“Heydər Əliyev tərəfindən mənə bəzi təkliflər gəlmişdi” İsa Qəmbər

“Heydər Əliyev tərəfindən mənə bəzi təkliflər gəlmişdi”


“Heydər Əliyev tərəfindən mənə bəzi təkliflər gəlmişdi”

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:

- İsa Qəmbər Azərbaycan siyasətində xüsusi çəkiyə malik olan şəxslərdən biridir. Sizin açıqlamalarınızda, çıxışlarınızda daim diplomatik soyuqqanlılıq müşahidə edilir. Bu təmkinlilik, soyuqqanlılıq sizdə uşaqlıqdan var, yoxsa siyasi fəaliyyətiniz zamanı qazanılmış vərdişdir?


-Xasiyyətdir. Müəyyən yaşdan sonra adam başa düşür ki, bu, daha düzgün qərarlar qəbul etməyə imkan verən bir xasiyyətdir. Buna görə də, insan onu daha da gücləndirməyə çalışır. Təbii ki, əsəbi, gərgin situasiyalar olur. Belə məqamlarda nə qədər sakit düşünsən, bir o qədər düzgün qərar qəbul etmək ehtimalın artır.

-Yəni düşünürsünüz ki, İsa Qəmbər həmişə düzgün qərarlar verib?

-İnsan qərar qəbul edərkən ona elə gəlir ki, bu, düzgündür. Bu, o demək deyil ki, əla qərardır. Seçim həmişə yaxşı qərarla pis qərar arasında olmur. Bəzən müxtəlif situasiyalarda seçim pis qərar və daha pis qərar arasında olur. Hər bir vəziyyətdə insan ən yaxşı qərarı qəbul etməyə çalışır. Onun qəbul elədiyi qərar təbii ki, ideal olmaya və hamının xoşuna gəlməyə bilər.

-İsa bəy, sizin çıxışlarınız zamanı dilinizdən çıxan cümlələr olduqca rabitəli, səlis və aydındır. Fikirlərinizi çox sərbəst şəkildə aydın formada ifadə edirsiniz. Deyəsən mütaliəniz qədərindən də artıqdır.

-Bu suallar müsahibi xoş əhval-ruhiyyəyə yönəltmək üçün yaxşı düşünülüb. İnsan özü haqqında müsbət fikirlər eşidəndə bir az arxayınlaşır. (Gülürük).

-Yox, mən öz düşüncəmdə yaranan təəssüratı dedim.

- Prinsip etibarı ilə mütaliəmdən şikayətim yoxdur. Amma başa düşürəm ki, oxuduğum kitablar, oxumaq istədiyim kitablarla müqayisədə dəryada bir damladır.

-Ona görə də belə bir sual ortaya çıxır. Hansı kitabları oxumaq istəyirsiniz?


-Mən tarixi kitabları oxumağı xoşlayıram. Təbii ki, siyasi çaları olan kitablar mənim üçün daha maraqlıdır. Eyni zamanda bədii ədəbiyyatı da xoşlayıram və imkan daxilində oxumağa çalışıram.

-1988-ci ildən aktiv siyasətlə məşğulsunuz. Gərgin siyasi fəaliyyət və şəxsi həyat: Siyasətdəki gərginliklər bu vaxta qədər şəxsi həyatınıza hər hansı mənfi təsir göstəribmi?

-İnsanın fəaliyyət sahəsi onun şəxsi həyatına təsir etməyə bilməz. Aydın məsələdir ki, Azərbaycanda da siyasi fəaliyyət riskli fəaliyyət sahələrindən biri olduğu üçün kifayət qədər gərgin olub. Bu, təbii ki, şəxsi həyata da müəyyən təsir göstərir. Amma mən çalışıram ki, siyasi problemlərim ailə içərisində müzakirə mövzusu olmasın, ailəyə problemlər yaratmasın. Bu nə dərəcədə mümkün olur? Təbii ki, bu da çətin sualdır. Çünki heç də hər zaman bu, mümkün olmur.

-Uzun müddətdir ki, siyasətdə olan biri kimi cəmiyyətin siyasi aktivliyini hansı rəngdə görürsünüz?

