Sərdar Cəlaloğludan Ümid Partiyasına sərt bəyanat: baş tutan məsələ deyil

Sərdar Cəlaloğludan Ümid Partiyasına sərt bəyanat:


Azərbaycan Demokrat Partiyasının (ADP) “Qarabağ” siyasi blokunun fəaliyyətinin davam etdirilməsi ilə bağlı Ümid Partiyası ilə görüşmək planı yoxdur. Bunu Trend-ə “Qarabağ” blokunda təmsil olunan ADP sərdi Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, hətta görüş keçirilsə belə, “Qarabağ” blokunun fəaliyyətinin davam etdirilməsi baş tutmayacaq: “ADP-nin artıq o blokda iştiak etməyə heç bir meyli yoxdur”. S.Cəlaloğlu bildirib ki, partiyalar arasında münasibətlər bundan sonrada davam edəcək: “Biz düşmən deyilik”. Blokun fəaliyyətinin davam etdirilməməsinin səbəblərinə gəlincə isə S.Cəlaloğlu deyib ki, ADP ilə Ümid Partiyası bir blokda təmsil olunsa da dəfələrlə seçkilərə ayrı-ayrılıqda gedib: “Heç bir başqa bloka qoşulmamışıq. Ancaq bu dəfəki parlament seçkilərində Ümid Partiyası bir blok yaratdı – “125-lər” klubu və o da faktiki olaraq bizimlə əməkdaşlıq etmək istəmədi. Məlum oldu ki, Ümid Partiyası başqa bloklara meyl edir və biz də bu qərara hörmətlə yanaşdıq”.

S.Cəlaloğlu eyni zamanda bildirib ki, sədrlik etdiyi partiya “Qarabağ” blokunun fəaliyyətinin əvvəlki formatda davam etdirilməsinə heç bir ehtiyac görmür: “Çünki müxalifətin bəzi qüvvələri Ümid Partiyasını "blokada" etmək istəyirdi və biz də onu bu "blokada"dan çıxardıq. Ümid Partiyası nəinki "blokada"dan çıxdı, hətta özü müstəqil blok yaratmaq təşəbbüsünə qədər inkişaf etdi və bizim onlarla bir yerdə olmağımızın mənası qalmadı”. Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Trend-ə açıqlamasında “Qarabağ” blokunun fəaliyyətinin davam etdirilməsi ilə bağlı ADP ilə görüşəcəklərini bildirmişdi.

Xatırladaq ki, “Qarabağ” blokunda Ümid Partiyası və ADP təmsil olunur. Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdən öncə hər iki partiya seçkilərə ayrı-ayrılıqda getmək barədə qərar verdiyi üçün blok fəaliyyətini dayandırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...