Respublikaçılar Trampın namizədliyini dəstəkləməyə davam edəcək
ABŞ-da Respublikaçılar Partiyası Donald Trampın prezidentliyə namizədliyini dəstəkləməyə davam edəcək. APA-nın “Politico”ya istinadən verdiyi məlumata görə, bu barədə Respublikaçılar Partiyası Milli Komitəsinin sədri Reyns Pribas deyib. “Münasibətimizdə heç nə dəyişməyib və biz bütün səviyyələrdə bu seçki kampaniyasına cəlb olunmuşuq. Kampaniyanın aparılması barədə birlikdə qərar veririk”, - deyə o vurğulayıb.
Pribas Trampın partiyanın dəstəyini itirməsi barədə məlumatları şayiə adlandırıb. Onun sözlərinə görə, digər namizədin axtarılması barədə söhbət belə olmayıb.
Qeyd edək ki, D. Trampın 11 il əvvəl qadınlar barədə təhqiramiz ifadələrinin əks olunduğu videoçarx ABŞ-da rezonansa səbəb olub. Həmin videoçarx yayıldıqdan sonra sutka ərzində 40-dək nüfuzlu respublikaçı onu dəstəkləməkdən imtina edib. Respublikaçılar Partiyası rəhbərliyinin Trampın namizədliyinə baxılması üçün partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verdiyi barədə məlumatlar da yayılıb. Tramp seçki kampaniyasını davam etdirəcəyini bəyan edib. ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.
788 dəfə oxundu