Saakaşvilinin həyat yoldaşı deputat mandatından imtina etdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs deputat mandatından imtina edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, S. Rulovs Gürcüstan parlamentinə seçkilərdə “Vahid Milli Hərəkat” partiyasının siyahısı üzrə ikinci yerdə olub. Məlumata görə, S. Rulovs “Vahid Milli Hərəkat” partiyası parlamentdə 27 yer aldıqdan sonra seçkilərin nəticələrinə görə parlamentin deputatı olub. O, majoritar deputatlığa namizəd kimi iki turda - 8-30 oktyabr seçkilərində iştirak edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti Sandra Rulovsun mandatdan imtina etməyi barədə MSK-ya məlumat verdiyini bildirib. MSK bildirib ki, deputatın mandatını ləğv etməyə yalnız parlament səlahiyyətlidir.
Deputat mandatından imtina etdikdən və parlament onun deputat səlahiyyəti dayandırdıqdan sonra MSK onun yerinə siyahı üzrə gələn deputatı parlamentə təqdim edə bilər. Gürcüstan MSK-dan verilən məlumata görə, Sandra Rulovsdan sonra “Vahid Milli Hərəkat” partiyasının siyahısı üzrə 28-ci yeri tutan Kaxetinin eks-qubernatoru Georgi Qviniaşvili parlament üzvü ola bilər.
828 dəfə oxundu