İspan qripi 33 milyon insanın ölümünə səbəb ola bilər
Adil Qeybulla: “İspan qripi daha çox ağırlaşmaya səbəb olan və insan orqanizmində daha ciddi fəsadlara yol açan bir qripdir”
“33 milyon insan İspan qripindən öləcək”.
“Microsoft” Korporasiyasının Direktorlar Şurasının sədri Bill Geytsin açıqladığı bu proqnoz insanları dəhşətə gətirib.
Xarici KİV-də yer alan məlumatlara görə, o, "Vox” nəşrinə müsahibədə mümkün infeksiya faciəsinin modelini hazırlayacaq tədqiqatçılar qrupu formalaşdırdığını deyib. Tədqiqatçılar belə qənaətə gəliblər ki, ispan qripi kimi xəstəliklər yayılsa, 250 gün ərzində dünyada 33 milyon insan məhv olacaq.
B.Geyts bildirib ki, xəstəliklərin yayılması baxımından bəşəriyyət tarixində ən təhlükəli mühit yaradılıb. 20 milyon nəfərin yaxın 20 ildə nə ilə məhv edilməsi ilə bağlı sualı cavablandıran korporasiya rəhbəri bir neçə variantı nəzərdən keçirərək vurğulayıb ki, burada fəlakətli filmlərin ssenarisi ağlabatan deyil. Zəlzələ, vulkan püskürməsi və ya asteroidin düşməsi də bəşəriyyəti məhv edə bilməz. B.Geytsin fikrincə, nüvə müharibəsi ehtimalı da azdır.
Dünyanın ən varlı adamı həmçinin iki dünya müharibəsindəki insan itkilərini ispan qripindən ölənlərin sayı ilə müqayisə edərək, ispan qripinin XX əsrdə daha çox insanın həyatına son qoyduğunu vurğulayıb.
B.Geytsin qənaətinə görə, hazırkı şəraitdə istənilən infeksion xəstəliklərin pandemiyasının nəticələri 1918-1919-cu illər İspan qripinin nəticələrindən daha faciəli olacaq: “Bu gün xəstəlik cəmi 60 günə dünya şəhərlərinə yayılacaq. İspan qripi ilə bağlı vəziyyət belə olmayıb. Bu, sərbəst hərəkətlə əlaqədardır: bu gün dövlət sərhədlərini yüz il əvvələ nisbətən 50 dəfə çox insan keçir. Həmçinin bəzi xəstəliklər artıq onlar çoxlu insan həyatına son qoyandan sonra məlum olur. Ebola virusu ilə bağlı vəziyyətdə də belə olub.
Ekspertlər əmindir ki, bu xəstəlik ABŞ-da yayılsaydı, ona dərhal son qoyulardı. Lakin o Afrikada olub. Qvineya epidemiyanı qəbul etmək istəmirdi. Çünki bu, investisiyalar və turizm sahəsi üçün “ölüm” hökmü demək idi”. Qeyd edək ki, indiyə qədər elmə məlum olan ən böyük və dağıdıcı qrip virusu 1918-ci ildə yayılan və İspan qripi adı ilə tanınan H1N1 virusudur. Bu virus 1 il ərzində davam edən epidemiyaya səbəb olub və 20 milyondan 100 milyona qədər insanın ölümünə səbəb olub.
Bu, tibb tarixində Qara ölümdən sonra qeydə alınan ən böyük epidemiya sayılır. İspan qripi, ona yoluxanların 2%-dən 20%-nə qədərinin ölümü ilə nəticələnirdi. Anomal şəkildə güclü təsirə malik olan bu virus hətta Arktikaya və Sakit Okeandakı adalara qədər geniş ərazilərə yayılmışdı. Qriplə mübarizədə ən böyük uğurlardan biri də 1944-cü ildə ABŞ-da qripə qarşı peyvəndin kəşf olunması idi. Hazırda qripə qarşı daha güclü vasitələrin hazırlanması üçün tədqiqatlar aparılır. Bu infeksiyanın qısa zamanda milyonlarla insanın ölümünə səbəb olacağı ilə bağlı iddialara haqq qazandıranlar da var.
