“Azərbaycanda normal konstruktiv müxalifətin formalaşması prosesi gedir...”
Azərbaycanda daha bir parlament seçkiləri arxada qaldı. 1 noyabrda keçirilən seçkilərlə bağlı MSK-nın verdiyi açıqlamaya əsasən, YAP mandatların mütləq əksəriyyətini əldə edib. Hakim partiya Milli Məclisdə 71 deputatla təmsil olunacaq. Yerdə qalanlardan 42 nəfəri bitərəfdir. 12 mandat isə 11 partiya arasında bölünüb.
Bir sıra siyasi müşahidəçilər hesab edirlər ki, 2015-ci il seçkilərindən sonra Milli Məclis tam olaraq müxalifətsiz fəaliyyət göstərəcək. Bəs müxalifətsiz parlament necə olacaq?
Məsələ ilə bağlı musavat.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, sabiq deputat Məlahət İbrahimqızı bildirdi ki, Milli Məclisin müxalifətsiz fəaliyyət göstərəcəyini söyləmək doğru deyil: “Bu il keçirilən seçkilərin nəticəsində müxalifətdən olan şəxslər də seçilib. İndi hansı partiya seçkilərə qatılmayıbsa, bu da onların öz qərarıdır. Seçkidə iştirak etmək, hər kəsin öz istəyi ilə olan məsələdir. Bəzilərinin fikri belədir ki, deyirlər biz varıqsa, müxalifət var, yoxuqsa yoxdur. Yaxud da hesab edirlər ki, onlar varsa, seçki doğru keçirilib, yoxdurlarsa saxtakarlıq olub. Ancaq belə deyil axı”.
Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalı da oxşar mövqedədir: “Bəziləri düşünür ki, Azərbaycanda müxalifət varsa, bu, Müsavat Partiya və AXCP-dir. Məgər müxalifət küçəyə çıxıb yumruqlarını göyə qaldıran və inkar mövqeyində dayanan, dövlətin əldə etmiş uğurları qəbul etməyərək radikal müstəvi üzərində fəaliyyət göstərənlərdirmi? Bu suala cavab verilməlidir. Mənə elə gəlir ki, dünyanın istənilən demokratik ölkəsində bu cür meylli partiyaların ictimai-siyasi həyatda yeri yoxdur. İndi daha çox dini xarakter daşıyan cərəyanlar, radikalizm tüğyan edir. Xüsusən də bu, müsəlman ölkələrində daha çox nəzərə çarpır. Eyni zamanda artıq Qərb ölkələrində də bir islamafobiya var. Onlar da getdikcə millətçilik və dini radikalizmi önə çəkərək, bunu ictimai-siyasi gündəmə gətirməyə çalışırlar. Hesab edirəm ki, bütün bunlar anormallıqdır. Müxalifətçilik əslində proqramı və əməli fəaliyyəti ilə cəmiyyətə özünü təqdim etməkdir. Eyni zamanda müxalifət sosial dayaq qazanaraq, ictimai rəydə həlledici mövqeyə sahiblənərək, ətrafına insanları toplayıb, hakimiyyətə gəlmək məqsədi güdən siyasi bir anlayışdır”.
F.Ağamalıya görə, bu gün Milli Məclisdə fəaliyyət göstərən yetərincə müxalifyönlü deputatlar var: “Bu deputatlar da öz fikirlərini sərbəst şəkildə ifadə edib, cəmiyyətdə çatışmayan cəhətlərin üzərinə gedirlər. Eyni zamanda onlar iqtidarın fəaliyyətindəki nöqsanları önə çəkirlər. Lakin onlar konstruktiv mövqe tutaraq Azərbaycan dövlətinin uğurlarını da etiraf edirlər. Milli maraqlar məsələsində iqtidar-müxalifət münasibətlərini kənara qoyurlar. Milli Məclisdəki çıxışlara, orada, baş verən hadisələrə verilmiş reaksiyalara baxmaq lazımdır. Bu reaksiyaların bütövlükdə mahiyyəti, onun ardıcıl xarakter daşıması göstərir ki, bu gün Azərbaycanda normal konstruktiv müxalifətin formalaşması prosesi gedir. Bəziləri düşünürlər ki, Azərbaycanda müxalifət yalnız Müsavat Partiyasıdır, bir də AXCP. İndi Ümid Partiyasını da siyahıya qoşmaq istəyirlərsə, artıq bu onların öz işidir. Bütövlükdə deyərdim ki, Azərbaycanda normal siyasi debatların, diskussiyaların aparılması üçün Milli Məclis formalaşıb”.
1170 dəfə oxundu