Belarus Avropa Oyunlarına cəmi 30-40 milyon dollar ayıracaq
Belarus 2019-cu il Avropa Oyunlarının keçirilməsi üçün 30-40 milyon dollar xərcləməyi planlaşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə Belarusun idman və turizm naziri Aleksandr Şamko bildirib. “Avropa ölkələrinin olimpiya komitələri idmançıların transfer, uçuş xərclərini ödəyəcək. Teletranslyasiya məsələsinə Beynəlxalq Olimpiya Komitəsi nəzdində yaradılan kanalda baxılacaq. Xərclərin bir hissəsi Avropa Olimpiya Komitəsinin üzərinə düşür. Bazis var, bizdə binalar, qurğular hazırdır, infrastruktur yaradılıb. Və beynəlxalq ekspertlərin hesablamalarına görə bizim xərclərimiz 30-40 milyon dolları keçməyəcək”-nazir deyib.
Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə qeyri-rəsmi məlumatlara görə 5 milyard dollar xərclənməsini (rəsmi büdcə 1.1 milyard dollar olub) Belarus naziri onunla izah edib ki, bu ölkə bütün infrastrukturu “praktiki olaraq sıfırdan” yaradıb. “Bizim Oyunları keçirmək üçün infrastrukturumuz var. Birbaşa xərclər ancaq təşkilati işlərlə bağlı olacaq”-Şamko bildirib.
791 dəfə oxundu