü, 1 noyabr parlament seçkilərində isə 34 saylı Xətai ikinci seçki dairəsindən yenidən deputat seçilən bitərəf namizəd Fuad Muradov ATƏT-in DTHİB-nin Azərbaycandakı parlament seçkilərini qərəzli şəkildə müşahidədən imtina etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, əslində bu təşkilatın əsas missiyası məhz seçkilərlə bağlıdır: "Bu təşkilatın missiyası kiməsə ağıl vermək, kiməsə yol göstərmək, demokratiya dərsi keçmək deyil. Ola bilər ki, kimsə bilmir, amma biz çox yaxşı bilirik ki, bu təşkilatın yaranması məhz seçki prosesinin müşahidəsini həyata keçirməklə və bununla bağlı tövsiyələr verməklə bağlıdır. Bunlar isə seçkini müşahidədən imtina etdilər. Çox bəsit bir fikrə görə ki, biz filan qədər adam gətirmək istəyirdik, siz isə bu qədər dediniz - bu, çox qeyri-ciddi yanaşmadır. Bu, bir daha göstərir ki, onların əvvəlcədən hazırlanmış mövqeyi olub.
Onların Azərbaycana ümumiyyətlə gəlmək fikirləri olmayıb, sadəcə şou yaradırlar ki, baxın, biz istədik, amma guya bizi qəbul etmədilər. Bu günə qədər DTİHB-nin nümayəndələri bir çox ölkələrdə müşahidəçi qismində iştirak ediblər. Onlar, məsələn, Avropa ölkələrinə 2-3, maksimum 5 müşahidəçi göndərirlər. Amma bizim regiona ikili standartlarla yanaşır və 600-700, hətta 800 müşahidəçi göndərmək istəyirlər. Axı bunun bir real məntiqi olmalıdır. Əgər bir dairədə 35 məntəqə varsa və nəzərə alsaq ki, məntəqələrdə onların dediyindən başqa yerli və digər xarici müşahidəçilər, eləcə də namizədlər də olur, bunları üst-üstə gələndə belə çıxır ki, bir salonda 40-a yaxın müşahidəçi olmalıdır. Axı bu real deyil. Hansı ölkədə belə şeylər ola bilər? Ona görə də hesab edirəm ki, bu, seçkilərin nəticələrindən və təşkilatçılıqdan asılı olmayaraq, DTHİB-nin əvvəlcədən hazırlanmış mövqeyidir və onu da sərgiləyirlər".
F.Muradovun sözlərinə görə, Azərbaycanda seçki prosesi hər zaman çox diqqətlə qarşılanır və bu da çox təbiidir: "Çünki seçki - siyasi prosesdir. Siyasət iştirakçıları arasında da hər zaman razı və ya narazı qalanlar olur.
Amma 1 noyabr - Milli Məclisə seçkiləri ümumən Azərbaycan xalqının mövqeyini əks etdirir. Bununla bağlı dövlət tərəfindən görülən işlər yüksək səviyyədə idi. Seçkilərlə bağlı xarici ölkələrdən gələn - həm Avropa Birliyi ölkələrindən, həm ABŞ-dan, həm də Asiya ölkələrindən gələn müşahidəçilərin müsbət rəylərini gördük. Bütün seçki məntəqələrində insanların rahat şəkildə səs vermələri təmin olunmuşdu. Hesab edirəm ki, seçkilər yüksək səviyyədə keçdi. Bizim üçün əsas olan xalqın mövqeyidir. Xalq başa düşür ki, hansısa kənar qüvvələr bizim regiona, xüsusən də Azərbaycana hərc-mərclik, xaos gətirmək istəyirlər. Artıq qonşularımızın təcrübəsi bunu göstərir. Azərbaycan xalqı isə ölkədə xaosun, hərc-mərcliyin, qeyri-sabitliyin yaranmasını istəmir. Ona görə də xalq öz seçimini edib, fikrini bildirib. Biz isə işimizi onların istədiyinə uyğun davam etdirəcəyik".(milli.az)
1041 dəfə oxundu