QMİ səfirliyimizə hücumla bağlı bəyanat yaydı

QMİ səfirliyimizə hücumla bağlı bəyanat yaydı
Qafqaz Müsəlmanları İdarəsi ötən gün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bəyanatda deyilir:

“Qafqaz Müsəlmanları İdarəsi ötən gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir. Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən «Mehdinin xidmətçiləri» adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər.

Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrıseçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslav, katolik, yəhudilər - bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcəkdir. Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və səflərimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaq!”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...