-Cəmiyyətimizin xətrinə dəyməsəydi deyərdim ki, boz rəngdə görürəm. Amma cəmiyyətin həyatını daha rəngarəng etmək istəyən minlərlə insan var. Bu, insanlar həm siyasət, həm ədəbiyyat, həm də sənət aləmindədir. Müxtəlif sahənin adamları çalışırlar ki, cəmiyyəti rəngarəng etsinlər.

-Bu gün İsa Qəmbər əvvəlki illərdə olduğu kimi niyə cəmiyyətə o koloritliliyi qata bilmir? 2003-cü ildən bəri sizinlə bağlı bir durğunluq müşahidə olunur desək, hardasa səhv olmaz.

-Mənə elə gəlir ki, səhv düşünürsünüz.

-Ola bilər.

-2003-dən sonra ötən 12 il ərzində Azərbaycanın siyasi həyatında kifayət qədər maraqlı hadisələr baş verib. Mən də imkan daxilində bu proseslərdə iştirak etmişəm, proseslərə təsir etməyə çalışmışam. Ötən illər kifayət qədər maraqlı olub.

-Həcc ziyarətində də olmusunuz.

-1998-ci ilin mart ayında Həcc ziyarətində oldum.

-Yəqin ki, Həccdən sonra zəruri dini ibadətləri yerinə yetirirsiniz.


-Yerinə yetirməyə çalışıram desəm, daha dəqiq olar. Çünki zaman, iş şəraiti bütün dini tələbata tam şəkildə hərfinə, vergülünə qədər yerinə yetirməyə bəzən imkan vermir.

-Kitabxananıza baxıram və burada müxtəlif dini ədəbiyyatlar görürəm. Deyəsən dini də yaxşı öyrənməyə çalışırsınız.

-Zamanında mütaliə etmişəm. Gördükləriniz müxtəlif dillərdə, müxtəlif nəşrlərdə “Qurani-Kərim” kitablarıdır.

-Düşüncənizdə dönüş nöqtəsi yaradan nə oldu ki, siz birdən-birə Həcc ziyarətinə getmək barədə qərar verdiniz? Bu, çoxdanın arsuzu idi, 1998-ci ildə reallaşdı, yoxsa elə həmin ildən anidən bu fikrə gəldiniz?

-Maraqlı sualdır. Mənim babam çox mömin bir insan olub. Mən uşaqlıqdan bəri xatırlayıram ki, evdə hər zaman namazını, orucunu, duasını əksik etməyib. O, bütün dini tələbatı tam şəkildə yerinə yetirib.

Amma təbii ki, o zaman, sovet illərində Həcc ziyarətini gerçəkləşdirmək real bir məsələ deyildi. Mən heç bir zaman sərt ateizm mövqeyimdə olmamışam. Sadəcə olaraq sovet dönəmində kommunist hakimiyyəti cəmiyyəti dinə laqeyd şəkildə formalaşdırmağa çalışırdı. Ateizm gənclər arasında kifayət qədər yayılırdı.

Ancaq insan yetkinləşdikcə, bir çox suallara cavab axtarır və bu suallara cavab tapmır. Bu zaman insanın dünyagörüşündə müəyyən dəyişikliklər yaranır. Hesab edirəm ki, bu tendensiya təkcə mənə aid deyil. İnsanın yaranması, həyatın mahiyyəti və digər məsələlər hər birimizi bir sıra fikirlərə gətirir. Bu zaman hesab edirəm ki, mənim də dünyaya baxışımda dəyişikliklər yaranıb.

-Həcc ziyarətindən gələn kimi mənəvi aləminizdə bir dəyişiklik baş verdimi? Yoxsa gələndən sonra bu proses tədricən oldu?

- Həcc zamanı insanla Allahın vəhdəti o qədər aydın şəkildə hiss olunur ki, qalan məsələlər nisbətən kiçik görünməyə başlayır. Eyni zamanda bu müqəddəs ziyarət bitdikdən sonra həyat öz şərtlərini diktə edir. Xırda da görünsə, ikinci dərəcəli də görünsə, bir çox şeyləri həll etmək zərurəti yaranır. Buna görə də, insanın oradakı əhval-ruhiyyəsi ilə qayıtdıqdan sonrakı əhval-ruhiyyəsi tam eyni olmur. Hər-halda məndə eyni olmayıb.

