Elza əsəbiləşdi: “Cəmil Həsənlini tanımıram...”

Elza əsəbiləşdi: “Cəmil Həsənlini tanımıram...”


Müğənni Siyavuş Novruzova da sərt cavab verib: “Mənə hörmətlə yanaşmalıdır”

Bəstəkar-müğənni, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Elza Seyidcahanın seçki saxtakarlığı ilə bağlı verdiyi açıqlamalar ölkə mətbuatında böyük səs-küyə səbəb olub.

Eyni zamanda Elza Seyidcahan musavat.com-a açıqlama verərək, son günlər sosial şəbəkələrdə onun Milli Şuranın sədri Cəmil Həsənliyə koalisiya təklif etməsi barədə yayılan bəzi məlumatlara və iddialara, eləcə də bu mövzuda açılan müzakirələrə münasibət bildirib: “Cəmil Həsənli kimdir? Birinci dəfə sizdən eşidirəm, onun adını... Bu məsələdə işləyən Etibar Heydərovdur, yəqin ki, onun keçmiş xatirələri yadına düşüb. Mən Cəmil Həsənlinin tanımıram, heç tanımaq da istəmirəm. O, müxalifət partiyasındandır. Mən YAP-ın fəxr olunası üzvüyəm, partiyanın öndə gedənlərindənəm. Bəzi mənfur adamlar başıma belə işlər gətirib deyə indi mən öz partiyamdan dönməliyəm?

Tahir Süleymanov və onun səlahiyyətli nümayəndəsi Etibar Heydərov indi də məni “cəbhəçi” adlandırırlar. Bundan öncə mən yalnız musiqi terminlərini tanıyırdım - “bas açarı”, “diyez”, “bemol”, “bekar”, “skripka açarı” və s. Amma seçkilərə qatılandan artıq bir çox terminlərlə tanış olmuşam, məsələn seçkidə “karusel”, inzibatçılar...

Məni əsəbləşdirməsinlər, elə etməsinlər ki, bütün dünyaya car çəkib, mənim dövlətimdə haqsızlıq olduğunu bildirim. Dövlətimin qanunlarına, prezidentinə, YAP-a qurban verib, bu cür addım atmıram. Yaxşı olmaz belə... Gəlin bir-iki nəfərin pulu ilə haqqı nahaqa satmayaq, qanunlarımızı tapdalamayaq, incəsənətimizi məhv etməyək. Mənim bir mahnımı eşidən əsgərlər ermənilərdən Qarabağımızı ala bilərlər. Lakin indi mənim ruhumu məhv edirlər və təkcə mənim deyil, eləcə də bütün Azərbaycanın... Siyasətin deyə bilmədiyi sözü incəsənət deyir”.

Müğənni YAP-ın icraçı katibi Siyavuş Novruzovun onun partiyadan çıxarılacağı barədə verdiyi açıqlamaya da münasibət bildirib: “Siyavuş müəllimin dediyinə hörmətlə yanaşıram, bu, onun şəxsi fikridir. O da eyni zamanda mənim fikrimə hörmətlə yanaşmalıdır. Hər kəsin öz hüququ var, mən də qanunları gözləmişəm. Ey mənim vətənpərvər, qanunları bilən insanlarım, Siyavuş müəllim sizcə düz deyir?

Bu da Etibar Heydərovun mənə qarşı apardığı təxribatlardan biridir. Əgər məni həbs etmək istəyərlərsə, buradan (Siyəzən rayonunu nəzərdə tutur) elə piyada ayaqla gəlib, həbsə girərəm. Çünki mən həbsxanadan da qorxmuram. Həbsxanadan o adamlar qorxsun ki, haqsız yerə həbsə saldıqları adamlar orada onların başına oyun açacaqlar. Əgər həbsə getsəm, orada da əmin-amanlıq, sülh yaradacam. Buna görə məni hədələməsinlər”.

Elza Seyidcahan əməkdar məşqçi, yeniyetmə üzrə sərbəst güləş yığmasının çalışdırıcı olan, Azərbaycan güləşinə olimpiya və dünya çempionları yetişdirən dayısı Vahid Məmmədovun bu günlərdə tutduğu vəzifədən xaric edilməsi məsələsinə də aydınlıq gətirib: “Dayım uzun illərdir ki, Azərbyacanda böyük çempionlar yetişdirib, Heydər Əliyev öz əlləri ilə dayımın yaxasına “Şöhrət” ordenini taxıb. Mən həmin gün çox əsəbləşmişdim. O zaman dayım mənə zəng edib dedi ki, işdən çıxarılıb. Elə bildim ki, bu mənə görə olub, çox qorxdum. Lakin dayım sonradan bildirdi ki, işdən çıxarılması mənimlə bağlı deyil, ixtisara düşüb. Fəxr edirəm ki, dayım da, mən də Siyəzəndə doğulmuşuq. Bizim ailəmiz hər zaman vətənpərvər olub, milətimiz xalqımız üçün çalışmışıq”.

Müğənni seçki zamanı qarşılaşdığı haqsızlıqlarla bağlı MSK-ya müraciət etdiyini vurğulayıb: “Seçki zamanı mənim müşahidəçilərimin telefonları əllərindən alınıb, onlara təzyiqlər edilib, qorxudulublar. Səsləri hesablayan zaman məni məntəqədən qovdular. Kürəkənim Elxan Alisatov həm də 51 saylı məntəqədə müşahidəçim idi. Etibar Heydərov onu otağına çağırıb, 500 min rüşvət təklif edib. İndi də mənə təzyiqlər edilir ki, rayonu tez bir zamanda tərk edim.

Üzləşdiyim haqsızlıqlarla bağlı MSK-ya müraciət etmişəm. Mən orada qanuna, incəsənətə dəyər verən insanları gördüm. Oradan çıxanda öz-özümə dedim ki, “Elza, irəli!”

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasında (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Seyidcahana səs vermiş 2 seçicinin müraciətinə baxılıb. Müraciətdə həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsi xahiş olunub.

APA-nın verdiyi məlumata görə, MSK üzvü Validə Kazımova bildirib ki, MSK-nın ekspert qrupunun araşdırmaları nəticəsində həmin dairədə heç bir qanun pozuntusunun qeydə alınmadığı müəyyənləşib. Bu səbəbdən də səsvermənin nəticələrinin ləğvinə ehtiyac yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...