Türkiyənin əfsanəvi polisinin adı “FETÖ” işində
90-cı illərin ən qaranlıq dövründə Türkiyə polisinə rəhbərlik etmiş Mehmet Ağar hökumətin qəzəbinə tuş gəlib
90-cı illərdə Türkiyənin daxili işlər və ədliyyə naziri postlarını tutmuş Mehmet Ağar qiyam komissiyasında ifadə verib. Ancaq M.Ağarın çalışdığı dövrdə polis sistemində fətullahçı kadrların olmadığını söyləməsi hökumətin sərt təpkisinə səbəb olub. Baş nazir Binali Yıldırım bildirib ki, qiyam istintaqı ilə bağlı həbs olunan önəmli şəxslərin bir çoxu Ağarın zamanında polisdə mühüm vəzifələr tutub, rəis postlarına təyin olunublar.
Baş nazir bildirib ki, Mehmet Ağar 1993-96-cı illərdə DİN Baş Polis İdarəsinin rəisi olub. Onun sözlərinə görə, bu gün FETÖ istintaqı çərçivəsində həbs olunan şəxslərin əsas hissəsi Ağarın kadrı olub. Qeyd edək ki, 15 iyul qiyama cəhddən sonra başladılan istintaq nəticəsində polis sistemindən minlərlə insan işdən çıxarıb, onlarla yüksək rütbəli rəislər də daxil olmaqla şəxs həbs olunub. Hazırda hökumət son 30 ildə (1986-cı ildən bu yana – K.R) hökumət orqanlarına sızmış gülənçilərin ifşa olunması prosesini aparır. Bununla bağlı bir sıra rəsmi şəxslər, o cümlədən sabiq hökumət rəsmiləri də ifadə verir. Ancaq Ağarın həqiqətən də bu prosesdə hansı rolu oynadığı məlum deyil. Türkiyənin ən qalmaqallı polis şefinin FETÖ-çularla hansı bağlarla bağlı olması da suallıdır. Ancaq görünür ki, uzun illərdən sonra Ağarın yenidən yada düşməsi onunla hələ də haqq-hesabın qaldığını göstərir.
Mehet Ağar Türkiyənin ən həssas və mürəkkəb dövründə hüquq-mühafizə sisteminə rəhbərlik etmiş şəxsdir. Onun zamanında hökumət orqanlarına nə qədər gülənçi sızması məlum deyil, amma Ağarın adı uzun zaman “dərin dövlətin” əsas siması, dərin gücün adamı kimi hallanıb. Ağar ailəsi polis sistemindən gəlir. 1951-ci il təvəllüdlü Mehmet Ağar atası kimi polis orqanlarını seçir. 1972-ci ildə Ankara Universiteti Siyasət Bilimləri Fakültəsini bitirdikdən sonra polis sistemində işə başlayan Ağar bir müddət prezidentin mühafizə xidmətində (Türkiyədə yüksək dövlət rəhbərlərini polis qoruyur – K.R) işə başlayır. Daha sonra bir müddət İznik, Selcuk və Torol rayonlarında kaymakam vəzifəsini tutan Ağar daha sonra İstanbula təyinat alır və 5 il İstanbul Baş Polis İdarəsində şöbə müdiri işləyir. 1988-ci ildə Ankaraya polis rəisi vəzifəsinə təyin olunub. Bir neçə ildən sonra isə İstanbula polis rəisi təyinatı alır. Ankarada siyasi dairələrə yaxın əlaqələri olan M.Ağar 1992-ci ildə Ərzuruma vali təyin olunur, ancaq bu təyinat qısa müddət davam edir. 1993-cü ildə baş nazir seçilən Tansu Çillər M.Ağarı DİN Baş Polis İdarəsinə rəis təyin edir.
Məhz M.Ağarın polis rəisi olduğu zaman PKK-ya qarşı geniş mübarizə planı hazırladığı, terror təşkilatının maliyyə qaynaqlarının çökdürülməsi, eyni zamanda terrora qarşı mübarizə məqsədilə xüsusi təyinatlı polis qüvvələrinin gücləndirilməsi təklifləri Türkiyədə məşhur idi. Ağarın “terroru 1 ilə yox edəcək” planı o zaman PKK-ya qarşı böyük savaşın simvolu idi. Ancaq Ağarın qurduğu polis xüsusi təyinatlı qüvvələri həm də ittihamlara hədəf oldu. Türkiyədə işgəncələr və bir sıra məşhur adamların, o cümlədən jurnalist Uğur Mumcu, Muammer Aksoy kimi şəxslərin açılmamış qətl cinayətləri də Ağara qarşı ittihamlar arasında idi. Ona qarşı ən ciddi ittihamlardan biri də mafiya qruplarına qanunsuz silah verilməsini təşkil etməsi idi. Daha sonra həm artan ittihamları, həm də polis sistemindəki rəqabət səbəbindən polisdən ayrılan Mehmet Ağar 1995-ci il seçkilərində Tansu Çillərin partiyasından millət vəkili seçilərək siyasətə qatılıb.
Baş nazir Tansu Çillərin ən yaxın kadrlarından olan M.Ağar ANAP-DYP koalisiyası hökumətində ədliyyə naziri postu tutub. Ancaq onun dövründə 12 siyasi məhbusun aclıq edərək həbsxanada ölməsindən sonra Ağar postundan istefa verib. Daha sonra isə Rifah Partiyası və Doğru Yol Partiyasının hökumət koalisiyasında daxili işlər naziri postu tutan Ağar baş nazir Nəcməddin Ərbakan hökumətində bir müddət çalışdıqdan sonra istefa verib.
Mehmet Ağar barəsində ən qalmaqallı ittiham onun “Susurluk” qəzası ilə bağlı tutduğu mövqe olub. Qəza zamanı uzun illər axtarışda olan Abdullah Çatlı ilə eyni maşında olan Hüseyn Kocadağı müdafiə edərək Çatlını ifadə vermək üçün apardığını iddia edən Ağar ciddi tənqidlərlə üzləşib və istefa verməyə məcbur qalıb. 1996-cı ildə üzə çıxan rəsmi sənədlərdə isə Ağar tərəfindən verilən yaşıl pasport və silahlar vasitəsilə cinayətkar dəstə qurulduğu və bu dəstənin adam qaçırma, narkotik ticarəti kimi fəaliyyətlərə qarışdığı məlum olub. Eyni zamanda “Susurluk” qəzasında ölən Abdullah Çatlının üzərindən çıxan silaha rəsmi icazənin birbaşa Ağar tərəfindən verildiyi, imzanın ona məxsus olduğu ekspertiza tərəfindən təsdiqlənib. Ancaq barəsində məhkəmə iddiaları qəbul olunmayıb və cəza almayıb. 2002-ci ildə Doğru Yol Partiyasının sədri seçilən Ağarın siyasətdə bəxti gətirmir. 2007-ci il seçkilərində baryeri keçə bilmədiyi üçün partiya sədri postundan istefa verib.
Qeyd edək ki, M.Ağar Türkiyə siyasətinin ən mürəkkəb dövrünün qaranlıq şəxsiyyətlərindən biri kimi tarixə düşüb. Onun polisdəki fəaliyyətləri, mürəkkəb, qaranlıq bir dövrdə sui-qəsdlər, gizli müharibələr, terror savaşlarının ən ağır dövründə Türkiyə polisinə rəhbərlik etməsi haqqında çoxlu sayda əfsanələrin yaranmasına səbəb olub. “Dərin dövlətin prezidenti” adlandırılan Ağarın prototipi “Kurtlar Vadisi” serialında canlandırılıb.
837 dəfə oxundu