-Kabinetinizə girəndə siz siqaret çəkirdiniz. Amma xanımız Modern.az-a müsahibəsində demişdi ki, siz siqareti tərgitmisiniz. Mən çəkən deyiləm, amma bilirəm ki, siqareti buraxmaq çətin məsələdir. Düşünürəm ki, sizin üçün də çətin olduğuna görə yenidən çəkirsiniz.

-Çətin deyil. Mən siqareti tərgitdim və düz bir il çəkmədim. Sadəcə olaraq siqaret çəkməyimlə çəkməməyim arasında böyük bir fərq hiss eləmədim. Ona görə də, hərdənbir siqaret çəkirəm.

-İxtisasca tarixçisiniz. Azərbaycanda sizin nəzərinizdə indiki tarixçilərdən ali səviyyəli olanı varmı?

-Azərbaycanın vaxtı ilə çox yaxşı tarixçiləri var idi. Mən onları bilavasitə tanıyırdım, onlarla təmaslarım olub. Rəhmətlik Ziya Bünyadov, Süleyman Əliyarlı, Mahmud İsmayılov və bir çox başqa dəyərli tarixçi alimlərimiz olub. Tarix fakültəsində bizə dərs deyən dəyərli alimlər var idi. Böyük bir məktəb var idi. İndi də diqqət edirəm ki, öz üzərlərində çalışan, Azərbaycan tarixini öyrənməyə cəhd edən kifayət qədər keyfiyyətli, yüksək səviyyəli alimlərimiz var. Məsələn, Cəmil Həsənli. O, son illər Azərbaycanın tarixi ilə bağlı çox gözəl kitablar yazır. Eyni zamanda Cəmil bəy dünya kontekstində Azərbaycan tarixinə nəzər salır. Və Elmlər Akademiyasının Tarix İnstitutunda tanıdığım, hörmət etdiyim tarixçilər var.

-Yaqub Mahmudovu əsl tarixçi hesab edirsinizmi?

-Mən indi tarix sahəsində olmadığım üçün birbaşa qiymət vermək düzgün olmaz. Əminəm ki, Yaqub Mahmudov yaxşı tarixçidir. Amma, o Tarix İnstitutunun direktoru olanda yaxşı tarixçi bir az inzibatçıya çevrilir. Mənim çox xoşuma gəlməyən, məni narahat edən bir hadisəni danışmaq istərdim. Bir dəfə Heydər Əliyev Tarix İnstitutunun o zamankı direktoru İqrar Əliyevlə söhbət edirdi. İqrar Əliyev Heydər Əliyevə dedi ki, Azərbaycan tarixinin yeni variantı hazırlanır. Heydər Əliyev soruşdu: “Bunu necə hazırlayacaqsınız?”. İqrar Əliyevin cavabı isə belə oldu: “Biz kimik ki, siz necə desəniz, o cür də yazacağıq”. Bu söhbət 1994-1995-ci illərdə olmuşdu. Bir tarixçinin dövlət rəhbərinə belə deməsi biabırçılıqdır.

-Ölkə mətbuatında müəyyən ictimai və siyasi fiqurlar Elmlər Akademiyasının ləğvi ilə müxtəlif təkliflər səsləndirir. Sizə də elə gəlmir ki, bu qurum artıq lazım deyil.

-Deyəsən yeni qalmaqal mövzusu üzərində işləyirsiniz. (Gülürük). Bizim hakimiyyət dönəmində Elmlər Akademiyasında çalışan alimlərin bir qismi təşəbbüs qaldırdılar ki, bu qurumda ciddi islahatlar aparılmalıdır. Digər qisim alimlər isə cavab verdilər ki, buna ehtiyac yoxdur. Sonra isə bunu belə şəkildə təqdim etdilər ki, Xalq Cəbhəsi akademiyanı buraxmaq istəyir. İndiyə qədər bu yalan müxtəlif formalarda davam edir.

Akademiyanın buraxılmasından söhbət getmir, orada islahatlar aparılması yerinə düşər. Müasir dövrdə akademiyalar inzibati bir struktur deyil. Çağdaş, müasir ölkələrdə akademiyalar böyük səviyyəli alimlərin bir-biri ilə təmaslarını müəyyən etmək üçün yaradılan bir klub, ictimai birlik kimi qurumlardır.

Elçibəyin hakimiyyəti zamanı akademiyada islahatlar aparılması üçün zaman yox idi. Çünki ölkə müharibə faktı qarşısında idi, ölkəyə hücumlar var idi. Dövlət yenidən qurulurdu.

