Adil Qeybulla Musavatda gərginlik var deyir və arayış verir
“Müsavat Partiyasının qərargahı qarşısında keçirilən etiraz aksiyasının təşkilatçılarının partiyadan xaric edilməsi partiya nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”. Bu barədə Trend-ə Müsavat Partiyasından istefa vermiş Adil Qeybulla deyib.
A.Qeybulla bildirib ki, partiya rəhbərliyinin üzvlərə qarşı bu cür mövqe sərgiləməsi sağlam məntiqə sığmır:
“Yəni, mən anlamıram nəyə görə bunlar bu cür mövqe sərgiləyirlər. Amma hər halda bu cür vəziyyət ürəkağrıdıcıdır. Zamanında ölkənin ən aparıcı müxalifət partiyası olmuş bir siyasi təşkilatın bu günə düşməsi əlbəttə, çox təəssüf doğurur və ürək ağrıdır. Amma bu da bir reallıqdır”.
Qeyd edək ki, Müsavatın tanınmış üzvü Vurğun Əyyub partiya sıralarından çıxarıldıqdan sonra partiya daxilində narazılıqlar daha da artıb. Bundan sonra Müsavat Partiyasının tanınmış üzvləri Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əzizli partiyadan istefa verib. Daha sonra Müsavat Partiyasının qərargahının qarşısında bir qrup partiya üzvü etiraz aksiyası keçirib. Etirazın təşkilatçıları isə partiya Divanının qərarı ilə üzvlükdən xaric edilib.
1623 dəfə oxundu