Bəs, görəsən Bill Geytsin iddiaları ilə bağlı azərbaycanlı tibb ekspertləri nə düşünürlər? Virusun Azərbaycana gəlmə ehtimalı varmı? İspan qripinin fəsadları nələrdir?
Musavat.com-un suallarını cavablandıran tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, ispan qripi həqiqətən milyonlarla insanın ölümünə səbəb ola biləcək qədər təhlükəli bir virusdur: “İndiyə qədər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 4 karantin infeksiyası müəyyənləşdirilib. Bunlar təbii çiçək, taun, vəba və sarı qızdırmadır. Artıq aparılan vaksinasiya işlərinin nəticəsi olaraq təbii çiçək infeksyasi karantin infeksiyalar siyahısından çıxarılıb, onun yerinə qrip əlavə olunub.
Bu səbəbdən də qripə adi bir xəstəlik kimi baxmaq düzgün deyil, o dünyadakı 4 karantin infeksiyadan biridir. Qripin əlamətləri burunun axması, temperaturun yüksəlməsi, tərləmə və sairdir. Bu əlamətlər el arasında “qrip” adlandırılır. Hər il qripin bir növü peyda olur. Ümumdünya Səhiyyə Təşkilatı bu haqda rəsmi hesabat yayır ki, belə bir qrip epidemiyası yayıla bilər.
Qrip infeksiyası qısa müddət ərzində bir neçə qitəni belə, əhatə edə bilər. İspan qripi daha çox ağırlaşmaya səbəb olan və insan orqanizmində daha ciddi fəsadlara yol açan bir qripdir. Bu infeksiya toxumalara daha tez sirayət edir, hüceyrələrin baryer funksiyasını dağıdır, orqanların funksiyasını pozur və ayrı-ayrı orqanların sıradan çıxmasına gətirib çıxarır.
Əgər bu qrip epidemiyası yayılarsa və təcili tədbirlər görülməzsə, bu dünya əhalisini təhlükə qarşısında qoyar. Məlumdur ki, bütün ölkələrdə insanlar keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunmayıb. Ona görə də İspan virusunun yayılması yüksək sayda insan tələfatı ilə nəticələnə bilər. Hazırda narahatçılıq da bunda ibarətdir.
Bilirsiniz ki, Yer kürəsi əhalisinin böyük əksəriyyəti aclıq keçirir, immun sistemi zəifdir. Bu səbəbdən də ispan qripinin böyük sayda insan tələbatına səbəb olacağı ehtimalı düzgündür. Bu səbəbdən də mümkün qədər yoluxma hallarının sayını azaltmaq, yoluxmuş xəstələri karatinə almaq, müvafiq önləyici tədbirlər görmək, yoluxmuş insanlarda virusun yarada biləcəyi fəsadları minimum endirmək lazımdır”.
A.Qeybulla bildirdi ki, hər bir ölkə bu infeksiyanın yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir: “Çalışmaq lazımdır ki, transsərhəd zonalarında karantin qurulsun, nəzarət gücləndirilsin və virusa yoluxmuş insanlar bir ölkədən digərinə keçməsin. Əhalinin kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatda, yeraltı keçidlərdə xüsusi tədbirlər görülməlidir. Səhiyyə Nazirliyi bununla bağlı müvafiq tədbirlər görməlidir.
İspan qripinin simptomları da digər qrip infeksiyaları ilə eynidir. Yuxarı tənəffüs yollarında parazitlik edən 15-dən yuxarı infeksiya var, bunların hər biri soyuqdəymə və immun sisteminin zəifləməsi nəticəsində fəallaşır və ortaya çıxan əlamətləri biz qrip adlandırırıq. Ancaq elmi dildə bu kəskin respirator xəstəliklər sayılır”.
1574 dəfə oxundu