İndi hakimiyyət elmə, təhsilə, diqqət-qayğı göstərsəydi, hansısa bir şəkildə akademiyanın strukturu təkmilləşərdi.

-Sizin əleyhinizə də çoxlu sayda fikirlər var. Sizi ən çox tənqid edənlərdən biri də Zərdüşt Əlizadədir. O, özünün “İkinci respublikanın sonu” əsərində o vaxt Milli Məclisdə döyülməsini sizin tapşırığınızla olduğuna eyham vurur. Bunu deyə bilmərəm ki, necə olub. Ancaq mən təbii ki, bir jurnalist kimi, onun digər çıxışlarında bir qərəz hiss edirəm. Şəxsi münasibətlərinizdə nə olub ki, o indi belə danışır?

-Siz o qərəzi hiss edirsinizsə, deməli bunu hamı hiss edir. Bu da çox normal haldır.

-Bəs o dediyi hadisə necə olmuşdu? İstərdik ki, bir də sizin gözünüzlə insidentə nəzər salaq.

-Zərdüşt Əlizadə və onun kimi bir sıra insanlar var ki, ömür boyu yalan danışırlar. Bu yalanların sayı-hesabı yoxdur. Bu yalanlara cavab vermək üçün gərək kitablar yazasan. Elələrinin hər yalanına ayrıca cavab verməyə vaxtım və həvəsim yoxdur. Görünür ki, o dediyim kitablar yazılacaq.

-Bir tarixçi kimi universitet auditoriyasına müəllim olaraq girmək istəyərsinizmi?

-Həyat müəyyən seçimlər təqdim edir. İnsan da o seçimləri etdikdən sonra əvvəlkinə qayıtmaq o qədər də asan olmur. Ona görə də qeyr-real söhbətlər etmək istəmirəm. Universitetlərin indiki vəziyyəti təbii ki, ciddi tənqidə layiqdir. Dünyada, çağdaş ölkələrdə universitetlər ictimai həyatın ən qaynar yerləridir. Tələbələrin ictimai-siyasi fəallığı çoxdur. Azərbaycanda universitetlər nəinki siyasi fəaliyyətə qapanıb, hətta ictimai fəaliyyətə də qapanıb. Bu gün hakimiyyət universitetləri az qala cəmiyyətdən təcrid edib. Sonuncu dəfə nə vaxt eşitmisiniz ki, hansısa universitetdə böyük bir toplantılar keçirilsin, orada müxtəlif mövqeli insanlar bir araya gəlib diskussiya aparsınlar?! Bu baxımdan mənim üçün universitetdə dərs demək yox, bu ali təhsil ocaqlarının cəmiyyətə açılması, unversitetlərlə cəmiyyət arasındakı təcrid divarının qaldırılması daha aktualdır.

-Uzun müddətdir ki, Qafqaz Müsəlmanları İdarəsinə sədrlik edən Allahşükür Paşazadə həm də hərəkatın içərisindən gəlib. Bu gün bu dini idarənin də fəaliyyəti tənqid predmetidir. Bir ziyalı və siyasətçi kimi bu təşkilatın fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

-Əvvəla Allahşükür Paşazadə hərəkatdan gəlməyib. O, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlarından biri olub. 1980-ci ildə şeyxülislam təyin edilib. Onun statusunda o dövrdən bu dövrə qədər hər hansı bir ciddi dəyişiklik baş verməyib. Ona görə də onun hərəkatdan gəlməsi fikrini irəli sürmək yanlışdır. O ki qaldı onun təmsil etdiyi quruma, deyə bilərəm ki, dövrlər keçsə də, hakimiyyətlər dəyişsə də, görünür şeyxülislam elə bir funksiyalara malikdir ki, heç bir iqtidar bu şəxsi dəyişməyə maraq göstərmir. Eyni zamanda bu idarəni ləğv etməyə də.

- Bəs AXC hakimiyyəti dönəmində bu idarə niyə ləğv olunmadı?

-Bir qədər əvvəl dediyim fikri bir daha təkrar etmək məcburiyyətindəyəm. AXC müharibə dönəmində 1 il hakimiyyətdə oldu. Müstəmləkədən qopub yeni müstəqillik əldə etmiş bir dövləti yenidən qurmaqla məşğul idik. Bir tərəfdən ciddi iqtisadi-siyasi islahatlar aparırdıq, digər tərəfdən isə Azərbaycanın beynəlxalq təşkilatlarda tanınması, oralara üzv olması məsələləri həll edilirdi. Başqa bir tərəfdən dediyim kimi, müharibə gedirdi. Belə bir şəraitdə dediyiniz məsələlərlə məşğul olmaq, sözün doğrusu heç hakimiyyətin əsas maraq dairəsində deyildi.

-Ayaz Mütəllibov bu yaxınlarda verdiyi müsahibədə Əbülfəz Elçibəyi Heydər Əliyevlə müqayisə edib və onu “primitiv millətçi” adlandırıb...

-Mən o müsahibəyə baxdım. Hesab edirəm ki, onun müsahibəsi çox birmənalı, necə lazımdır elə də qarşılandı. Cəmiyyət birmənalı şəkildə bu yaşda yaltaqlıqla məşğul olmağın çox pis göründüyünü bəyan etdi.

-Heydər Əliyevdən də söz düşdü, onunla təxminən neçə dəfə görüşləriniz olub?


-Bir neçə dəfə. 1991-ci ildə Naxçıvan səfərində onunla görüşdüm. Biz hakimiyyətə gələndən sonra 28 mayda Naxçıvanda “Ümid” körpüsünün açılışına getmişdim. Orada da Heydər Əliyevlə söhbətimiz oldu. Sonra isə 1993-cü ilin qışında Heydər Əliyev Bakıya gələndə onunla görüşdüm. O, Konstitusiyaya görə mənim müavinim idi. Naxçıvan Ali Məclisinin sədri avtomatik olaraq Azərbaycan Ali Sovetinin sədrinin müavini sayılırdı. Bir də iyun qiyamından sonra söhbətimiz oldu.

-Oldu. Bəs nə barədə? Mən bir jurnalist kimi istəyirəm ki, siz o detalları açıqlayasınız.

-Detallar başqa zamana qalsın. Hər halda bu gün üçün elə də böyük ictimai-siyasi maraq kəsb edən mövzular deyildi.

-Sizin Naxçıvanda səfərdə olarkən Heydər Əliyevlə yanaşı fotonuz var. Bu şəkil bəzən sizin əleyhinizə yönəlir. Mən sosial şəbəkələrdə bu fotonu sizə qarşı arqumentə çevrildiyini görmüşəm...

-Tənqidin mahiyyəti nədir?!

-Guya siz Heydər Əliyevə işləmisiniz.

-Mən Azərbaycan parlamentinin sədri idim və prezident səlahiyyətlərini icra edirdim. Türkiyənin rəhbərliyi ilə görüşürdük. Heydər Əliyev də Naxçıvan Ali Məclisinin sədri kimi o görüşlərdə iştirak edirdi. Burada hansı əməkdaşlıqdan söhbət gedir?!

-Tənqidə çox açıqsınız deyəsən. Hiss edirəm ki, bu tənqidlər sizdə o qədər də qıcıq yaratmır.


-İctimai fiqurlar, siyasətçilər tənqidə açıq olmalıdır. Çünki tənqidsiz qeyri-mümkündür. Tənqid istəsən də, istəməsən də olacaq. Bir şey ki, belədir, bunun faydalı tərəflərindən istifadə etmək lazımdır.

-Siz həbs həyatı da yaşadınız. Birdən-birə siyasətdən həbsə getmək sizdə siyasətə qarşı bir inciklik yaratmadı?

-Əlbəttə ki, yox. Mən 1988-ci ildən 1992-ci ilə qədər, hakimiyyətə gələnə qədər də dəfələrlə polis tərəfindən saxlanılmışdım. Bir növ bu situsiyalara hazır idim. Azərbaycan kimi ölkələrdə siyasət riskli peşələrdən biridir. Siyasətlə məşğul olan həbs olunma ehtimalını da istisna etməməlidir. Məhbəsi də gördük. Bakıda və Gəncədə müxtəlif istintaq təcridxanalarında olduq. Heç kimə arzulamıram. Amma bu da bir həyatdır.

-Müsavat Partiyasının sonuncu qurultayından sonra siz bu təşkilatın başqanlığından getdiniz. Amma bu gün də Müsavatın özündəsiniz. Mən düşünürəm ki, Müsavatdakı prosesləri yenə də siz yönləndirirsiniz.

-Mənə elə gəlmir, çünki belə deyil.

-Bəs necədir?

-Qurultayın seçdiyi başqan və Məclis var. Həmin məclisin seçdiyi divan var. Bu strukturlar partiyanı idarə edirlər. Mən isə Müsavat Məclisinin üzvüyəm.

-Amma elə biz müsahibə götürdüyünüz məkan da hələ də sizin kabinetinizdir. Deyirlər ki, bu gün İsa Qəmbər kabinetini Arif Hacılıya vermək istəmir.

-Mövzu qıtlığındandır. Bir neçə dəfə bildirmişəm ki, burada mənim kabinetim, kiminsə kabineti yoxdur. Bu otaqlar hamısı Müsavat Partiyasının ixtiyarındadır. Partiyanın ixtiyarında olan otaqlardan istifadə olunmasını partiyanın rəhbərliyi, başqan müəyyənləşdirir. Burada əyləşmək mənim yox, Arif bəyin qərarıdır. O təklif etdi ki, mən bu otaqda qalım. Yeri gəlmişkən, mən Milli Strateji Düşüncə Mərkəzinin sədriyəm. Bir ildən artıqdır ki, bu təşkilat üçün ofis axtarırıq. Azadlıqların olduğu bəyan edilən Azərbaycanda bir nəfər də mülk sahibi tapılmır ki, bizə ofis kirayə versin. Çünki insanlar bilirlər ki, İsa Qəmbərə, gerçək müxalifətə ofis verilməsi onlar üçün problem yaradar.

-Milli Strateji Düşüncə Mərkəzinin ofis problemini qabartdınız. Bu təşkilat elan olunanda Eldar Namazov, rəhmətlik Zəfər Quliyev və digər tanınmış şəxslər bura üzv oldular. Amma bu gün o üzvlərdən bir hərəkət görmürük. Ancaq İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin sədri kimi tanınır. Elə düşünmürsünüz ki, bu təşkilatın sıralarını genişləndirmək üçün tədbirlər görmək lazımdır?

-Hansısa qurumun 1-ci adamı daha çox bilinir. Digər şəxslərin adları isə o qədər də çəkilmir. Ciddi partiyalarda da adətən rəhbər şəxslərin adları çəkilir. Bu gün də düşüncə mərkəzində xeyli dəyərli insanlar, ziyalılar, ictimai xadimlər var. Onlar çox fəal iştirak edirlər.

-Bir dəfə Amerika səfirliyinin tədbiri idi. Elə sizinlə müsahibəyə də orada razılıq almışdım. Orada mən bir jurnalist kimi müşahidə etdim ki, siz Əli Kərimli ilə görüşmədiniz, hətta ondan kənarda dayandınız. Böyük ehtimal ki, küsülü idiniz.


-O qədər qəribə suallar verirsiniz ki (gülür). Mən də görürəm ki, hansısa toplantılarda bir qəzetin redaktoru digəri ilə söhbət edir, digərləri isə kənarda söhbət edir. Mən o dəqiqə nəticə çıxarmıram ki, o adamlar düşmənçilik münasibətindədirlər. Bu tipli ziyafətlərin əsas cəhəti ondan ibarətdir ki, onlar oturaq ziyafətlər olmur. Ayaqüstü ziyafətlərin üstün cəhəti odur ki, adamlar ətrafındakı 3-5 adamla danışmaq məcburiyyətində deyil. İmkan olur ki, hamı hərəkət edib, digərləri ilə ünsiyyət qursun. Siz ziyafətin janrına diqqət etməli idiniz.

-Axırı, dediyinizdən belə anladım ki, Əli Kərimli ilə münasibətləriniz yaxşı səviyyədədir.

-Münasibətlərimiz normaldır. İnciklik yoxdur. Sadəcə olaraq siyasi təmasları qurmaq artıq partiya rəhbərlərinin işidir. Mən Milli Strateji Düşüncə Mərkəzinin sədri kimi partiya sədrləri ilə birbaşa təmas qurmuram. Bunu nəzərə almalısınız.

-Bu günün özündə də Müsavat Partiyası ilə AXCP arasında dialoq demək olar ki, yox səviyyəsindədir. Müsavat Partiyasının sabiq başqanı kimi bu iki təşkilatın yenidən əməkdaşlığı üçün nə təklif edərdiniz?

-Bu məsələni partiya rəhbərləri həll etməlidirlər. Müsavat Partiyası AXCP-yə də, digər bir sıra təşkilatlara da funksional əməkdaşlıq qurmağı dəfələrlə təklif edib.

-Bu yaxınlarda Rəsul Quliyev dedi ki, uzun müddətdir ki, müxalifətdə olanlar getməlidir və onlara pensiya kəsilməlidir.

-Onun fikirləri qətiyyən məni maraqlandırmır.

-Bu qədər soyuqqanlıqla cavab verməyiniz nəsə mənə təəccüblü gəlir. Heç olmasa bu iddiaya bir cümlə ilə də cavab verə bilməzsiniz?

-Biz hakimiyyəti dəyişmək istəyirik. Azərbaycanda və Azərbaycandan kənarda olan müəyyən qüvvələr də var ki, müxalifəti dəyişmək istəyirlər. Fəaliyyət sahələrimiz fərqlidir.

-Türkiyə ilə Rusiya arasındakı gərginlik iqtisadi-siyasi sferaya ciddi təsir göstərir. Bu iki dövlət arasındakı soyuq münasibətlərə dair proqnozlarınız nədir?

-Azərbaycan haqqın, ədalətin yanında olmalıdır. Xoşbəxtlikdən haqq, ədalət Türkiyənin tərəfindədir. Ona görə də Azərbaycan rahatlıqla öz strateji müttəfiqinin tərəfində olmalıdır və haqqı, ədaləti müdafiə etməlidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti ehtiyatlı siyasət yürütməsi ucbatından Türkiyəyə lazım olan mənəvi dəstəyi verə bilmir.

-Xatirə memuar yazırsınızmı?

-Yazmıram. Amma beynimdə müəyyən ideyalar var. Zamanı yetişəndə o ideyaların nələrdən ibarət olduğunu görəcəksiniz (gülür).

-Söhbətimizin əvvəlində dediniz ki, siyasətdəki problemləri ailə içərisinə daşımamağa çalışırsınız. Amma bəzən bilməyərəkdən bu problemlər sizə görə evinizin qapısını “döyür”. Bir dəfə oğlunuz Turqut Qəmbərə görə ədliyyə məmurları sizin evə də gəlmişdilər.

-Bu problemi mən yox, hakimiyyət mənim evimə daşıyır. Xahiş edirəm fərqi hiss edin.

-Uzunmüddətli siyasi fəaliyyətdən bir yorğunluq hiss etmirsiniz ki? Belə iddialar var idi ki, İsa Qəmbər Müsavat rəhbərliyindən getdikdən sonra artıq siyasətlə vidalaşacaq.

-Qətiyyən. Mən Müsavat Partiyasının nizamnaməsinə görə yenidən başqanlığa namizədliyimi irəli sürmədim. Başqa bir narahatedici məqam yoxdur.

-Yaxın ətrafınız, xüsusilə də qohumlarınızdan “İsa bəy, siyasətlə məşğul olduğunuz bəsdir!” deyən varmı?

-Belə deyən yoxdur. Qohumların hamısı öz işi ilə məşğuldur.

-Söz gəldi, deyəcəyəm. Elə bil ki, söz xərcləməyə xəsislik edirsiniz.

- Sual verirsiniz cavab verirəm. Bizim Şərqşünaslıq İnstitutunda elmi rəhbərimiz var idi. Çox səviyyəli bir professor idi. Biz müasir İran tarixini öyrənirdik, məqalələr yazırdıq. Hər zaman deyirdi ki, məqalə yazanda Əhəmənilərdən başlamayaq. Deyirdi ki, siz müasir İran tarixi üzrə mütəxəsissiniz. İndi siz də sual verirsiniz, istəyirsiniz ki, Əhəminələrdən başlayım?! (gülürük).

-Heç olubmu ki, hansısa məmur sizi tutduğunuz siyasi mövqedən əl çəkmək üçün ələ almağa çalışsın?

-Müxtəlif siyasi təkliflər olub. O cümlədən də belə təkliflər mənə Heydər Əliyev tərəfindən gəlib. Amma bunlar indiki mərhələnin söhbəti deyil.

-Bayaq söylədiniz ki, hər kəs tənqidə açıq olmalıdır. Lakin bir çox tanınmış simanın Müsavatdan çıxmasına görə sizi ittiham edirlər. Özü də həmin adamlar partiya rəhbərliyinə etiraz etmişdi. Bu iddialara geniş şəkildə aydınlıq gətirməyinizin zamanı deyilmi?

-Mən və Müsavat Partiyası bütün Azərbaycana nümunə göstərdik. Göstərdik ki, eyni adamlar ömürlərinin sonuna qədər eyni vəzifədə qalmamalıdırlar. Müəyyən vəzifə tutan şəxslər zaman-zaman dəyişməlidirlər. Bunun nümunəsini ortaya qoyduq. Maksimum azad, ədalətli, demokratik, şəffaf başqanlıq seçkisi keçirildi. Hesab edirəm ki, Müsavat Partiyası bununla Azərbaycan cəmiyyətinə çox böyük xidmətini göstərdi. Bu hadisədən həyəcanlananlar, narahat olanlar və Müsavatdan kənarlaşanlar da oldu. Bu da onların seçimidir, ediləsi bir şey yoxdur.

-Çıxanlara qarşı bir incikliyiniz varmı?

-Mən hər kəsin seçiminə hörmətlə yanaşmağa adət etmişəm. İnsanlar müstəqil şəkildə qərarını qəbul etməli və bunun məsuliyyətini daşımalıdır.

-Milli Şura Rüstəm İbrahimbəyovun işığına yığışmışdı. Onun təşəbbüsü ilə yaradıldı, sonra parçalandı. Mən xronologiyanı sadalamaq niyyətində deyiləm. Bu gün Rüstəm bəy xərçəng xəstəsidir, onunla əlaqələriniz qalır?

-Heç vaxt onunla yaxın telefon əlaqələrim olmayıb. Demişəm, bir daha da sizin vasitənizlə bəyan edirəm: Allahdan ona şəfa diləyirəm!

-Heç vaxt münasibətiniz olmayıbsa, bəs Milli Şuraya görə onu niyə dəstəkləyirdiniz? Ancaq onun Azərbaycana gəlməsi məsələsində prinsipial mövqe ortaya qoydunuz.

-Məsələ sizin dediyiniz şəkildə deyil axı. Mən demədim ki, münasibətimiz olmayıb. Rüstəm İbrahimbəyov Milli Şura ideyasını səsləndirib. Həmin Milli Şura ideyasının səslənməsi bizim dəfələrlə etdiyimiz təklifin gerçəkləşməsi üçün bir imkan idi. Biz dəfələrlə demişdik ki, özünə arxayın olan bütün siyasətçilər iddialarını ortaya qoyub, müstəqil şəkildə seçkidə iştirak etməlidirlər. Ya da, bunu istəmirlərsə, demokratik düşərgə bir araya gəlib, bitərəf şəxslərdən birinin namizədliyini irəli sürərək seçkilərdən iştirak etməlidir. Rüstəm İbrahimbəyovun da Milli Şura təklifi bizim mövqeyimizə uyğun gəldiyi üçün biz bunu həyata keçirmişik.



-Gəncənin deputatı Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni təhqir etdi. Onun bu iddialarını hansı arqumentlə darmadağın edəcəksiniz?

-Cəmiyyət və mətbuat ona da, bu cür düşüncədə olanlara da, çox sərt, aydın şəkildə cavablar verdi. Hər kəs dərsini aldı.

-2018-ci ildə prezident seçkiləri olacaq. Yenə də prezidentliyə namizəd olmaq istəyirsiniz?

-Müsavat Partiyasının qurultayı 2014-cü ildə mənim namizədliyimi irəli sürüb. Təbii ki, bir qədər erkən qərardır. O da yekdilliklə qəbul etdikləri, müəyyən siyasi səbəblərlə bağlı qərar idi. Amma 2018-ci ilə qədər zaman var, yaşayarıq, görərik.

-2018-ci il prezident seçkilərində Milli Strateji Düşüncə Mərkəzinin AXCP ilə əməkdaşlıq şəraitində, vahid namizədlə seçkilərə qatılması zərurəti yaransa, bu ideyanı dəstəkləyərsiniz?

-Xeyli zamanı qabaqlayan sual verirsiniz. Ona görə də tələsməyək.

-Vaxtınızı ayırıb sualları cavablandırdığınız üçün sağ olun.

-Siz də sağ olun!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...